Əli Əhmədov: "Nə daxildəki, nə də kənardakı qüvvələrin Azərbaycanda sabitliyi pozmaq imkanları mövcud deyil"

"Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur və biz Azəraycanda hər hansı bir formada Tunis və Misirdəkinə bənzər hadisələri proqnozlaşdırmırıq". SİA-nın verdiyi xəbərə görə, bu barədə Yeni Azərbaycan Partiyası icra katibi-sədr müavini, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. O əlavə edib ki, belə bir vəziyyətin yaranmasına heç bir əsas görmürəm. Onun sözlərinə görə, bu gün istər ölkənin daxilində, istərsə də ölkədən kənarda Azərbaycanda sabitliyi istəməyənlər var. "Mən qəti şəkildə bildirmək istəyirəm ki, Azərbaycanın nə daxilindəki, nə də ki, kənardakı qüvvələrin çox ciddi əsaslara söykənən sabitliyi pozmaq imkanları mövcud deyil. Ola bilsin ki, istəkləri var, amma mən bunu xəyallar sferasına aid edirəm. Azərbaycan vətəndaşları ölkədəki ictimai-siyasi sabitliyi yüksək qiymətləndirirlər. Bunun üçün öz vətəndaş mövqelərini ortaya qoymağa hazırdılar",- deyə o əlavə edib.
Daha sonra açıqlaması zamanı Əli Əhmədov ABŞ və Böyük Britaniya səfirliklərinin öz ölkələrinin Azərbaycandakı vətəndaşlarına terror təhlükəsizliyi ilə bağlı etdiyi xəbərdarlığa da münasibət bildirib. O həmin diplomatik korpusların xəbərdarlıq edərkən nəyə istinad etməsindən xəbərsiz olduğunu dilə gətirib. YAP icra katibinin sözlərinə görə, bu xəbərdarlığı yayanlardan nəyə, hansı əsaslara istinad etdiyini soruşmaq lazımdır: "Kimlərinsə Azərbaycanda ictimai-siyasi sabitliyi laxlatmaq kimi cəhdləri ola bilər, amma açıq şəkildə bildirmək istəyirəm ki, Azərbaycanda nə ölkə vətəndaşları üçün, nə də Azərbaycanın qonaqları üçün hər hansı bir təhlükənin olması ilə bağlı heç bir əsas yoxdur. Azərbaycandakı sabitlikdən həm ölkə vətəndaşları, həm də əcnəbi insanlar faydalanır. Bundan sonra da ölkədəki sabitliyə, onun daha da möhkəmlənməsinə çalışmalıyıq, əsası olmadan səsləndirilən bəyanatlara da hər bir Azərbaycan vətəndaşı öz münasibətini bildirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə