"Azərbaycan artıq beynəlxalq tədbirlərin ev sahibinə çevrilib" RƏY-ÖZƏL
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq mühüm beynəlxalq tədbirlərin ev sahibinə çevrilərək həmin tədbirləri yüksək səviyyədə keçirmək qabiliyyətinə malik olduğunu bütün dünyaya göstərir. Ölkəmizin iqtisadi gücü, sabitliyi, inkişafı buna imkan verir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Azərbaycanın bir çox mədəni, siyasi, idman, iqtisadi tədbirlərə ev sahibliyi etdiyini deyən deputat söyləyib ki, bura qlobal, humanitar forumları, Birinci Avropa, İslam oyunları Formula 1, Avroviziya və digərləri daxildir: “Bildiyiniz kimi yaxın günlərdə Avropa Liqasının final mərhələsi də Bakıda keçiriləcək. Bunun özü mötəbər tədbirdir”.
İ.Məmmədov deyib ki, idman yarışları içərisində dünyada xüsusi rəğbətə malik olan Formula 1 yarışının artıq 4-cü dəfə Azərbaycanda keçirilməsi ölkəmizin inkişafından xəbər verir: “Formula 1 kimi yarışa hər ölkə ev sahibliyi edə bilmir. Belə yarışlar daha çox inkişaf etmiş ölkələrdə keçirilir. Bu baxımdan Azərbaycan dünyaya sübut edib ki, o sabitlik, təhlükəsizlik adasıdır. Bundan başqa illər ərzində Azərbaycanda yaradılan infrastruktur layihələri də ölkəmizin mühüm tədbirlərə sahiblik etmək imkanı yaradıb”.
Deputat vurğulayıb ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri eyni zamanda turizm potensialına istiqamətlənib: “Bunların nəticəsidir ki, hər il ölkəmizə gələn turistlərin sayı artır. Bu bizim müsbət imicimizin göstəricisidir”.
İ. Məmmədov qeyd edib ki, Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda da öz əksini tapır: “Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə də Azərbaycan dünyada müxtəlif indikatorlara görə yüksək pillələrdə qərarlaşıb. Bu indikatorları seçmək bir adam tərəfindən həyata keçirilən və ya başqa yollarla əldə olunan iş deyil. Bu ümumdünya reytinqidir və həyata keçirilən işlərə əsasən da qiymət verilir. Azərbaycanın yüksək pillələrdə qərarlaşmasının əsas səbəbi illərdir həyata keçirilən islahatlar, yaradılan infrastrukturdur. Sabitlik, əmin-amanlığın olması isə xalq-iqtidar birliyi ilə bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB