"Həmsədrlər prinsipallıq nümayiş etdirsəydilər..." RƏY-ÖZƏL

"Həmsədrlər prinsipallıq nümayiş etdirsəydilər..." RƏY-ÖZƏL

“Onsuz da Ermənistan indiyədək danışıqlarda heç bir konstruktiv mövqe tutmayıb. Bu baxımdan işğalçının münaqişənin həlli ilə bağlı hazırkı yanaşması adi hala çevrilib. BMT kimi mötəbər bir təşkilatın qətnamələrinə məhəl qoymayan dövlətdən digər razılaşmalara əməl etməsini gözləmək sadəlövhlük olardı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Bir sıra böyük dövlətlərin, o cümlədən Minsk qrupu həmsədrlərinin Ermənistanda geosiyasi maraqlarının olduğunu deyən politoloq bildirib ki, Ermənistan da bundan sui-istifadə edərək işğalçı fəaliyyətini davam etdirir.

Politoloq söyləyib ki, əgər ATƏT-in Minsk qrupunun həmsədrləri öz maraqlarını arxa plana atıb beynəlxalq hüquq, ədalət mövqeyindən münaqişəyə yanaşıb prinsipiallıq nümayiş etdirsəydilər, münaqişə çoxdan öz ədalətli həllini tapardı.

N.Məmmədovanın fikrincə, bu tip münaqişələr o vaxt ədalətli həllini tapmış kimi görünür ki, regionda marağı olan böyük dövlətlərin maraqları ilə ziddiyyət təşkil etməsin, yaxud həmin dövlətlər öz aralarında sövdələşib razılığa gəlsinlər və ya onlardan biri digərini regiondan uzaqlaşdırıb, məsələn Balkanlarda ABŞ-ın etdiyi kimi Rusiyanı oradan sıxışdırıb istədiyi sülh şərtini irəli sürərək münaqişəyə son qoysun: “Əks halda Ermənistandan konstruktiv yanaşma gözləmək əbəsdir və bundan sonrakı sülh səyləri də vaxt itkisindən başqa bir şey vəd etməyəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə