“Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” TƏDBİR-VİDEO-FOTOLAR-YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin vitse-spikeri Bahar Muradova, deputatlar, tarixçilər və digər qonaqlar iştirak ediblər.

YAP-ın sədr müavini Əli Əhmədov tədbiri giriş sözü ilə açaraq deyib ki, 100 ildən çoxdur ki, bəşəriyyət tarixi bir yalanla üz-üzədir: “Bu, qondarma “erməni soyqırımı”dır. Bunu yalnız yalan və uydurma sahəsində xüsusi təcrübəsi olanlar edə bilər. Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir. Qondarma “erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur. Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır. Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır. Bu yalana qarşı qoyulmalı olan həqiqətlər isə 100 ildən çoxdur unudulur və bu barədə danışmaq istəmirlər".

Baş nazirin müavini əlavə edib ki, Türkiyənin müxtəlif bölgələrində, Azərbaycanda ermənilər tərəfindən qırğınların törədilməsi, əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, etnik təmizləmə siyasətinin həyata keçirilməsi bu həqiqətin bir hissəsidir: "Nəhayət, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq insanın etnik təmizləməyə məruz qalması bəşəriyyətin susduğu, haqqında danışmaq istəmədiyi reallıqlardandır”.

Ə.Əhmədov vurğulayıb ki, Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, həqiqətin öz yerini tapmasının artıq vaxtıdır: “Türk millətinin tarixində heç bir zaman utanılacaq hadisə baş verməyib. Qondarma “erməni soyqırımı"nın dünyaya yaymağa çalışılması tarixə qarşı ədalətsizlikdir. Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”.

E.Özoralın sözlərinə görə, bəzi dünya ölkələrinin qondarma “erməni soyqırımını” gündəmə gətirməsi haqsızlıqdır: “Qoy tarixçilər bunu araşdırsınlar. Biz Türkiyə olaraq arxivləri açmışıq, istənilən şəxs gəlib arxivlərdə araşdırma apara bilər. Ancaq ermənilərin arxivləri bağlı saxlanılır. Bu günə qədər 34 türk dilomatı ASALA terror təşkilatı tərəfindən qətlə yetirilib, Xocalıda günahsız insanlar ermənilər tərəfindən öldürülüb. Bunların hesabı verilməlidir, günahkarlar cəzalarını çəkməlidirlər”.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov ermənilərə qarşı soyqırımı törədilməsi ilə bağlı dünyada heç bir sübut olmadığını vurğulayıb: "Ancaq bu gün Şərqi Anadoluda, Azərbaycanın müxtəlif ərazilərində kütləvi məzarlıqlar var. Özbəkistanda belə daşnaklar türklərə qarşı soyqırımı törədiblər. Ermənilər sonuncu dəfə Balkan yarımadasında yaşayıb, Bizans imperiyasına keçiblər. Bizansa xəyanət etdikdən sonra İrana gəlib, Armeniya adlı ərazidə yaşayıb, adlarını da buradan götürüblər. Ermənilər Kiçik Asiyanın qədim etnosu deyillər. Ermənilər Urmiya ətrafında 500 minə qədər azərbaycanlını qətlə yetiriblər. Yəni Şərqi Anadoluda etdikləri əməlləri Cənubi Azərbaycanda da ediblər. Naxçıvanda da qanlı əməllər törədiblər. Amma Naxçıvanda əhali birləşib, müqavimət göstərib, öz dövlətlərini yaradıblar. Bu gün də dünyada erməni terror təşkilatları var".

Y.Mahmudov 26 Bakı komissarlarının Bakıdakı məzarı açılan zaman məhkəmə-tibbi ekspertiza nəticəsində həmin məzarda orada Şaumyanın olmadığının üzə çıxdığını xatırladıb: "Azərbaycan Kommunist Partiyası da daşnak özəkləri əsasında yaradılmışdı. Şaumyan partiyaya müsəlmanların qəbul edilməsinə imkan vermirdi, Nəriman Nərimanov bunun üzərini açdı. Bakıda qətliam törədilən zaman Şaumyan Leninə teleqramında yazıb ki, daşnakların qüvvələrindən istifadə edilib, əks halda Bakı azərbaycanlıların paytaxtı olacaqdı. Bir məqamı da xatırladım. Osmanlı imperiyası xəyanət edən erməniləri ona görə Şərqi Anadoludan köçürülüb ki, Rusiya ilə müharibədə maneələr olmasın. Şərqi Anadoludan 500-600 min erməni köçürülüb, 2-2,5 milyon erməninin öldürüldüyü haradan çıxdı? Serj Sərkisyan və Robert Köçəryan tək Xocalıda deyil, Dağlıq Qarabağın digər bölgələrində soyqırımlarda iştirak etdiklərini etiraf edirlər".

Millət vəkili Fəzail Ağamalı Deportasiya və Soyqırımı Araşdırma Mərkəzinin yaradılmasını təklif edib. O, 1989-cu il dekabrın 5-nin Qərbi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasını təklif edib. F. Ağamalı həmin tarixdə artıq Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində 1 azərbaycanlının belə qalmadığını xatırladıb.

Demokrat İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycana qarşı aparılan müharibənin məqsədinin etnik təmizləmə olduğunu vurğulayıb: "Çar Rusiyasının kəşfiyyatı tərəfindən ilk erməni terror təşkilatları 19-cu əsrin ortalarında Tbilisidə yaradılıb. Bu gün Qarabağı Azərbaycandan ayırmaq üçün bizim vəhşi obrazımızı yaratmağa, ermənilərlə bir yerdə yaşamağın mümkün olmadığını təlqin etməyə çalışırlar. Məsələn, Kosovanın müstəqilliyini məhz serblərlə birgə yaşayışın mümkün olmadığını əsas gətirərək tanıyıblar. Bir neçə gün əvvəl Fransa prezidenti Makron qondarma "erməni soyqırımı" ilə bağlı qərar qəbul etdi. Bunun arxasında "sarı jiletlilər" hərəkatının rəhbərliyində əslən erməni olan müavinin olması durur. Almaniyada 40-50 min erməni, ancaq 2 milyona qədər türk yaşayır. Ancaq Bundestaqa qondarma "erməni soyqırımı" ilə bağlı saysız əsərlər təqdim edilib, biz türklər isə komanda kimi hərəkət etmirik".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hakim partiyanın təşəbbüsü ilə qondarma erməni soyqırımı ilə bağlı siyasi partiyaların iştirakı ilə tədbir keçirilməsini yüksək qiymətləndirib: "1918-ci il və sonrakı hadisələrdə niyə daşnaklar silahlı olur, 6-7 diviziyası olub, bizim olmayıb? Biz bunun üzərində düşünməliyik. Əhməd Ağaoğlunun rəhbərliyi ilə yaradılan Difai hərəkatı ermənilərin törətdiyi soyqırımların qarşısını almaq üçün yaradılıb. Diaspor təşkilatlarımız hər şeyi dövlətdən gözləyir, erməni diaspor təşkilatları isə Ermənistan dövlətinə kömək edir. Bu gün Türkiyədə qondarma "erməni soyqırımı" ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməsinə, bu yöndə işlərin daha aktiv aparılmasına ehtiyac var. Nuru Paşanın adına təqaüdlər təsis etməliyik ki, bu millətin müqavimət ruhu daim olsun".

Millət vəkili Rauf Əliyev deyib ki, Ermənistan dünya erməni diasporunun dəstəyi ilə dünya ictimaiyyətini öz yalanlarına inandırmaq üçün hər cür vasitələrə əl atırlar: “Ancaq son illər möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan müdrik daxili və xarici siyasət, Azərbaycanın Beynəlxalq aləmdə artan nüfuzu ermənilərə qarşı aparılan informasiya müharibəsinin genişləndrilməsinə və gücləndirilməsinə şərait yaratmışdır. Artıq bu sahədə Azərbaycan tədricən üstünlüyə nail olur. İnanırıq ki, ermənilərin Dağlıq Qarabağ məsələsi ətrafında apardığı təcavüzkar, işğalçı siyasəti tezliklə iflasa uğrayacaq və haqq-ədalət qalib gələcək. Bunun üçün hər bir azərbaycanlı tutduğu vəzifədən, dünyanın harasında yaşamağından asılı olmayaraq Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmalıdırlar. Əsl mühribədə qalib gəlməkdən öncə informasiya müharibəsində qalibiyyəti təmin etməliyik”.

YAP İdarə Heyətinin üzvü Kərim Kərimov isə diqqətə çatdırıb ki, 100 ildən artıqdır ki, ermənilər hər il aprelin 24-də öz xəyanətkar əməllərini ört-basdır etmək üçün “erməni soyqırımı” cəfəngiyatı ilə Osmanlı İmperiyasını ittiham edərək hay-küy kampaniyası aparırlar: “Əslində aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq ölkədə cinayətkar fəaliyyətinə görə “Daşnak” və “Hnçak” partiyalarının rəhbərləri həbs olunub. Tarixi faktlar, arxiv materialları da sübut edir ki, həmin şəxslər yalnız həbs olunublar. Ermənilərin bəhs etdiyi köçürülmə hadisəsi də bu tarixə təsadüf etmir”.

Tədbirə müzakirələrlə yekun vurulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə