"Küçə demokratı"nın son aqibəti belə olmalıdır

"Küçə demokratı"nın son aqibəti belə olmalıdır

Prezident İlham Əliyev diplomatiyası qarşısında Paşinyan məhvə doğru

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqlara tərəf kimi daxil etmək cəhdi uğursuzluqla nəticələnib. Bununla bağlı Paşinyanın Brüsseldə Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanla birgə mətbuat konfransı zamanı səsləndirdiyi "Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səmərəli format tapmaq, ilk növbədə, Dağlıq Qarabağın bu məsələdə iştirakını təmin etmək lazımdır" bəyanatı beynəlxalq təşkilatlar tərəfindən əks-reaksiya doğurub.

Bəli, yenə də sərsəm bəyanatlar, uğursuz gedişlər... Nikol Paşinyanın bu nə birinci, nə də sonuncu bəyanatlarıdır. Politoloqların Nikolu savadsız adlandırmaları faktdır. Belə ki, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mövcud formatın saxlanmasının vacibliyini vurğulaması erməni cəmiyyətində məyusluq yaradıb.

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu məsələyə toxunub və Azərbaycanın mövqeyinin dəyişməz olduğunu və beynəlxlaq hüquqa söykəndiyini bir daha xatırladıb. Dövlətimiziin başçısı Avropa İttifaqı Komissiyasının rəhbərliyi və bir sıra komissarlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsi, mövcud status-kvonun qeyri-dayanıqlı olması, danışıqların mövcud format əsasında davam etdirilməsi və danışıqlara qeyd-şərt qoyulmasının qəbuledilməzliyi barədə ictimai açıqlamalarının məmnunluq doğurduğunu və Azərbaycanın bunu dəstəklədiyini bildirdi. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və

danışıqların formatı dəyişdirilə bilməz. Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən Prezident İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu vurğulayıb. Dövlətimizin başçısı Ermənistan tərəfindən verilən ziddiyyətli rəsmi açıqlamaların qəbuledilməz olduğunu və danışıqlar prosesinə əngəl yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bunu ciddi şəkildə nəzərə almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini qeyd etdi. Bəyanat isə Azərbaycanın qarşı tərəfin destruktiv açıqlamasına reaksiyasıdır.

Minsk Qrupu həmsədrlərinin işində tarixi kulminasiya

ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışıqlar barədə birgə bəyanatla çıxış ediblər. ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanat Ermənistanın indiki hakimiyyətinin bir ilə yaxındır danışıqlar prosesinin formatına dair irəli sürdüyü tezisləri alt-üst edir. Belə ki, həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən, o cümlədən, aktiv hərbi əməliyyatları bərpa etmək çağırışlarından çəkinməyə çağırır. Ermənistana açıq şəkildə bildirilir ki, erməni baş nazirin tez-tez gündəmə gətirdiyi format dəyişikliyi məsələsi heç müzakirə mövzusu belə ola bilməz. Bəyanatda aydın şəkildə vurğulanır ki, digər tərəfin razılığı olmadan format məsələsi müzakirə belə edilə bilməz. Həmçinin, bildirilib ki, Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi il bağlı danışıqların aparılması üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir. Bu da, onu deməyə əsas verir ki, növbəti rəsmi danışıqlarda masanın üzərində konkret yol xəritəsi olacaq və Ermənistan müxtəlif bəhanələrlə prosesdən yayına bilməyəcək. Beləliklə, bəyanat Ermənistanın populist siyasətinin uğursuzluğunun növbəti nümunəsi, Azərbaycan diplomatiysaının isə parlaq qələbəsi sayıla bilər.

Politoloqların sözlərinə görə, Minsk Qrupunun həmsədrlərinin bu açıqlamaları Ermənistana verilən bir siqnaldır. Hazırkı situasiyada Ermənistan iki yoldan birini seçməlidir. Ya həmsədrlərin təklif etdikləri cədvəl üzrə danışıqlara qatılmalı, ya da ondan imtina etməlidir. Ermənistanın hansı qərarı verəcəyindən asılı olmayaraq, yaranmış real vəziyyəti Azərbaycan diplomatiyasının parlaq qələbəsi saymaq olar.

Qabil Hüseynli: "Azərbaycan onun çaldığı hava ilə oynamayacaq"

Onu da vurğulamaq istərdik ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən bu günə kimi Avropaya səfər etməklə və dilənməklə düşdüyü problemlərin həll olunacağı ümidi ilə yaşayıb və hər səfri zamanı ba sərsəm bəyanatlarla çıxışlar edib. Hər dəfə də Azərbaycan tərəfi və həmsədr ölkələr bunun, ümumiyyətlə, müzakirə mövzusu ola bilməyəcəyini qeyd edsələr də, Paşinyan inadından əl çəkmir. Elə Brüsselə edilən səfər zamanı da. Lakin sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Paşinyanın bu sərsəm bəyanatlarının da heç bir mənası yoxdur. Xatırlatmaq istərdim ki, Paşinyan Avropa səfərindən öncə də, belə bir bəyanat vermişdi. Yəqin ki, həmin bəyanatı ilə Avropa qurumlarında format məsələsinin müzakirəsi üçün ilkin zəmin hazırlmaq istəyirmiş. Amma Paşinyan Avropa İttifaqından istədiyini ala bilməyib. Daha doğrusu, Avropa komissarları onun ağzından vuraraq, istəyini ürəyində qoyublar.

Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanın və konkret olaraq, Paşinyanın belə ziddiyyətli bəyanatlar səsləndirməsinin bir məqsədi var, o da sülh danışıqlarını pozmaqdır: "Aydın şəkildə görünür ki, o, sülh danışıqlarına getmək istəmir, ancaq hansısa dialoqdan danışır. O, hansı dialoqdan söhbət aça bilər? Əksinə, indi Azərbaycanın irəli sürdüyü tezis Ermənistanı sülhə məcbur etmək tezisidir, onun içərisində dialoq da, hər şey də var. Bu gün danışıqlar prosesini pozan, danışıqlara qeyri-konstruktiv yanaşan Ermənistandır, ona görə də, Azərbaycan beynəlxalq təşkilatlardan tələb edir ki, Ermənistanı sülh danışıqlarına məcbur etsinlər, çünki ortada BMT-nin 4 qətnaməsi, digər beynəlxalq sənədlər, böyük ölkələrin və qurumların çağırışları var. Ermənistan bunların heç birinə məhəl qoymur, məhəl qoymayan, danışıqlara getmək istəməyən hansı məntiqlə Azərbaycanı dialoqa məcbur etdirmək istəyir? Sən özün sülh danışıqlarına getmirsən, sülh danışıqları da dialoq deməkdir, əksinə, ermənilərə təzyiq göstərib, onları sülh danışıqlarına məcbur etmək lazımdır".

Politoloq hesab edir ki, Ermənistanın son zamanlar tutduğu siyasi xətt sırf qarşıdurmanın qızışdırılmasına yönəlib: "Onlar sülh üçün heç bir mühit yaratmırlar. Qeyd edirlər ki, "sülh əvəzinə, torpaq verəsi deyilik". Guya ki, torpaq bunların dədələrinindir. Bəri başdan hər şeyin içərisinə zəhər qatırlar. Format dəyişikliyi bilirlər ki, mümkün deyil. Bu fikri qəsdən səsləndirib, aranı qatıb, danışıqlar prosesini maksimum dərəcədə pozmaq istəyirlər. Belə olanda, Azərbaycan onun çaldığı hava ilə oynamayacaq. Təbii ki, Azərbaycan öz siyasi xəttini yürüdəcək və Paşinyanın kütbeyin ifadələri ilə qarşılaşdıqda məcbur olacaq ki, sülh danışıqlarından imtina etsin və müharibəyə hazırlaşsın, hərb variantını seçəcək. Ermənilər qulağını açıb, bunu birdəfəlik başa düşməlidirlər. Əgər istəyirlərsə ki, illər boyu bu qarşıdurmalar davam etsin, bəd niyyətlərindən dönməlidirlər".

Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Bu faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil. Ən maraqlı məqam isə, artıq erməni ekspertləri aydın şəkildə bildirirlər ki, nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi- siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin, erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə, itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə