"Radikal müxalifət siyasi vampirdir" ÖZƏL-ŞƏRH

"Radikal müxalifət siyasi vampirdir" ÖZƏL-ŞƏRH

“Azərbaycan müxalifətinin qeyri-adi hərəkətlərindən biri onun Dağlıq Qarabağ məsələsinə münasibətidir. Müxalifət ancaq vay-şivən, qan və mənfi olan hər şeyi axtarır. Bu tip informasiyalar da müxalifət qəzetlərinin manşetində verilir. Ermənistan müxalifətinin Azərbaycan müxalifətindən fərqi ondadır ki, erməni müxalifəti Dağlıq Qarabağ problemi ilə əlaqədar həm beynəlxalq təşkilatlara, həm də Ermənistanın məsələ ilə əlaqədar üzv olduğu bütün qurumlara müraciət ünvanlayır”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, erməni müxalifəti xaricdə yaşayan ermənilərlə də Qarabağla bağlı məsələlərdə əməkdaşlıq nümayiş etdirir: “Amma Azərbaycan müxalifəti bu məsələini tamamilə yadından çıxarıb. Müxalifət Dağlıq Qarabağ münaqişəsinin həll olunması istəmir. Müxaliflər elə zənn edirlər ki, məsələni hakimiyyətə gəldikdən sonra yalnız onların özləri həll edə bilərlər. Müxalifət Qarabağı yalnız iqtidarı şərləmək üçün istifadə etməyə çalışır. Amma müxalifət həqiqətən ağıllı siyasət yürütsəydi, münaqişəni beynəlxalq səviyyədə qabardardılar.

Cəmil Həsənli kənara çıxan kimi ancaq, Azərbaycan haqqında qeyri-qanuni məlumatlar verməklə məşğuldur. C.Həsənli bir dəfə də olsun, Azərbaycanın maraqlarını satdığı ölkələr qarşısında Dağlıq Qarabağ münaqişəsini qaldırmayıb. Belə olan halda C.Həsənli cəmiyyət arasında sevilən şəxsiyyətə çevrilərdi. Tək Cəmil Həsənli yox, bütün Azərbaycan müxalifəti bu gündədir. Azərbaycanın pis gündə olması onlara ləzzət verərdi. Azərbaycan müxalifəti siyasi vampirdir. Əsas məqsədləri də qan içməklə hakimiyyətə gəlməkdir. Müxalifət iqtidarın ayağının büdrəməsini gözləyir ki, vampir kimi başının üstünü kəsdirsin. Siyasi vampirlikdən əl çəkmədikcə, müxalifət nə Azərbaycan cəmiyyətinin hörmətini qazanacaq, nə də ki, beynəlxalq aləmdə onu ciddi qəbul edəcəklər. Sonuncu prezident seçkisi göstərdi ki, onlar piyadadırlar. Müxalifət nəinki Biləcəridən, heç "Şamaxinka"dan aşağı düşə bilmir. 9 mikrorayon səviyyəsindən yuxarı qalxa bilmir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə