"Görülən işlər nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb" AÇIQLAMA - ÖZƏL

"Görülən işlər nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb" AÇIQLAMA - ÖZƏL

“Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub. Ölkəmizdə əhalinin sosial rifahının yüksəldilməsi üçün lazımi addımlar atılır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əmək haqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar, vətəndaşlarımızın sosial müdafiəsinin daha da güclənməsinə xidmət edən tədbirlərdir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi gücünün artmasını təmin edib. Təbii ki, iqtisadi inkişaf insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur”.

Ölkə başçısının iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışına toxunan S. Fətəliyeva vurğulayıb ki, dövlət başçısının çıxışı bir daha təsdiqlədi ki, əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir: “Cənab Prezidentin müşavirədə “Biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir” fikirləri ölkə başçısının, dövlətimiz vətəndaşların rifah halını daim diqqət mərkəzində saxladığının bariz sübutudur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə