"Electric Yerevan" hərəkatı təkrarlana bilər

"Electric Yerevan" hərəkatı təkrarlana bilər

Son günlərdə erməni kütləvi informasiya vasitələri və ekspertlər istehlakçılar üçün qaz tariflərinin mümkün artımını müzakirə edirlər. Bəzi nəşrlərə görə, “Qazprom Ermənistan” ilə hakimiyyət arasında aparılan danışıqlar dalana dirənib və bu ölkədə qaz may-iyun aylarında daha bahalı ola bilər. SİA Ermənistana məxsus tert.am saytının məlumatına istinadən xəbər verir ki, enerji məsələləri üzrə erməni ekspert, Rus-erməni (Slavyan) Universitetinin müəllimi Vaqe Davtian hesab edir ki, bu il qaz tariflərinin artması ehtimalı yoxdur və artım gözlənilmir. Bununla yanaşı, o bu fikirdədir ki, 2018-ci ilin sonundan etibarən qazın qiymətinin artması ilə əlaqədar müəyyən itkilərə məruz qalan "Qazprom Ermənistan" hazırda maliyyə risklərini və investisiya proqramını azaltmaq üçün müəyyən addımlar atmalıdır.

“Bildiyimə görə, hazırda 2018-2020-ci illər üçün 32 milyard dram səviyyəsində təsdiq edilmiş investisiya proqramının azalması müzakirə edilir. Bu, 2019-cu ildə "Qazprom" a müəyyən bir sabitliyin qorunmasına imkan verəcək. 2020-ci ilə gəldikdə isə, əlbəttə ki, Rusiyanın Ermənistana münasibətdə həyata keçirdiyi tarif siyasətinin siyasiləşdirilməsinə baxmayaraq, hər hansı bir fərziyyə etmək çox erkəndir ", - deyə V.Mavtyan Rusarminfoya müsahibəsində bildirib.

Erməni ekspertin fikrincə, qaz tariflərinin artması vətəndaşların narazılığına səbəb ola və ölkədə sabitliyə mənfi təsir göstərə bilər.

“2015-ci ildəki presedent haqqında da unutmamalıyıq və o zaman elektrik enerjisinin qiymətinin artması səbəbindən Ermənistanda "Electric Yerevan" hərəkatı təşkil olundu ki, çox tez bir zamanda kifayət qədər ciddi sosial və siyasi çəkiyə malik oldu. Hesab edirəm ki, bu halda da vəziyyət analoji olacaq", - deyə Vaqe Davtian bildirib.

Ekspert qeyd edib ki, bu hipotetik risklərə görə, Ermənistan hakimiyyəti "Qazprom "la təbii qazın mövcud tarifini qorumaq üçün danışıqları davam etdirməyi planlaşdırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə