İnqilabi qərarlar -uğurlu nəticələr...

İnqilabi qərarlar -uğurlu nəticələr...

İlham Əliyev: "Mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Məhz bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsi, ilk növbədə, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Prezident İlham Əliyev bütün çıxışlarında bu barədə bildirib ki, Azərbaycanda aparılan siyasətin prioritetlərindən biri onun sosial xarakter daşımasıdır. Ən əsası isə, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi dayanır. Xüsusilə, dövlət başçısının vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fərmanları və qərarları realaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqının 38 faiz artırılması, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də, təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur.

Prezidentin siyasətdə uğur modeli: xalq-dövlət birliyi

Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 15 il müddətində, daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: "Mən bütün azərbaycanlıların prezidentiyəm" şüarını gerçəyə çevirir. Prezident İlham Əliyev uğurlu gedişləri ilə Qərb dairələrinin də diqqətini çəkir. Adı "siyasi məhbus" kimi hallananları əfv edir, sosial narazılığa səbəb olan qərarların ləğvini reallaşdırır və sadə vətəndaşların istəklərini əsas götürərək, ictimai rəyi nəzərə aldığını nümayiş etdirir. Nə bəzi beynəlxalq dairələrin təzyiqi, nə də ki, "söyüş müxalifəti"nin təhqirləri Ona mane ola bilmir. Müxalifətin sözdə bəyan etdiyini dövlət başçısı İlham Əliyev əməldə həyata keçirir.
Ən önəmli məsələlərdən biri də ölkədəki qazlaşdırmanın son 7 ildə 51 faiz səviyyəsindən 93 faizə qalxmasıdır ki, bu ilin sonunadək bu göstəricinin 95 faizə yüksəldilməsi planlaşdırılır. Bu dövrdə, hətta sovetlər dönəmində qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılmışdır. MDB məkanında yeni yolların ən çox çəkilişinə görə də öndəyik. Son bir neçə ildə 11 min kilometrdən çox avtomobil yolu tikilmiş, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur.

Azərbaycanın dünyanı heyran edəcək sosial hədəfi: 2025-ci ilədək ölkədəki evsizlərin sayını minimuma endirmək

Bu illər ərzində maaşlar, pensiyalar və digər sosial ödənişlərlə yanaşı, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanması dünyanı heyran edəcək sosial hədəflir. Məhz bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıbdır. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilməsi, eyni zamanda, sosial siyasətin ən önəmli istiqaməti olan müharibə iştirakçılarının, şəhid ailələrinin, əlillərin, hərbçilərin, alimlərin, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilməsi, bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə, qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənli hiss etməyə sövq edir.
Qətiyyətlə bildirmək olar ki, Prezident İlham Əliyevin yeritdiyi kurs, nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir. Bu isə yüksək səriştə, dönməz siyasi iradə və mükəmməl idarəçilik qabiliyyəti tələb edən xüsusiyyətdir.
Bəli, ölkə başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacibdir. Prezidentin belə yanaşma tərzi Onun siyasi Lider xarakterini vurğulamaqda, yeritdiyi kursun alternativsizliyini bir daha təsdiqləməkdədir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə