"Verilən qərarlar vətəndaşların maraqlarına xidmət edir" MÖVQE-ÖZƏL

"Verilən qərarlar vətəndaşların maraqlarına xidmət edir" MÖVQE-ÖZƏL

“Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafı davamlı xarakter daşıyır: “İslahatların ardıcıl olaraq həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir. Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır”.

Qısa zaman kəsiyində Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində imzalanan sənədlərin ölkə başçısının, dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürü olduğunu deyən C. Osmanov söyləyib ki, Azərbaycan dövlətinin yürütdüyü sosial siyasət inqilabi xarakter daşıyır.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı Fərman da vətəndaşların problemlərinin həllinə dövlətin diqqəti baxımından böyük əhəmiyyət kəsb edir: “Bu qərar dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun, onun problemlərinin həllini daim diqqətdə saxladığının əyani ifadəsidir. Ümumiyyətlə, vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə