"Həmsədrlərin bəyanatı sülh danışıqlarını bərpa edə bilər" ŞƏRH-ÖZƏL
“ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı Paşinyanın sülh prosesində mənasız mərhələni davam etdirmək səylərini qəti şəkildə heçə endirdi”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Paşinyan hakimiyyətə gəldiyi vaxtlardan guya tam yeni Qarabağ kursu aparmaq istədiyinə Ermənistan cəmiyyətini populistcəsinə inandırmağa cəhd göstərdi və nəticədə iflasa uğradı.
Paşinyanın çox sevdiyi format dəyişikliyi taktikası ilə azı iki hədəfi vurmağı planlaşdırdığını deyən ekspert söyləyib ki, o, ilk növbədə danışıqlar prosesində çox uzun bir qeyri məhsuldar mərhələ açmaqla indiki status-kvonun ömrünü daha da uzatmaq istəyirdi: “Bundan başqa Paşinyan sosial-iqtisadi vədləri yerinə yetirə bilmədiyi üçün erməni cəmiyyətini yeni danışıqlar formatı altında aldadıcı taktika ilə sakitləşdirməyi planlaşdırırdı. Bu mənada ATƏT-in Minsk qrupunun həmsədrləri son bəyanatla Paşinyanın daxilə və xaricə hesablanmış planlarına zərbə vurdu”.
A. Quliyev qeyd edib ki, Prezident İlham Əliyev illər öncə Paşinyandan çox-çox güclü erməni prezidentlərinin iradəsini alt üst edərək status-kvonun dəyişdirilməsinin zəruriliyinə bütün dünyanı necə inandırmışdısa, bu gün də format dəyişikliyinin yolverilməzliyinə beynəlxalq mərkəzləri inandıra bildi: “Minsk qrupunun həmsədrləri ərazi bütövlüyünün üstün və həlledici prinsip olduğunu birmənalı diktə etdilər. Bu bəyanatda Ermənistanın təcavüzkar Qarabağ siyasətinin bütün tarixini alt-üst edən müddəalar öz əksini tapdı. İndi dünya aydın görür ki, Dağlıq Qarabağ məsələsində nəticəyə yönəlik məzmunlu danışıqları təxribatlarla pozan məhz Ermənistandır. Həmsədrlərin son bəyanatının Avropa Birliyinin ali komissarlarının aydın mövqeyindən sonra ortaya çıxması bir daha sübut etdi ki, beynəlxalq dairələr münaqişənin həllinin ən optimal və ədalətli həll yolunu bilir. Avropa Birliyi komissarlarının ardınca həmsədrlər format dəyişikliyinin yolverilməzliyini, status-kvonu dəyişdirməyin zəruriliyini və şərtsiz danışıqların bərpasının qaçılmaz olduğunu bəyan etdi”.
Ekspert vurğulayıb ki, problemin həlli ilə bağlı belə aydın platformanın həmsədrlər tərəfindən Azərbaycan prezidenti ilə görüşdən sonra ortaya qoyulmasının xüsusi mənası var: “Bu o deməkdir ki, həmsədrlər Prezident İlham Əliyevin konsepsiyasını daha real və məqsədyönlü sayır, bu platforma ilə bütün regionda sülhün təmin olunacağına möhkəm inanırlar. Ermənistan baş nazirinin münaqişənin həlli ilə bağlı ideyalarının sadəcə təxribat məqsədi daşıdığını hamı gördü. Əgər Paşinyanın baxışlarında konstruktiv və ya real bir şey olsaydı, həmsədrlər onun baxışları əleyhinə bu qədər kəskin əks-mövqe ortaya qoymazdılar. Ermənistan müxalifətinin və hətta rəsmi orqanların reaksiyaları sübut edir ki, Paşinyan necə ağır bir zərbə alıb. Müxalifət açıq aşkar bu bəyanatları Paşinyana şapalaq zərbəsi adlandırır, onun komanda üzvləri isə danışmağa tutarlı bir əks-arqument tapa bilmədiklərini gizlədə bilmir, Azərbaycanın problemi güclə həll etməyə meylli olmasına diqqət cəlb etmək istəyirlər”.
A. Quliyev əlavə edib ki, artıq bütün dünya üçün aydın oldu ki, Minsk qrupunun həmsədrlərinin son bəyanatının ruhuna uyğun olaraq Ermənistan siyasətini dəyişməsə həqiqətən də gücə əl atmaqdan başqa yol qalmır: “Prezident İlham Əliyevin “Ermənistanın ziddiyyətli bəyanatları danışıqları pozur” bəyanatı öz təsirini göstərdi. Həmsədrlərin bəyanatı məzmunlu sülh danışıqlarını bərpa edə bilər. Bundan sonra hər şey həmsədr ölkələrin öz bəyanatlarına və mövqelərinə nə qədər sadiq olduqlarından asılı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB