MTN-in Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb. Bildirib ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz idi. Xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış Qanlı Yanvar, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir.
Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.
Ziya Yusifzadə baş vermiş qanlı olaylardan dərhal sonra ürəyi hər an Azərbaycanla birgə döyünən ümummilli lider Heydər Əliyevin respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, keçirdiyi mətbuat konfransının əhəmiyyətini qeyd edib. O, ulu öndər Heydər Əliyevin faciəni törədənlərin adlarını açıq şəkildə bildirdiyini, onların cəzalandırılmasını tələb etdiyini də xüsusi vurğulayib. Natiq məhz Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün imzaladığı sərəncamların şəhidlərin xatirəsinə böyük ehtiram olduğunu bildirib.
Akademiyanın rəis müavini, general-mayor İsgəndər Allahverdiyev çıxışında bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə Azərbaycan tarixinə hüzn günü kimi daxil olsa da müstəqillyimizin yolunda yeni mərhələyə cevrildi. Xalqımız öz azadlığı uğrunda mübarizəyə qalxdı və qalib gəldi. Vətənimizin müstəqilliyi ücün canlarını qurban verən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Azadlıq yolunda verdiyimiz qurbanlar, şəhid qanı hədər getməmişdir. Azərbaycanın müstəqilliyi möhkəmlənir, bayrağımız yüksəklərdə dalğalanır. Ölkəmiz sürətlə inkişaf edir. Ordumuzun günü-gündən güclənməsi isə torpaqlarımızın erməni işğalçılarından azad ediləcəyi anı daha da yaxınlaşdırır.
Tədbirdə çıxış edən müdavimlər də 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşmüş, hazırda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının müdavimi, gələcəkdə isə bir zabit olaraq Azərbaycanın müstəqilliyinin dönməzliyi, dövlətimizin daha da qüdrətlənməsi naminə bundan sonra da bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda 20 yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB