"Prezident vətəndaşla bank araslnda etimad mühitini bərpa etdi" ÖZƏL-ŞƏRH
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” verdiyi Fərman çoxdan gözlənilirdi. Bilirsiniz ki, ölkədə 2015-ci ildə baş vermiş devalvasiyadan sonra dollarla kredit götürən vətəndaşların çox ciddi problemləri yaranmışdı. Bununla bağlı uzun müddət idi ki, cəmiyyətdə, parlament müstəvisində, mətbuatda müzakirələr gedirdi və problemli kreditlər məsələsinin həlli ilə bağlı müxtəlif təkliflər var idi”. Bunu SİA-ya açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, son müşavirədə də cənab Prezidentin qeyd etdiyi kimi, hökumət bu problemin həlli üçün İşçi Qrup yaratmışdı: “Ölkə başçısının fərmanı həmin İşçi Qrupun uzun müddətdir apardığı araşdırmaların nəticəsi kimi qəbul olunmalıdır. Bu fərman xeyli sayda vətəndaşın kredit yükünün aşağı salınmasına gətirib çıxaracaq. Başqa sözlə ifadə etsək xeyli sayda insanın banklar qarşısında öhdəlikləri azalacaq. Ümumilikdə problemli kreditlərin həll olunmasına 900 milyon manata yaxın vəsait sərf olunacaq. Təbii ki, bu gün imzalanan fərmandan da xeyli sayda insan yararlanacaq. Bu, ümumilikdə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial problemlərdən qurtulması üçün dövlətin bir qayğısı kimi qiymətləndirilməlidir. Bilirsiniz ki, son vaxtlar Azərbaycan hökuməti çox rezonans doğurmuş sosial paket icra etməkdədir. Belə ki, minimum əməkhaqqı, minimum pensiyalar, tələbələrin təqaüdləri, eləcə də məcburi köçkünlərə dövlət tərəfindən ödənilən yardımların məbləği artırıldı. Təbii ki, bu da həmin prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Azərbaycan hökuməti vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.
Aparılan iqtisadi islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Bu, alqışalayiq bir addımdır. Biz çox qısa müddət ərzində də bunun müsbət nəticələrini görəcəyik. Bundan həm vətəndaşlar, həm də bank sektoru faydalanacaqlar. Ümumiyyətlə, problemli kreditlər məsələsinin həlli vətəndaşlarla banklar arasındakı etimad mühitinin daha da yüksəlməsinə səbəb olacaq. Son nəticədə isə ölkədə ümumi iqtisadi fəallıq artacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB