Azərbaycanın qətiyyətli mövqeyi Ermənistanı təşvişə salıb TƏHLİL
İlham Əliyev: "Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistan dövlətçiliyinin iflasıdır"
Son günlər Ermənistan mətbuatında Nikol Paşinyan hakimiyyətinin siyasətini tənqid edən yazıların sayı artıb. Ekspertlər rəsmi İrəvanın səriştəsiz xarici siyasət yeritdiyindən daha açıq bəhs edir, baş nazir Nikol Paşinyanın xalqla qeyri-səmimi davrandığı barədə yazırlar. Konkret olaraq, erməni ictimaiyyətinin Dağlıq Qarabağla bağlı danışıqlarda nələrin müzakirə edildiyindən xəbərdar olmadığı haqqında informasiyalar yayılır. Hakimiyyət nümayəndələrinin bunları gizlətməsinin səbəbini anlamağa çalışırlar. Burada maraqlı olan özünü xalqın içindən çıxmış siyasətçi hesab edən və bu şüar altında hakimiyyətə yiyələnən N.Paşinyanın reallığı xalqdan gizlətməsidir. Aydın görünür ki, baş nazir və komandası öz cəmiyyəti ilə səmimi olmağı bacarmır. Səbəb nədir?
Doğrudan da, hər bir ölkə öz siyasi lideri ilə tanının və sözünü deyir. Bu gün Azərbaycan xalqı və dövləti xoşbəxtdir ki, müstəqil Azəbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev və bu siyasəti davam etdirən Onun layiqli davamçısı Prezident İlham Əliyev kimi qətiyyətli rəhbəri var. Son 16 ilə nəzər salsaq, görərik ki, daxili və xarici siyasətin bütün prioritet istiqamətlərində rəsmi Bakı son dərəcə səmərəli kurs həyata keçirib. Azərbaycan dövlət olaraq inkişaf edib, müstəqillik daha da möhkəmlənib. Çoxlu sayda beynəlxalq layihələrdə Azərbaycan təşəbbüskar və əsas iştirakçı kimi fəaldır. Nəqliyyat-logistika layihələrində Bakının xüsusi yeri vardır. Uzaq Çindən tutmuş Rusiya və İran da daxil olmaqla, Avropaya qədər geniş bir məkanda Azərbaycanın sosial-iqtisadi, mədəni, geosiyasi, enerji və s. təhlükəsizlik məsələlərində rolu daim yüksəlir.
Bunun fonunda Ermənistan səbatsız, ziddiyyətli və uğursuz xarici siyasəti ilə yadda qalıb. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə, bu proses daha da dərinləşib. Uzun müddətdir ki, Rusiyanın havadarlığına sığınmış bir ölkə ağasını dəyişmək qərarına gəlibsə, onun hansı təşkilatda hörməti ola bilər? Bu da mümkün deyildir.
Deməli, Azərbaycana və Ermənistana olan münasibətlərdə fərqlərin olması təsadüfi deyil. Hər bir şeyin öz konkret səbəbi vardır. Bax, bu, ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edir və eyni zamanda, qonşu dövlətlərə olan əsassız ərazi iddialarından birdəfəlik əl çəkir. Bu halda, Ermənistan xilas ola bilər. Erməni siyasi liderləri Ermənistanın xilas olmasını istəyirlərmi? Bu suala cavab aydın deyil.
Paşinyanın ətrafı nə etdiyini bilmir
Xüsusilə də, erməni müdafiə nazirinin bir-birinə zidd bəyanatları nədən xəbər verdiyi də bilinmir. Necə deyərlər, şap elə bilir şupdadır, şup da elə bilir ki, bütün günahlar Nikoldadır. Elə Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni diasporu ilə görüşdə söylədiyi fikirlərə diqqət yetirmək kifayətdir. Tonoyan əvvəlcə Azərbaycanı yeni müharibə ilə təhdid edərək, "Yeni müharibə, yeni ərazilər" bəyanatını verir, Paşinyan də bu bəyanata dəstək ifadə edir. Bu günlərdə isə, D.Tonoyan sözlərini dəyişərək, bu dəfə sülhdən danışaraq, verdiyi "müharibə" bəyanatından geri çəkilib bildirir ki, Azərbaycan və Ermənistan orduları müharibəyə deyil, sülhə hazırlaşmağa çalışmalıdırlar.
Ekspertlərin sözlərinə görə, Ermənistan müdafiə nazirinin bir həftənin içində, öncə, Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələməsi, sonra Azərbaycan və Ermənistan ordularının müharibəyə deyil, sülhə hazır olmasını bəyan etməsi, erməni hakimiyyətinin səriştəsizliyin nəticəsi olduğunu bildirirlər.
Elxan Şahinoğlu: "Tonoyan 180 dərəcə fərqli "biz sülh istəyirik" deyirsə, bu açıqlamanın da arxasında Nikol Paşinyanın istəyi dayanır"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, bu gün Tonoyan 180 dərəcə fərqli "biz sülh istəyirik" deyirsə, bu açıqlamanın da arxasında Nikol Paşinyanın istəyi dayanır. Çünki özü də son çıxışında sülhün vacibliyindən ağız dolusu danışıb. Paşinyanın və onun nazirlərinin tez-tez mövqelərini dəyişməsi Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir: "Paşinyan özü də etiraf
etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirib, keçmiş danışıqların təfərrüatlarını dəqiqləşdiriblər. Elə Paşinyanın Azərbaycan Prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu. Bu arada, ən doğru açıqlama Paşinyanın xanımından gəlib. Erməni baş nazirin xanımı deyib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb. Bəli, illərdir biz də bunu deyirik. Böyük ehtimalla xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə hakimiyyətini laxladar, ona görə də, xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır".
Bax budur Azərbaycan diplomatiyası qarşısında Paşinyanın diz çökməsi. Baş verənlər ondan xəbər verir ki, işğalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz. Hücum diplomatiyası + snayperlərimizin dəqiq atəşləri davam etməlidir və bu gün atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir də. Deməli, Paşinyan bununla manevr siyasəti aparır. Çünki mərhələli həll planında maraqlı deyil. Paşinyan çalışır ki, münaqişənin həllində danışıqlar prosesi davam edərək, status-kvo qorunsun. Bu da keçmiş hakimiyyətin siyasətinin davamıdır. Ancaq Paşinyan anlamalıdır ki, Azərbaycan bu kimi danışıqlara imkan verməyəcək. Əgər bir ölkəyə quldur dəstə rəhbərlik edirsə, bu siyasətin sonu yoxdur.
"Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir"
Bu faktor əsas amildir. Çünki bir ölkəyə quldur dəstə rəhbərlik edirsə, o, ölkənin gələcəyindən danışmağa belə dəyməz. Azərbaycan Prezidenti İlham Əliyev çıxışdarında erməni tərəfinə dəfələrlə sərt xəbərdarlıqlar edərək bildirib ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar".
Prezident İlham Əliyev onu da bildirib ki, işğalçı ölkədə korrupsiyaya qurşanmış oğru rejiminin hökm sürdüyünü erməni xalqı da deyir: "Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir".
Beləliklə, siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdə naşı olan Paşinyanın nala-mıxa vurması ölkədə hansısa yenilik vəd etmir. Əksinə, ermənilər daha aydın görürlər ki, onların rifahı, ümumiyyətlə, xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayana, işğal faktına son qoyulmayana qədər Azərbaycan Ermənistanın dövlət olaraq çöküşünü davam etdirəcək.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB