Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər Fondu, "Zəfər" İctimai Birliyinin təşkilatçılığı ilə Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini həsr olunan "Vətən bizə əmanətdir!" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkilləri, şəhid ailələri və digərləri iştirak ediblər.
Tədbirdə "Şəhidlərimiz" adlı videoçarx nümayiş etdirilib. Tədbirdə ilk çıxış edən "Zəfər" İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib ki, əsas məqsəd Azərbaycan gənclərinin qəhrəmanlardan örnək almasıdır: "Təşkilatı qurarkən ilk sözüm o oldu ki, mən sizə həyatda çox şey vəd edə bilmərəm, amma şəhidlərimizin unudulmaması üçün əlimizdən gələni edəcəyik. Bir il müddətində hesab edirəm ki, az da olsa məqsədimizə doğru addımlamışıq. Mən inanıram ki qəhrəmanlarımız unudulmayacaq onların xatirəsini yaradacağıq. İnanırıq ki, biz onların xatirəsini Şuşada, Laçın da anacağıq. Biz hər zaman döyüşə hazır olmalıyıq, bu yolda çalışmalıyıq. Təki Azərbaycanımız yaşasın, dövlətimizin qoruya bilək".
S.Alızadə söyləyib ki, biz nə qədər vətənpərvər gənclər yetişdirə bilsək, o qədər Azərbaycan yaşayacaq, var olacaq. Şəhidlərimizin adına markanın yaradıldığını deyən təşkilat sədri markaların bu gündən döviyyədə olduğunu dilə gətirib: "Gün gələcək biz işğaldan azad olunan rayonlarımızda bağlı marka hazır edəcəyik. O zaman şəhidlərimizin ruhu da şad olacaq".
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, Aprel zəfəri Dağlıq Qarabağın Azərbaycanın vaz keçilməz olduğu ilə bağlı haqq səsini bütün dünyaya çatdırmış oldu: "Aprel zəfəri təkcə 2 min kvadratmetr ərazini işğaldan azad olunmayıb, bu proses Ermənistanın necə zəif, qondarma rejim olduğunu ortaya çıxarmış oldu. Bu döyüşlərdən sonra Ermənistanda dövlət çevrilişinə, hakimiyyət dəyişikliyinə gətirib çıxartdı. Prezident İlham Əliyev ötən gün hərbçilərlə görüşündə də qeyd etdi ki, ədalət, hərbi, iqtisadi güc Azərbaycanın tərəfindədir. Əminik ki, Ali Baş Komandamızın rəhbərliyi ilə torpaqlarımızı ya sülh, ya da hərbi yolla ilə işğaldan azad edəcəyik. Hər kəsə Qarabağ zəfərini tezliklə qeyd etməyi arzu edirəm. Bu bizim məqsəddir və buna nail olacağıq".
Tədbirin davamında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyata, sabit bir dövlətə çevrilib. O bildirib ki, dünya tarixində güclü orduların zəfəri çox olub: "Lakin aprel zəfəri Azərbaycan ordusunun qələbəsi kimi tarixə düşdü. Ermənistanın təcavüzkar siyasətini iflasa uğratdı. Həmin dövrdən artıq 3 il ötür. Aprel zəfəri ordumuzun, silahlı qvvələrimizin gücünü, vətən uğrunda hər an fədakarlığa hazırlığını göstərmiş oldu. Döyüşlər göstərdi ki, Azərbaycan 90-ci illərin əvvəllərində olan Azərbaycan deyil".
Xidmət rəisi söyləyib ki, hər bir uğur, zəfər müəyyən itkilərlə nəticələnir: "Lakin bu itkilər gələcək qələbələrə yol açdı. Aprel döyüşlərində qələbələr düşmən üzərində zəfərin başlanğıcı oldu. Bundan sonra Naxçıvanda Günnüt zəfəri bu qələbənin davamı oldu. Bu qələbələrin davamı qarşıdadır. Azərbaycan ordusu işğal altında olan torpaqları hər yolla azad etməyə qadir olduğunu göstərdi. Yürüdülən siyasət nəticəsində bütün dünya həqiqətləri öyrənir. Ardıcıl, məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil".
Son çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib ki, Fondunun əsas məqsədlərindən biri Azərbaycan gənclərinin milli ruhda yetişməsidir. Onu sözlərinə görə, Aprel zəfəri gənclərimizdə milli hisslərin oyanması, yeni layihələrin yaradılmasına təşəbbüslərin yaranmasına səbəb olub: "Bu layihələrdən biri bu günkü tədbirdə təqdim olunan "Şəhidimiz" adlı videoçarxdır. Videoçarxda da gördüyünüz kimi yüzlərlə gəncimiz şəhid ailələrini ziyarət edib, bununla yanaşı sosial şəbəkələrdə 10 minlərlə gənci əhatə edən şəhidlərimizin tanıdılması ilə bağlı kampaniya həyata keçiriblər".
F.Cəfərov qeyd edib ki, Aprel döyüşləri zamanı təmas xəttində gedən döyüşləri izləyənlər həmrəylik nümayiş etdiriblər. Aprel qələbəsi Ali Baş Komandamızın qətiyyəti, əsgərlərimizin ruh yüksəkliyi, zabitkərimizin peşəkarlığı nəticəsində əldə olunub. Yeganə məqsədimiz tarixi torpaqlarımıza qayıdıb orada məskunlaşmaqdır".
Tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB