Uğurları şərtləndirən amil: İlham Əliyev - Xalq birliyi DƏYİRMİ MASA - YENİLƏNİB - SƏS TV
Bu mövzuda "Səs" qəzetinin redaksiyasında dəyirmi masa keçirilib
Bu gün "Səs" qəzetinin redaksiyasında "Uğurları şərtləndirən amil: İlham Əliyev - Xalq birliyi" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masa 2018-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərindən ötən bir il ərzində Cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, siyasi, hərbi və digər sahələrdə əldə olunan uğurlara həsr olunmuşdu.
Dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, iqtisadçı-ekspert Vüqar Bayramov iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev açaraq, ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən artıq bir il ötdüyünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərdə növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbəyə nail olmasını ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən uğurlu addımların atılması ilə xarakterik yeni uğurlu islahatlar mərhələsinə keçidə təminat vermiş olduğunu diqqətə çatdırdı: "2018-ci ilin prezident seçkilərindən ötən bir ildə uğurlu sosial islahatlar və vətəndaş rifahına xidmət edən addımlar atılıb. Təkcə bu ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi vətəndaşların rifahına ciddi dəstək olan inqilabi addımların atılmasına imkan verib. Bildiyiniz kimi, Fransanın nüfuzlu "Opinion Way" sorğu mərkəzi fevral və mart aylarında Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə geniş rəy sorğusu keçirib. "Opinion Way" kimi müstəqil bir şirkət tərəfindən həyata keçirilən sorğuda respondentlərə təqdim olunan bütün suallara verilən cavablarda dövlət başçısına göstərilən yüksək etimad, bir daha sübut edir ki, Azərbaycan vətəndaşı ölkə rəhbərinin həyata keçirdiyi siyasəti dəstəkləyir. Bildiyiniz kimi, bu gün Azərbaycan həm sosial, həm siyasi, həm də iqtisadi sahədə dünyaya inkişafın yeni modelini nümayiş etdirir. Son 1 ildə Azərbaycan Prezidenti bütün bunlarla yanaşı, liderin vətəndaşlara olan münasibətinin də yeni modelini ortaya qoymuş oldu. Belə ki, dövlət başçısının müxtəlif görüşlərdə, tədbirlər çərçivəsində, baş verən hadisələr zamanı vətəndaşların yanında olması, onların problemlərinin həllinə operativ şəkildə reaksiya verməsi, problemləri onların öz dillərindən öyrənməsi artıq bütün dünya üçün yeni model və təcrübədir. İstərdim ki, bugünkü dəyirmi masada dövlət başçısının son bir ildə həyata keçidiyi genişmiqyası işlərə, eləcə də, şirkətin apardığı sorğunun nəticələrinə diqqət yetirilsin".
Sonra B.Quliyev tədbir iştirakçılarına mövzu ilə bağlı sual etdi:
- Hikmət müəllim, ötən bu bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini necə dəyərləndirərdiniz?
HİKMƏT BABAOLĞU:
- Prezident İlham Əliyevin fəaliyyətini Fransanın nüfuzlu "Opinion Way" şirkətinin sorğusunda görürük. "Opinion Way" 8 blok üzrə suallar müəyyənləşdirib. Birinci dörd blokda qiymətləndirmədə müsbət rəy 90 faizə yaxındır. Digər 4 blokda isə 80 faiz ətrafındadır. Bu, o deməkdir ki, əgər bir il bundan əvvəl, Cənab İlham Əliyev - 2018-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərində seçicilərin mütləq səs çoxluğu ilə 86,02% möhtəşəm qələbə qazanmışdırsa, bu il bu seçkilər keçirilsəydi, bu bir neçə faiz daha yuxarı olacaqdı. Azərbaycan vətəndaşları dövlət başçısının bir illik fəaliyyətini yüksək qiymətləndirirlər. Əslində, "Opinion Way" şirkətinin sorğusuna ehtiyac qalmadan belə, sosial müşahidə qabiliyyəti olan və cəmiyyətdə ictimai rəyin nəbzini tutmağı bacaran insanlar gördülər ki, həqiqətən də, nəticələr belədir. "Opinion Way"ın elan etdiyi nəticələr əvvəlcədən görünən idi. Görək, respondentlərin qiymətləndirdikləri ən başlıca cəhətlər nədən ibarətdir? Sorğuya 2500-dən artıq respondent cəlb olunub. Rəyi soruşulanların təxminən 90 faizdən çoxu, ilk növbədə, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi Prezident İlham Əliyevin fəaliyyəti ilə əlaqələndirir və bunu yüksək qiymətləndirirlər. Mən düşünürəm ki, bu bir il bundan əvvəlki seçicinin və bugünkü respondentin Azərbaycandakı ictimai-siyasi prosesə şüurlu yanaşmasının göstəricisidir. Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkün deyil. Dünənki Azərbaycan seçicisi, bugünkü respondent nəyi və nə üçün qiymətləndirdiyini gözəl dərk edir.
İkinci mühüm məsələ 90 faiz ətrafında regionların sosial inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir. Bu məsələlərə nəzər salsaq, bunu zəruri edən mətləblərin, məsələlərin haradan gəldiyini görəcəyik. Bir il əvvəl prezident seçkiləri keçirildi və Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev öz seçki platformasını elan etdi. Burada vətəndaşa müqayisəli təhlil və seçim verildi. İki hissədən ibarət olan platforma "nələri etmişik və nələri edəcəyik" blokunda qruplaşdırılmışdır. "Nə etmişik" kateqoriyasında 2003-cü ildən başlayaraq, 2018-ci ilə qədər həyata keçirilən dövlət proqramları, islahatlar, iqtisadiyyatımızın artması və digər məsələlər var.
Doğrudan da, regionlarımızın inkişafı daima Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq, ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır. Abad yollar, qaz və elektrik enerjisi ilə təchizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və s. Buna paralel olaraq, regionların iqtisadi zonalara bölünərək hər iqtisadi zonanın xarakterinə uyğun modern iqtisadiyyatın qurulması kimi işlər yeni reallıqlar formalaşdırıb.
"Nə edəcəyik" blokunda isə görülən işlərin davam etdirilməsi idi. Diqqət etsək, görərik ki, verilən vədlərdə reklam və populist xarakterli heç bir vəd yox idi. Vəd verilməmişdi ki, yaranmış olan problemli kreditlərlə bağlı problemlər həllini tapacaq. Vəd verilməmişdi ki, 1990-cı ilin əvvəlindən qalan şəhid ailələrinə birdəfəlik müvinətlərin verilməsi ilə bağlı məsələ həllini tapacaq.
Heç şübhəsiz ki, sosial sahədə inqilabi islahatların aparılması da respondentlərin diqqətindən kənarda qalmayıb və növbəti yüksək rəy alan blokda öz əksini tapıb. Təqaüdlərin artırılması, Qarabağ veteranlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əmək haqqlarının orta aylıq
əməkhaqlarına yaxınlaşdırılması, problemli kreditlərin həll olunması və digər bu kimi məsələlər vətəndaşlarımızın müsbət rəy ifadə etməsini təmin edibdir. Eyni zamanda, idarəetmədə aparılan islahatlar, xarici siyasət, ordu quruculuğu işlərindəki böyük uğurlar da respondentlər tərəfindən yüksək qiymətləndirilib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Lider kimi xarekterinin göstəricisidir.
BƏHRUZ QULİYEV:
- "Opinion Way" keçirdiyi sorğuda respondentlərə təqdim olunan bütün suallara verilən cavablarda dövlət başçısına göstərilən yüksək etimad, bir daha sübut edir ki, Azərbaycan vətəndaşı ölkə rəhbərini, Onun həyata keçirdiyi siyasəti dəstəkləyir. Vüqar müəllim, son bir ildə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
VÜQAR BAYRAMOV:
- Son bir il ərzində görülən işlərə nəzər salarkən, təbii ki, iqtisadi sahədə həyata keçirilən islahatlara da nəzər salmaq lazımdır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatları qiymətləndirərkən, diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın 2015-ci ilədək ölkə infrastrukturunu formalaşdırmasını həyata keçirməsidir. Bu ildən başlayaraq, həyata keçirilən islahatlar isə özünü daha çox formalaşdırılan infrastrukturun dəyərə çevrilməsi və müəyyən islahatların yeni keyfiyyət mərhələsinə qədəm qoyması ilə ehtiva etdi. 2018-ci ilin aprel ayından sonra, yəni son 1 ildə həyata keçirilən islahatların dairəsi kifayət qədər böyüyüb. Bu müddət ərzində həyata keçirilən islahatların beynəlxalq qiyməti də, digər illərlə müqayisədə daha fərqli idi. Görülən işlər nəticəsində, Azərbaycan Dünya Bankının hazırladığı "Doing Business 2019" hesabatında dünyanın 25 ən yaxşı investisiya mühitinə malik olan, eyni zamanda, 10 ən çox islahat aparan ölkələr sırasına daxil olub. İnvestisiya mühitinə görə, dünyada 25-ci olmaq, praktiki olaraq, son 1 ildə aparılan iqtisadi islahatlara beynəlxalq qiymət kimi də xarakterizə oluna bilər.
Yalnız Dünya Bankı deyil, eləcə də digər qurumların, Davos İqtisadi Forumu tərəfindən hazırlanan Qlobal Rəqabətlilik hesabatında da Azərbaycanın mövqeyinin daha da yaxşılaşması müşahidə olunur. Hesabata görə, Azərbaycan inklüziv inkişafa görə, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk üçlüyə daxildir ki, bu da MDB məkanı və eləcə də, regionda ən yaxşı göstərici kimi xarakterizə olunur.
Son bir ildə həyata keçirilən iqtisadi islahatlara diqqət yetirsək, 2018-ci ilin sonu və 2019-cu ilin əvvəllərində islahatların genişləndirilməsini müşahidə etdik, bunların hər biri idarəetmə sistemində çevikliyin artırılmasına xidmət edən islahatlardır. 2018-ci ildə Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirələr zamanı ölkə başçısı tərəfindən iqtisadi islahatlarla bağlı müəyyənləşdirilən istiqamətlərdən biri gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin həm vergi, həm gömrük sistemi ilə bağlı fəaliyyətin şəffaflaşdırılması istiqamətində konkret tapşırıqları oldu. Nəticədə, 2018-ci ildə gömrük sistemindən dövlət büdcəsinə daxil olmalarda kəskin artım müşahidə olundu, 2019-cu il Azərbaycanda yeni vergi islahatları ilə başlandı. Bir tərəfdən, mikro və kiçik sahibkarlara yeni güzəştlərin tətbiq edilməsi, gəlir vergisinin 7 il müddətinə sıfırlanması, qeyri-neft sektorunda çalışanların gəlir vergisindən azad olunması, həm də qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi idi. Bundan başqa, son 1 ildə iqtisadiyyatın daha da şəffaflaşması, liberallaşması, elektron xidmətlərdən daha çox istifadə edilməsini müşahidə edirik ki, burada məqsəd vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsidir.
Əldə olunan nailiyyətlər iqtisadi sabitliklə bağlıdır. Ölkədə son bir ildə iqtisadi sabitlik qorunub-saxlanılıb.
MUSTAFA ABBASBƏYLİ:
- Son bir ərzində çox ciddi islahatlar aparılır. Bütün sahələrdə olduğu kimi, uğurlu sosial islahatlar da həyata keçirilir. Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi, məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam isə Prezident İlham Əliyevin siyasi fəaliyyətində, məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir.
Seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu.
Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrılıb. Ötən il noyabrın əvvəllərindən bu günədək onlardan, artıq 6200-ə yaxın şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
"2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır", - deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri Onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb.
Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən, 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq, bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.
Sərəncamın icrası üçün, əlavə olaraq, illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir.
Eyni zamanda, 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq, 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 14 fevral 2019-cu il tarixli Sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu.
Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioriet kimi müəyyən edən Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli Fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.
MUSTAFA ABBASBƏYLİ:
- Prezident İlham Əliyevin sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq, 180 manata çatdırılması oldu. 600 min, o cümlədən, dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrılacaq. Minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım, eyni zamanda, qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına müsbət təsirini göstərir.
19 fevral 2019-cu il tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu. Beləliklə, ötən dövr ərzində Prezident İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi.
Bütün qeyd edilən bu və ya digər amillər Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyevin seçkilərdən sonrakı ötən bir ildə reallaşdırdığı uğurlu sosial islahatlar paketinin nailiyyətləri olmaqla, ölkədə sosial inkişaf proseslərinin son bir ildə daha da güclənərək, vətəndaş rifahında ciddi müsbət dəyişikliklərə əsas yaratdığını göstərir.
BƏHRUZ QULİYEV:
- Dövlətin həyata keçirdiyi hərtərəfli siyasətin ən vacib komponentlərindən birini də dövlət-gənclər siyasəti təşkil edir. Gənclər siyasəti əsasən, gənclərin intellektual səviyyəsinin artırılmasını, gənclərimizin elmə, təhsilə yiyələnmələrinə nail olunmasını, onların azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsini və digər məsələləri özündə ehtiva edir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir. Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının bir nümunəsi elə bu ilin fevralında Gənclər Günü ilə bağlı onlarla keçirdiyi görüşü oldu. Bu görüş gənclərə bir stimul verdi. İstərdim ki, Əli müəllim, bu gün ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətini xarakterizə edəsiniz.
ƏLİ MƏMMƏDOV:
- Azərbaycan Prezidenti İlham Əliyevin ötən bir il ərizində həyata keçirdiyi gənclər siyasətinə nəzər salarkən, təbii ki, ötən 15 il ərzində görülən işlərə diqqət yetirilməlidir. Çünki gənclər siyasəti ən vacib strateji siyasətlərdən biridir. Bu gün ölkəmizdə gənclər siyasətini həyata keçirmək üçün hüquqi baza mövcuddur. Dövlət başçısının gənclərlə bağlı sərəncamları, həyata keçirilən dövlət proqramları onların hərtərəfli inkişafına yönəlib. Gənclərin hərtərəfli inkişafı, təşkilatlanması, dövlət idarəetməsində və seçkili orqanlarda təmsilçiliyi, gənclərin sosial problemlərinin həllində misilsiz işlər həyata keçirilib. Eləcə də, Prezidentin Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" Azərbaycan dövlət-gənclər siyasətinin gələcək təminatının daha bir təzahürüdür. Bu fundamental strategiya Azərbaycan gəncliyinə olan böyük etimadın və onlardan olan gözləntinin əyani göstəricisidir.
Prezident İlham Əliyevin bu il Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizin gəncləri ilə görüşdə səsləndirdiyi fikirlər, bir daha dövlətin gənclərimizə olan münasibətini əks etdirdi. Dövlət başçısı Azərbaycan gənclərində zamanın müasir tələblərinə cavab vermək üçün iki vacib komponentin olmasını tezis şəklində irəli sürdü, bunlardan biri təhsil, digər isə milli vətənpərvərlik ruhudur. Birinci Azərbaycan gəncini dünya gənci ilə rəqabətdə güclü edəcək, ikincisi isə, onu bir azərbaycanlı kimi qlobal proseslərdə assimilyasiyadan qoruyacaq.
15 illik tarixi mərhələli proses nəticəsində gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğı göstərilir.
Bu gün gənclərin hərtərəfli inkişafından söhbət gedirsə, ilk növbədə, milli ideologiyanın təbliği məsələsinə diqqət yetirilir. Azərbaycançılıq ideologiyasının təbliği yerlərdə həyata keçirilir. Keçirilən tədbirlər, dəyirmi masalar və görüşlərdə onlara vətənpərvərlik ruhu aşılanır, azərbaycançılıq ideologiyası və dövlətimizin həyata keçirdiyi hərtərəfli siyasət aşılanır.
Müasir dünyamızda, ilk növbədə, gənclərdə vətənə sevgi böyük olmalıdır. Milli ruh yüksək olmalıdır. İntellektual və təhsilli yetişən gənclərimiz gələcəkdə Azərbaycanı müxtəlif sahələr üzrə təmsil edəcəklər.
BƏHRUZ QULİYEV:
- Ölkəmiz, ötən bir il ərzində, dövlət başçısının rəhbərliyi ilə, bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də böyük uğurlara nail olunub. Hikmət müəllim, "Opinion Way"ın keçirdiyi sorğuda, bildiyimiz kimi, Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələr də yüksəkdir. Sorğuda iştirak edənlərin 89,9 faizi xarici siyasətlə bağlı olan sualı müsbət cavablandırıb. "Opinion Way"ın sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir.
HİKMƏT BABAOĞLU:
- Əgər son 1 il müddətində Azərbaycanın xarici siyasətini qiymətləndirməyə çalışsaq, görərik ki, ölkəmiz bu müddətdə çox mürəkkəb mərhələdən keçib. Bir il müddətində, bütövlükdə, regionda, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələ yaranmışdı. Bu mərhələdə tərəflərin öz mövqelərini dəqiqləşdirilmələri kimi yeni sürpriz ortaya çıxdı. 2018-ci ildə Ermənistanda yeni baş nazir sistemi yarandıqdan sonra yeni hakimiyyət Ermənistanı işğal məsuliyyətindən kənarda saxlamaq üçün müxtəlif siyasi manipulyasiyalar ortaya atmağa başladı. Çılpaq bir həqiqət ondan ibarətdir ki, danışıqlar prosesində biz, əslində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyindən daim narazıyıq və bu narazılıq ən yüksək səviyyədə dilə gətirildi. Çox təəssüf ki, biz bəzi hallarda bu siyasi kaprizlərə ATƏT-in Minsk Qrupu həmsədrlərinin loyal münasibətini də gördük. Burada Azərbaycan Prezidenti sərt hücum diplomatiyası həyata keçirdi. İlk növbədə, problemi həll etməli olan, bunun üçün BMT Təhlükəsizlik Şurasından mandat almış ATƏT-in Minsk Qrupunun həmsədrləri formatının dəyişməzliyi ilə bağlı bəyanat verdilər. Bu, çox mühüm məsələ idi. Amma bundan əvvəl biz Avropa İttifaqının da bu istiqamətdə mövqeyinin şahidi olduq. Onlar qeyd etdilər ki, format dəyişilə bilməz, problem sülh yolu ilə və mövcud formatda aparılmalıdır. Regionumuzun və dünyanın ən böyük hərbi-siyasi təşkilatı olan NATO-nun rəhbərliyi də bununla bağlı eyni fikri təkrar etdi. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan öz manipulyasiyasına son qoymaq məcburiyyətində qaldı. Şübhəsiz ki, bu diplomatik səylər Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilir.
Ümumiyyətlə, xarici siyasət dedikdə, hər şeydən öncə, Azərbaycan vətəndaşının və seçicisinin ağlına gələn ilk fikir ərazi bütövlüyümüzün bərpa edilməsidir. Bunun üçün xarici siyasət bir alətdir. Amma bu, hamısı deyil. İlk növbədə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün mükəlləf olan Azərbaycan Ordusudur ki, bu ordu quruculuğunda da mühüm işlər həyata keçirilib. İkinci komponent isə xarici siyasətdir. Ancaq bunların hamısının güc aldığı mənbə xalq-iqtidar birliyi və iqtisadi inkişafdır. İqtisadi inkişaf olmasa, bu sahədə islahatlar aparılmaz, iqtisadi islahatlar aparılmadan əhalinin sosial problemləri həll oluna bilməz. Bu problemlər həll olunmasa isə, xalq-iqtidar birliyindən danışmaq olmaz. Bu baxımdan, xalq-iqtidar birliyini təmin edən əsas məsələ Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaşlarımızın mənafeyinin dayanmasıdır ki, bunu Cənab Prezident dəfələrlə qiymətləndirib.
VÜQAR BAYRAMOV:
- 11 aprel prezident seçkilərindən sonrakı növbəti ayda Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin rəsmi açılışı, eləcə də, bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi ötən ilin, iqtisadi baxımdan, ən yaddaqalan hadisələrindən biri oldu. Bütövlükdə "Cənub Qaz Dəhlizi" vasitəsi ilə Azərbaycan Avropa və Türkiyəyə ötürüləcək mavi qazın həcmi 31 milyard kubmetr olacaq. Azərbaycan bu dəhliz vasitəsi ilə Türkiyəyə, əlavə olaraq, 7 milyard kubmetrə yaxın mavi qaz, Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetrdən artıq mavi qaz nəql edəcək.
Bakı-Tbilisi-Qars dəmir yoluna gəlincə, bildirim ki, bu, kifayət qədər əhəmiyyətli bir layihə idi. Onun reallaşmasında da xeyli çətinliklər var idi. Sözügedən dəmir yolu xətti Azərbaycanın qeyri-neft məhsullarının Türkiyə və digər ölkələrin bazarlarına çıxmasına imkan yaradıb.
Onu da bildirim ki, eyni zamanda, qeyri-neft sektorunda da bir sıra layihələr reallaşıb. Belə ki, sənaye parklarının açılması, xüsusən, regionlar üçün əhəmiyyətli olan layihələrin icrası kimi xarakterizə olunur.
Son bir ərzində reallaşan layihələrə diqqət yetirsək, görərik ki, bu layihələr təkcə region üçün deyil. "Cənub Qaz Dəhlizi" Avropa üçün yeni alternativ mənbədir. Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşması Şərq-Qərb Nəqliyyat Dəhlizinini reallaşmasına töhfə verəcək və artıq verir. Bu kontekstdə son bir ildə reallaşan layihələr, məhz regionda təhlükəsizliyin və sülhün təməl daşının möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bütün bunlar, xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB