Cümşüd Nuriyev: “Son illər dövlət büdcəsindən ayrılan vəsaitin mütəmadi olaraq artırılması işğalçı Ermənistanla yanaşı, onun havadarlarını da ciddi narahat edir” - MÜNASİBƏT

Cümşüd Nuriyev: “Son illər dövlət büdcəsindən ayrılan vəsaitin mütəmadi olaraq artırılması işğalçı Ermənistanla yanaşı, onun havadarlarını da ciddi narahat edir” - MÜNASİBƏT

Azərbaycan ordu quruculuğuna böyük diqqət göstərir. Hec də təsadüfi deyil ki, son illər dövlət büdcəsindən ayrılan vəsaitin mütəmadi olaraq artırılması işğalçı Ermənistan ilə yanaşı, onun havadarlarını da ciddi narahat edir. Son illərdə ordu quruculuğuna ayrılan vəsaitin artırılması öz əhəmiyyətini göstərməkdədir. Orduya yeni, müasir silahlar, texnika alınır. Bundan əlavə Azərbaycanın güclü müdafiə sənayesi yaradılıb. Azərbaycanda istehsal olunan 500 növə qədər məhsul həm ordumuza xidmət edir, həm də xarici bazarlara çıxarılır.

2011-ci ildə Azərbaycanın müdafiə xərcləri 3,1 milyard dollar təşkil edərək Ermənistanın dövlət büdcəsindən çox olub. Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcəyinə hamımız inanırıq.

Ekspertlər də Azərbaycanın 2010-cu ildə əldə etdiyi uğurların gələcək üçün yaxşı baza yaratdığını bildirirlər. SİA-ya açıqlamasında siyasi ekspert Cümşüd Nuriyev qeyd edib ki, uğurlar nəinki ordunun gücləndirilməsi, bütün sahələrdə əldə edilib. Azərbaycan ordusunun qüdrətinin artırılması, NATO standartları səviyyəsində qurulması, ordunun döyüş ruhunun yüksəldilməsi istiqamətində böyük nailiyyətlərin qazanıldığını deyən ekspert qeyd edib ki, Azərbaycan ordusu gücünü 2010-cu ildə başqa bir istiqamətdə də göstərib: "Bu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığı idi. Azərbaycan prezidenti sazış imzalamaqla olsa da hər iki şəhidimizin cəsədinin vətənində dəfn olunmasına nail oldu. Bu dövlərin, onun rəhbərliyinin Azərbaycan əsgərinə olan hörməti idi. İnanın ki, cənab prezidentin bu addımından sonra Azərbaycan ordusunda ruh yüksəkliyi artıb. Azərbaycan ordusunun hər bir əsgəri Mübariz olmaq istəyir. Azərbaycan ordu ilə bağlı lazım olan bütün addımları atıb".

2011-ci ildə Azərbaycanın müdafiə xərclərinin 3,1 milyard dollar təşkil etdiyini və bu vəsaitin Ermənistanın dövlət büdcəsindən çox olduğunu xatırladan C.Nuriyev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ilk dəfə olaraq ciddi bir bəyanat verdiyini vurğulayıb: "O, Azərbaycan ordusundakı silahları saymaq üçün bir neçə saat yox, hətta bir neçə günün vacib olduğunu bəyan etdi. Eyni zamanda bildirdi ki, 2011-ci ildə yeni məsələlər eşidəcəksiniz. Yəni, Azərbaycan ordusu öz ərazisini azad, ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazırdır".

Müasir politologiyada 4 tip liderin olduğunu söyləyən siyasi ekspert qeyd edib ki, bunlar bayraqdar, xilaskar, xidmətkar və ziyankar liderlərdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın xilaskarı olmaqla yanaşı, həm də bayraqdar olduğunu deyən C.Nuriyev bildirib ki, prezident İlham Əliyev 7 il ərzində əvvəlcə Azərbaycana xidmətkar oldu, daha sonra Qarabağ və digər məsələlərlə bağlı bayraqdar statusu qazandı: "2010-cu ilin yekunları ilə bağlı cənab prezidentin çıxışı göstərdi ki, o, həm də ideyalar generatorudur, adi bir dövlət başçısı deyil. Son müşavirədə İlham Əliyev Ali Baş Komandan kimi özünün, həm də Azərbaycan xalqının iradəsini ortaya qoydu. Yəni, torpaqlarını azad etmək üçün Azərbaycan tam hazırdır. Cənab prezident bir an gözləyir və həmin anın nə vaxt olacağını ancaq o bilir. Qərar üçün Azərbaycan hər şeyə hazırdır, həm siyasi, həm mənəvi, həm də hərbi cəhətdən".

Bütün xəbərlər Facebook səhifəmizdə