“2019-cu il ölkəmizin tarixinə islahatlar ili kimi həkk olunacaq” MÜSAHİBƏ
Müsahibimiz Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlıdır.
- Aqiyə xanım, cari ilin əvvəlindən başlayaraq, Prezident İlham Əliyev xalımızın sosial-rifah halının daha da yaxşılaşdırılması, sosial həyatlarının daha da yüksək təmin olunması istiqamətində bir sıra sərəncam və fərmanlar imzaladı. Siz, bu qərarları necə şərh edərdiniz?
- Cənab İlham Əliyev tərəfindən qeyd olunan istiqamətlərdə imzalanan fərman və sərəncamları ilk növbədə inqilabi islahatlara doğru atılan mütərəqqi addım kimi qiymətləndirilməkdədir. Bu ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, cənab Prezident hər zaman insan amilini müəyyənləşdirdiyi sosial siyasətində prioritet istiqamət kimi götürür. Çünki hər bir ölkənin varlığı, xalqının rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışının təminatı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır. Bu mənada, Prezident İlham Əliyev, son 16 ildə çox nəhəng işlərə imza atmaqla yanaşı, qarşıya qoyulan vəzifələrin daha da təkmilləşdirilməsi üçün ardıcıl siyasətini yürüdür. Bu siyasət isə, bilavasitə Azərbaycan xalqının, Azərbaycan dövlətinin tərəqqisi naminə həyata keçirilən reallıqlardır. Bizlər bu gün həmin reallıqları görür və fərəhlənirik. Hətta deyərdim ki, gerçəkləşdirilən sosial islahatlar bu gün nə MDB məkanında, nə də dünyanın bir çox aparıcı ölkələrində baş vermir. Ölkəmizdə isə, artıq müvafiq uğurlu addımlar atılır və dünyaya güclü, qüdrətli, sosial-iqtisadi cəhətdən davamlı inkişaf edən müasir Azərbaycan modeli təqdim edilir.
- Cənab Prezident keçirdiyi sonuncu müşavirəsində xalqı narahat edən bir sıra sosial problemlər barədə də danışdı, tapşırıqlarını və tövsiyələrini verdi. Sizcə, qarşıda dayanan vəzifələr hansılardır?
- Prezident İlham Əliyev cənabları iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə qeyd etdi ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Eyni zamanda, dövlətimizin başçısı daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların, ilk növbədə, məhz sosial sahəyə yönəldilməsini təmin edib. Onu da qeyd etmək istərdim ki, çox qısa müddətdə, yəni ilin əvvəlindən başlayaraq belə əhəmiyyətli inqilabi qərarların verilməsi, bu qərarların sosial paketlərin bir hissəsi olaraq bildirilməsi bu cür qənaətə gəlməyə zəmin yaradır ki, yaxın gələcəkdə sosial paketlərin digər hissələri də reallaşdırılacaq. Həqiqətən də, 2019-cu il sosial islahatlar ili olaraq dəyərləndirilməlidir. Xalqımız da bunu görür və söz yox ki, alqışlayır. Bu eyni zamanda, xalqımızın Prezident ətrafında daha sıx birləşməsinə, Ona qarşı etimadın daha da güclənməsinə sübutdur.
Təkcə son rəqəmlərə müraciət edərsək, biz nəhəng işlərin reallaşdırılmasının şahidlərinə çevrilərik. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı, eyni zamanda, bu il şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Hazırkı dövrə qədər isə 6500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verilib. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı, minimum pensiyaların məbləği 38 faiz qaldırılaraq 116 manatdan 160 manata çatdırıldı. Beləliklə, bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq bu da hələ son hədd deyil. Aztəminatlı ailələrə verilən birdəfəlik yardımlardan başlayaraq, ailə, uşaq problemlərinin aradan qaldırılmasına qədər verilən bütün qərarlar əlbəttə ki, uğurlu sosial siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir. Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları bu istiqamətdə işlərin ardıcıllıqla davam etdiriləcəyini vurğulayıb.
Daha bir məqam isə, əhalinin problemli kreditləri ilə bağlı verilən əhəmiyyətli qərardır. Cənab Prezidentin bununla bağlı imzaladığı sərəncamı vətəndaşlarımızın illərdir ki, yaranmış problemlərinə birdəfəlik son qoydu.
-Aqiyə xanım, ailələrin, qadınların, uşaqların sosial rifahlarının yüksəldilməsi istiqamətində dövlətimizin apardığı siyasət barədə nə deyərdiniz?
- Əlbəttə ki, ailələrin sosial rifahını yüksəltmək üçün dövlətimiz, hökumətimiz mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Biz, Milli Məclisdə və komitə iclaslarımızda da, zaman-zaman bu müzakirələri aparır, təkliflər paketlərimizi hazırlayaraq, müvafiq qurumlara təqdim edirik.
Lakin xüsusilə vurğulamaq istərdim ki, bu gün yuxarıda qeyd edilən fikirlərlə yanaşı, Azərbaycanda ailə, qadın, uşaq hüquqlarının müdafiəsi ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Məsələn, ötən ilin sonlarında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul olunub. Qeyd etmək istərdim ki, ölkəmiz Uşaq hüquqları haqqında Konvensiya və Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək bir sıra öhdəliklərlə bağlı hər dörd ildən bir hesabat verir. BMT-dən hesabata dair verilən yüksək qiymətlər alır. Bütün bunlar isə həm də onu göstərir ki, dövlətimiz uşaq hüquqlarının həyata keçirilməsi üçün çox böyük uğurlar əldə edib, sözügedən istiqamətdə uğurlu siyasətini qurub. Bu gün milli genofondumuzun qorunması, inkişaf etdirilməsi qeyd edilən xüsusları öz mühümlüyü ilə əhatə etməkdədir. Yəni mühüm qanunlar, dövlət proqramları qəbul olunur, vacib layihələr həyata keçirilir. Bu şəraiti yaradan, bu siyasətə stimul verən isə, Prezident İlham Əliyev və onun tükənməyən siyasi iradəsidir. Biz, bu gün fəxrlə deyə bilərik ki, ailələrin rifah halının yüksəldilməsi üçün yeni iş yerləri açılır, ünvanlı dövlət sosial yardımı təyin edilir, gənc ailələrin sosial müdafiələri gücləndirilir. Habelə, aztəminatlı ailələr də dövlət qayğısından mütəmadi olaraq yararlanırlar. Belə ki, onların problemləri öyrənilir və həll edilir. Aztəminatlı ailələr fəal məşğulluğa cəlb olunur, onların ailə təsərrüfatlarının yaradılmasına lazımi köməkliklər göstərilir. Əgər dövlətimiz bizə bu imkanı yaratmasa, biz bu layihələri həyata keçirə bilərdikmi? Əlbəttə ki, xeyr. Bu baxımdan, biz daim dövlət başçımız İlham Əliyev cənablarının, eləcə də Onun ölkəmizin birinci xanımı, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın davamlı qayığısını öz üzərimizdə hiss edirik. Bütün bunlar bilavasitə uğurlu sosial siyasətdən yaranan reallıqlardır – inkişaf, tərəqqi və yüksəliş reallıqları. Biz inanırıq və şübhə etmirik ki, 2019-cu il ölkəmizin tarixinə böyük siyasi və iqtisadi o cümlədən, inqilabi islahatlar ili kimi həkk olunacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB