“Ötən gün Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan ilk rəsmi görüş konstruktiv şəkildə keçirildi”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Son dövrlərdə dövlət rəhbərləri arasında 3 qeyri-rəsmi, xarici işlər nazirləri səviyyəsində 4 görüşün keçirildiyini xatırladan siyasi şərhçi bildirib ki, bu görüşlər əsasən münaqişə tərəflərinin sülh danışıqlarına münasibəti və mövqelərin araşdırılması istiqamətində idi və konkret olaraq məsələnin həlli öz əksini tapmadı: “Bildiyiniz kimi Ermənistan tərəfi ümumiyyətlə görüşlərin keçirilməsini istəmirdi və buna mane olmaq üçün qeyri-adekvat çıxışlar edərək, separatçı qüvvələri üçüncü bir subyekt kimi danışıqlara cəlb etmək istəyirdilər. Lakin onların cəhdlərinin puça çıxması nəticəsində Vyana görüşünün baş tutması müsbət haldır. Bu göstərdi ki, artıq danışıqlar prosesi əvvəlki formatda davam edə bilər”.
A.Nağıyev qeyd edib ki, Vyana görüşdən sonra artıq XİN başçılarına növbəti görüşlərin təşkili ilə bağlı tapşırıqlar verilib: “Görüşlər yaxın müddətdə keçirilməlidir. Əsas məqam ondan ibarətdir ki, qarşıdan aprel ayı gəlir və Paşinyan hakimiyyətinin bir illik hesabatını vermək iqtidarında olmaq üçün Qarabağla bağlı addımlar atmalıdır. Bu baxımdan görüşün keçirilməsi Ermənistan tərəfinə daha çox lazım idi”.
Siyasi şərhçi vurğulayıb ki, yalnız Ermənistan tərəfi konstruktiv danışıqlara hazır olduqdan sonra humanitar məsələlərdən danışmaq olar: “Humanitar məsələ dedikdə üçüncü tərəfin işğal olunan ərazilərdə hansısa humanitar aksiyalar keçirmək anlamına gəlmir. Humanitar məsələlər dedikdə, artıq bir-birinə gediş, gəlişi, insanların sülhə hazırlanması və digərləri nəzərdə tutulur. Bütün bu proseslər sadəcə bəyanat kimi olmamalıdır. Bu insanlar əvvəlcə sülhə hazırlanmalı, daha sonra isə humanitar aksiyalar keçirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB