Dövlət başçısının Sərəncamı ilə Hüseynqulu Sarabskinin 140 illik yubileyi qeyd olunacaq
XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri və mövqeyi olan sənətkar Hüseynqulu Sarabskinin 140 illik yubileyidir. Adı əsrin yeniləşən, dəyişən, müasirləşən sənət aləminin simvollarından birinə çevrilən, əsrin səsinə səs verən, tarixi yaradan sənət fədailərindən biri olan Hüseynqulu Sarabski səhnəmizin əfsanəvi Məcnunu kimi şöhrətlənmişdir. Sənətini musiqi incisi - "Leyli və Məcnun" zirvəsindən başlayan H.Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşamış, sənətinə - peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olmuş və zaman-zaman da olacaqdır. H.Sarabski təkcə böyük aktyor, xanəndə, teatr xadimi, rejissor, pedaqoq deyil, həm də bir şəxsiyyət olaraq tarixə iz salmışdır. Belə bir sənətkarın, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyi tamam olur. Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. 1879-cu ilin mart ayında anadan olan H.Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir.
Sərəncamda qeyd olunur ki, Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Onun həyatı maraqlı bir filmin süjetidir. Taleyi də, sənət yolu da, daxilən bütöv, mətin, qarşısına qoyduğu məqsədə gedən yolda hər cür maneələri dəf edən, ən əsası isə sevdiyi işinə-peşəsinə vurğunluğunu ömrünün son anınadək saxlayan böyük bir aktyorun və şəxsiyyətin həyat tarixçəsidir. İlk sənət məhəbbətinə, o, son nəfəsində də sadiq qaldı.
Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi, "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda, el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". 12 yaşlı Hüseynqulu ilk dəfə teatr tamaşasına baxır. Həmin tamaşa həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Elə həmin gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşdı. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundzadənin əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi.
H.Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə "kişiyə yaraşmaz peşə" hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərərək, öz arzuları və xəyallarına doğru inamla gedirdi. Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən, dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu, yeni əsrin səsini eşidirdi. O, oxumaq, təhsil almaq istəyi ilə özünü oda-közə vurur, qazandığını kitaba- dəftərə verirdi. H.Sarabski ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçirdi və onlara bənzəmək istəyirdi. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirdi. Səhnəyə o, ilk baxışdan və birdəfəlik vuruldu. Səhnə onun əbədi məhəbbətinə çevrildi. Bu məhəbbət qarşılıqlı oldu. H.Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur.
İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul rolunda çıxış edən Hüseynqulu Sarabski sonralar teatr səhnəsində Mirzə Fətəli Axundzadəninin, Şeyx Şamilin, Nəcəf bəy Vəzirovun, Əbdülrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də müvafiq rollarda çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən, oxuduğu təsiredici "Hicaz" muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili-teatra-operaya gətirdi. Məhz bu tamaşa zamanı H.Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir bəy Hacıbəylinin diqqətini cəlb etdi. Bu, zirvəyə gedən yolun başlanğıcı oldu. Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə H.Sarabski 400 dəfə bu rolun sehrini yaşadı və yaratdı. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı. Əziz Şərifin Sarabskinin Məcnunu haqda yazdıqları bu gün bizlər üçün sənədli yazı qədər qiymətli və canlıdır: "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı".
Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini H.Sarabskisiz təsəvvür etmək mümkün deyil. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli və fərqli boyalar tapırdı. Şah İsmayılı oynayanda məğrurluğu, əzəməti ilə tamaşaçıları riqqətə gətirirdi, Kərəm obrazını yaradanda yandırıb-yaxırdı. Azərbaycan musiqi sənəti tarixində öz yeri olan H.Sarabski sənət yolunu şaxəli bir tərzdə davam etdirərək, bir tərəfdən teatrda böyük sənət məbədində uğurlu tamaşalara imza atırdı, digər tərəfdən isə, səsləndirdiyi muğamları ilə Azərbaycanın çoxəsirlik sənət nümunələrini geniş bir şəkildə xalqa təqdim edirdi. Azərbaycanın muğam sənətinin inkişafında və onun bir xətt üzrə dinamikliyinin qorunub-saxlanılmasında H.Sarabskinin rolu müstəsna olmuşdur. Sənətdə və səhnədə tələbkarlığı ilə seçilən aktyor, neçə-neçə əsərlərin müəllifi olaraq, öz möhrünü vurmuş və ondan sonra gələn ifaçılar üçün bir məktəb rolunu oynamış, bu gün də yaradıcılıq nümunələri öz dəyər və mahiyyətini yüksək bir səviyyədə təqdim edir.
Sözsüz ki, 110 ildən artıq tarixə malik olan "Leyli və Məcnun" operasının bütün məcnunları, məhz H.Sarabski məktəbindən bəhrələnərək, onun ifaçılıq tərzini özlərinə bir nümunə seçmiş, dəsti-xəttləri ilə yeni nəfəs, yeni ab-hava gətirmişlər. Bu obrazın təməl daşını qoyan H.Sarabskiyə qədər Azərbaycan teatr səhnəsində Məcnunu yaradan bir aktyor olsa da, ilk növbədə, qeyri-ixtiyarı onun adı bu partiyanın sənət yolunda xatırlanır. Dövrün, zamanın sınaqlarında heç bir qorxu və həyəcan hiss etmədən səhnəyə çıxaraq, çox uğurlu bir obrazı tamaşaçılara təqdim edən aktyor iki böyük sənətkarın yaradıcılıq qüdrətindən yaranmış operanın xırdalıqlarına qədər tamaşaçısına təqdim etmək bacarığına malik oldu. Qeyd edək ki, H.Sarabskinin ifaçılıq sənəti ilə yanaşı, onun təşkilatçılıq işləri də Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermişdir. Belə ki, milli mədəniyyətimizin inkişafı naminə çalışan xanəndə 1932-ci ildə Respublika Xalq Yaradıcılıq Evinin yaradılmasında böyük rol oynamışdır. 1932-ci ildə ona respublikanın xalq artisti adı verilmişdir. Çox təəssüf ki, belə bir sənətkarın lent yazıları günümüzə qədər gəlib çatmamışdır. Onun ifa etdiyi muğam sənət nümunələri qramafonlara yazılmamış, yalnız Opera Teatrındakı çıxışları lentə köçürülümüş xalqa təqdim edilir. Onun ömrü zamanla ötüşməyən bir tarixdə öz əksini tapıb. Qeyd edək ki, "Üzeyir ömrü" filmində onun "Leyli və Məcnun" operasında oynadığı obrazın müəyyən kadrları öz əksini tapmışdır. Belə aktyor sənət tariximizdə zaman-zaman yaşamış və illər ötdükcə də yaddaşlardan silinməyərək, sənət ömrünü davam etdirəcəkdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB