Paruyr Hayrikyan: “Paşinyan, özbaşına deyilsən” TƏLAŞ

Paruyr Hayrikyan: “Paşinyan, özbaşına deyilsən” TƏLAŞ

Həmsədrlərin bəyanatı erməniləri çaş-baş qoyub

Ermənistan, Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların Madrid prinsipi əsasında həll olunması ilə bağlı ATƏT-in Minsk qrupunun verdiyi son bəyanatı Ermənistan ictimai-siyasi rəyini ciddi şəkildə təlaşlandırıb. Belə ki, bu təlaş erməni mediasında verilən narahatlıqlarla dolu açıqlama və rəylərdən də görünməkdədir.

“Ölkənin müstəqillik və təhlükəsizlik təməlləri möhkəm özüllər üzərində dayanmayıb”.

“Ermənistanda xarici siyasət üzrə dəqiq strategiya olmayıb və indi də yoxdur”. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Milli müqəddəratını təyinetmə” Birliyinin lideri Paruyr Hayrikyan jurnalistlərlə söhbətində deyib. “Ermənistanda hakimiyyət dəyişikliyi baş verərkən və bu eyni zamanda inqilab adlandırılarkən, yeni hakimiyyətin bu vaxta qədər ölkədə yürüdülmüş siyasəti dəyişəcəyini, yenidən nəzərdən keçirəcəyini düşünürdüm”, bildirən erməni siyasətçi əlavə edib: “ Hazırkı dövrdə də ölkənin müstəqillik və təhlükəsizlik təməlləri möhkəm özüllər üzərində dayanmayıb”.

“Bəyanatda elə bir maddə var ki, bilavasitə bizim mövcud hakimiyyətimizin təşəbbüsünə ünvanlanıb”

“Əgər bu bəyanat kimisə narahat etməliydisə, bu yalnız fəaliyyətdə olan hakimiyyəti deyil, digərlərini də narahat etməliydi”, deyən Hayrikyan əlavə edib ki, əslində digərləri bu bəyanatı təbii hesab etməlidirlər. “Hər şeyin tərs getdiyi zaman hər kəs narahatdır, yalnız hakimiyyət rahatdır”, bildirən P.Hayrikyan sözügedən bəyanatdan məhz hakimiyyətin narahat olmalı olduğunu deyib: “ Ona görə narahat olmalıdırlar ki, bu bəyanatda elə bir maddə var ki, bilavasitə bizim mövcud hakimiyyətimizin təşəbbüsünə ünvanlanıb”.

Qeyd edək ki, erməni siyasətçi burada Nikol Paşinyanın “Artsaxın” (Xankəndi-R.N.) danışıqlar tərəfi olması və danışıqlar formatının dəyişdirilməsi fikirlərini nəzərə tutub.

“Bu məsələ narahat olmaq üçün vasitədir”

“Belə bir bəyanatın verilməsi o deməkdir ki, “Nikol Paşinyan, sən belə qərarları özbaşına verə bilməzsən. Sən Azərbaycanla hər şeyi razılaşdırmalısan”. Bu məsələ həqiqətən də narahat olmaq üçün vasitədir”, deyə Ermənistanın “Milli müqəddəratını təyinetmə” Birliyinin lideri Paruyr Hayrikyan bildirib.

Bütün bu kimi münasibətlər isə bir reallığı göstərir. İşğalçı Ermənistanın hakim dairələri ya sağlam qərar verərək, öz vəziyyətini daha da pisləşdirməməli, ya da lüzumsuz dirəniş göstərdikcə, məhvə doğru sürüklənəcəyini anlamalıdır. Daha dəqiq desək, istər beynəlxalq konvensiyalar və qanunlar, istərsə də Azərbaycanın hərbi gücü qarşısında tab gətirə bilməyəcəyini dərk etməlidir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə