Bahar Muradova: “Qərəzli fikirlərə qəti etiraz edirik və keçirilən seçkilərə obyektiv mövqenin sərgilənməsini vacib hesab edirik”

Bahar Muradova: “Qərəzli fikirlərə qəti etiraz edirik və keçirilən seçkilərə obyektiv mövqenin sərgilənməsini vacib hesab edirik”

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda 2010-cu il noyabrın 7-də keçirilmiş parlament seçkiləri ilə bağlı yekun hesabatını hələ təzə açıqlayıb və bunu dəqiq öyrənmək lazımdır. Əlbəttə, öyrənməmişdən qabaq orada obyektivliyə söykənməyən bəzi fikirlərin olduğu bizə məlum idi. İndi artıq bizim imkanımız var ki, bunu dərindən öyrənək. Hər birinə ayrılıqda cavabımız hazırdır. Qərəzli mövqeyə olan münasibətimiz birmənalı şəkildə mənfidir". Bu fikirləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, ATƏT-in Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyəti 2010-cu il noyabrın 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə dair hesabatla bağlı öz fikirlərini söyləyəcək: "Birmənalı olaraq qərəzli fikirlərə qəti etiraz edirik və nəinki Azərbaycan, ümumiyyətlə, dünyanın hər yerində keçirilən seçkilərə obyektiv mövqenin sərgilənməsini vacib hesab edirik".

 

B. Muradova bildirib ki, ATƏT DTİB-nin müşahidəçiləri yanaşı qurumun Parlament Assambleyasının, Avropa Şurasının, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların ilkin rəylərində seçki prosesi və səsvermə müsbət qiymətləndirilib: "Azərbaycanda seçkilər azad və demokratik şəkildə keçirilib. Bu seçkilər Azərbaycan xalqının siyasi iradəsini ifadə edib".

Bütün xəbərlər Facebook səhifəmizdə