"Uğurlarımıza qısqanclıqla yanaşan antiazərbaycançı şəbəkələr var" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, zamanın tələbinə uyğun olaraq gənclər siyasəti haqqında fərman və sərəncamların verilməsi, gənclər siyasəti ilə bağlı qanuna əlavə və dəyişikliklərin edilməsi və s. tələbat yarandıqca daim olub. Təbii ki, bu proses bundan sonra da davam edəcəkdir. Burada da əsas məqsəd dövlətin diqqət və qayğısını daha yaxından göstərmək, eləcə də Azərbaycan dövlətinin gənclər siyasətinə vermiş olduğu önəmin göstəricisidir". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

"Çox təəssüf ki, bu kimi uğurları gözü götürməyən, qısqanclıqla yanaşan antiazərbaycançı şəbəkələr vardır. Amma onların sayı azdır. Bu qüvvələrin işləri ancaq və ancaq ağa qara deməkdən ibarətdir. Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun strukturu dəyişdirildi və Fonda əlavə vəsait ayrıldı. Bu vəsaitdə gənclərin bir çoxunun təhsil haqqı ödənilməsindən tutmuş bir çoxunun xaricdə təhsil alması və qrant layihələrinin maliyyələşdirilməsidir. Təbii ki, bunlar hamısı Azərbaycan gəncliyinə xidmət edir. Ona görə də düşünürəm ki, antiazərbaycançı şəbəkələrin bu kimi işlərə kölgə salması ən azından vicdansızlıqdır. Hətta deyərdim ki, bu, Azərbaycan gəncliyinə qarşı düzgün olmayan mövqedir. Bir sözlə, “Görünən dağa bələdçi lazım deyil!”. Bunlar hamısı mütəmadi olaraq həyata keçirilib və bundan sonra da keçiriləcəkdir. Vəsaitimiz, dövlətimizin iqtisadi gücü artdıqca, təbii ki, ayrılan vəsaitin də məbləği və miqyası artırılmaqdadır. Artıq Gənclər Fondu getdikcə böyük bir şəbəkə halına gəlib və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bir çox layihələri həyata keçirir. Bunlar birbaşa cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən layihələrdir”,-deyə, YAP GB sədri fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə