Prezident İlham Əliyev daim xalqına xidmət edir! SİYASİ RAKURS -ÖZƏL
Bu gerçəklik xalq və iqtidarın bir yerdən çıxış etməsinin bariz təcəssümüdür
Gəlin müqayisə aparaq ki, hansı dövlətin başçısı öz xalqına bu qədər yaxın və səmimi olub? Bu gün dünyanın istər aparıcı, istərsə də qeyri-aparıcı dövlətlərində baş verən çoxsaylı siyasi kataklizmlər, böhranlar, baş verən və artan narazılıqlar fonunda Azərbaycanda yürüdülən siyasət əsrarəngiz model olaraq təqdim olunmaqdadır. Yuxarıda verilən sualın cavabı olaraq, əslində mövzuya hansı istiqamətdən başlamağın da çətinliyini çəkirəm...
İllərdən bəri yığılmış problemlər artıq cənab İlham Əliyev tərəfindən həll olunmaqdadır – inqilabi islahatlar yolu ilə!
Əgər iqtisadi siyasət deyiriksə, burada Azərbaycanın dünyanın iqtisadi meydanında mühüm və möhkəm mövqe tutmasından, xarici siyasət deyiriksə, Azərbaycanın milli mənafeyinin qorunmasından başlayaraq, diplomatik zəfərlərinə qədər davam edən qələbələrindən, daxili siyasət deyiriksə, ölkəmizdə xalq-hakimiyyət birliyinin möhkəm dayaqlara söykənməsindən, sarsılmazlığından danışa bilərik. Digər sahələrdə də addımlar atılır və növbəti addımların atılması zərurəti yaranır ki, həmin addımların atılacağından kimsənin şübhəsi yoxdur. Çünki illərdən bəri yığılmış problemlər artıq cənab İlham Əliyev tərəfindən həll olunmaqdadır – inqilabi islahatlar yolu ilə!
Məhz inqilabi islahatların nəticəsidir ki, ölkə mətbuatında, sosial şəbəkələrdə iki aydan çoxdur qəbul edilən çoxsaylı sərəncam və fərmanlar ətrafında müzakirələr aparılır, ölkə rəhbərinin atdığı addımlar xalqımızın böyük kəsimi tərəfindən birmənalı olaraq alqışlanır, dəstəklənir. Bu, xalq və iqtidarın bir yerdən çıxış etməsinin bariz təcəssümüdür.
Heç bir qüvvə bu sarsılmazlığı poza bilmək gücündə, iqtidarında deyil və olmayacaq da!
Bu gün şəhid ailələrindən tutmuş Qarabağ qazilərimizə qədər, Əfqanıstan müharibəsində iştirak edənlərdən, bu qanlı müharibədə canlarını vermiş vətən oğullarımızdan tutmuş ali təhsil alan tələbələrimizə qədər, sosial yaşamları qənaətbəxş olmayan vətəndaşlarımızdan tutmuş təqaüdçülərimizə, eləcə də illərdir bank problemləri yaşanan vətəndaşlarımıza qədər hər kəs öz dövlətinin, Prezidentinin yanındadır. Heç bir qüvvə bu sarsılmazlığı poza bilmək gücündə, iqtidarında deyil və olmayacaq da!
Təkcə, cənab İlham Əliyevin müxtəlif ölkədaxili səfərləri çərçivəsində xalqla təmsalarına diqqət yetirək. O, kənlərə, rayonlara, şəhərlərə səfərləri zamanı dərhal xalqa yaxınlaşır, onların ayrı-ayrılıqda (!) problem və qayğıları ilə maraqlanır, göstərişlərini verir və nəticələr haqqında məlumatlandırılmasını tələb edir.
Əslində, dövlət başçımız bu siyasətini 16 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Yəni İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. İlham Əliyev şəhid atasına əlləri ilə su içirir, İlham Əliyev şəhid anasının qarşısında baş əyir, İlham Əliyev ana əlindən öpür, İlham Əliyev hər kəs üçün dövlət başçısı kimi əlindən gələni əsirgəmir! Bu, gerçəklik aksiomdur və həmin aksiomu inkar etmək ən azından, qeyri-insanilik olaraq qiymətləndirilə bilər.
Hələ 2016-cı ilin Aprel zəfəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib, cəbhədə yağı düşmənə layiqli cavab verən, işğal altındakı torpaqlarımızın bir hissəsini azad edən Ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilən dəstək idi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu dəstək xalqın dəstəyi idi ki, dağı belə yerindən oynadardı!
Həmin dəstək isə hər dəqiqə, hər an mövcuddur. Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur ki, cənab İlham Əliyev xalqının ən kiçik problemini belə dövlət səviyyəsində həll edir. Varmı elə bir ölkə ki, Azərbaycanın dövlət başçısı kimi mötəbər addımlara getsin? Yoxdur! Hətta olarsa belə, HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ kimi heç vaxt ola bilməz. Çünki Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi varisi, davamçısı və Onun ideyalarının daşıyıcısı, reallaşdıranıdır. Ulu Öndərimiz deyirdi ki, o qalan ömrünü Azərbaycan xalqına hər edəcək və etdi. Bu gün isə, Cənab İlham Əliyev bütün varlığı ilə xalqına xidmət edir, “Mən xalqımın xidmətçisiyəm” deyir.
Xalq da zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən əmanət edilən Vətən oğluna – İlham Heydər oğlu Əliyevə arxa və dayaqdır, belə də olacaq.
Qarşıda isə Azərbaycanı bütün sahələri əhatə edəcək daha böyük qələbə və zəfərlər gözləyir. Xüsusilə, Qarabağımızın işğaldan azad ediləcəyi gün hər saat, hər dəqiqə, hər irəliləyən saniyə yaxınlaşır. Azərbaycan dövlətinin, xalqının və Prezidentinin vəhdəti xalqımızın rifah halının daha da yaxşılaşdırılması, daha böyük sevincli günlərimizin yaşanması müjdələrini verir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB