"Ermənistan danışıqların sülhlə nəticələnməsində maraqlı deyil" AÇIQLAMA-ÖZƏL
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupu həmsədrlərinin iştirakı ilə ötən ay Parisdə müzakirələr aparıblar, həmçinin Yelisey sarayında Fransa prezidenti Makronun xarici siyasət üzrə aparıcı müşavirləri ilə görüşdə danışıqlar prosesinin gedişatı barədə məlumat veriblər. Paris görüşünün bizə məlum olan əsas nəticələrindən iki məqam bizim diqqətimizi daha çox cəlb edir: onlardan biri bu olmuşdu ki, həmsədrlər danışıqların dinamikasına yeni impuls vermək üçün Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə sammitin keçirilməsi üçün mümkün addımları müzakirə etmişdilər. Eyni zamanda, xalqların sülhə hazırlanması məsələsi danışıqların gündəliyində öz əksini tapmışdı. Bundan başqa, bir məqamı da xüsusi qeyd etmək olar ki, bu da regionun iqtisadi potensialının reallaşdırılması üçün qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüslərinin önə çıxarılmasıdır. Bu amillər münaqişənin həllində real addımların atılmasına ümidləri bir qədər artırmışdı. Lakin bu saatlarda Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Hoqlandın səsləndirdiyi fikirlər diqqəti cəlb edir. O bildirib ki, danışıqlar prosesində üfüqdə ümidverici bir şey gözlənilmir. Mən də onun bir fikrinə qatılıram ki, bununla belə danışıqlar əvvəlki dövrlərə nisbətdə daha vədedicidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Politoloqun sözlərinə görə, Rusiyanın danışıqlar prosesi üzərində monopoliyasının qaldırılıb, onun ölü nöqtədən tərpədilməsinə cəhdlər edilib və bunun özü proseslərdə müəyyən ümidlər yarada bilər: “Lakin təəssüf ki, bu ümidlər əsrin 1/4-i qədər olan ötən 25 ildə dəfələrlə təkrar olunub, iki ölkə sülhə ən yaxın olan dövrdə "gözəgörünməz əl" onu pozub. Bu proses obrazlı şəkildə ifadə etsək, "Sizif əməyinə" çevrilib. Dağın ətəyindən başına kimi daş diyirlənir, dağın zirvəsinə çatanda yenidən aşağı yuvarlanır.
Hazırda masa üzərində olduğu deyilən "Lavrov planı" var. Onun "Madrid prinsipləri"ndən əsas fərqi Qarabağ əhalisi arasında referendumun keçirilməsini ön plana çəkməsidir. Lakin referendumun tarixinin dəqiq göstərilməməsi səbəbindən tərəflərin bu planı bir o qədər də real qəbul etməməsi müşahidə edilir”.
N.Məmmədovanın fikrincə, Ermənistan rəhbərliyi hazırda danışıqların real sülh ilə nəticələnməsində maraqlı və buna hazır deyil.
Politoloq vurğulayıb ki, Paşinyan daha çox öz hakimiyyətinin möhkəmlənməsi qayğısına qalır, eyni zamanda Ermənistan ətrafında daralmış həlqəni iqtisadi və nəqliyyat-kommunikasiya istiqamətində yarmağa çalışır: "Rusiya ilə Gürcüstan vasitəsilə dəhlizin açılmasına cəhd, habelə fevralın 27-də İran səfərində bu məsələlərin gündəmdə olacağını gözləmək mümkündür. Paşinyan indiki şəraitdə Qarabağ danışıqları istiqamətində sülhə doğru istənilən addım atsa, bu, onun devrilməsi ilə nəticələnə bilər. Bunun bir sıra səbəbləri var: əvvəla, o, özü Qarabağdan deyil, üstəlik, “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırıb, hətta özlərini bu işğalçı müharibədə iştirak etdiyi üçün “qəhrəman” hesab edənləri cəzalandırıb. Ermənistan prezidenti olmuş Ter-Petrosyan da sülh istiqamətində daha güzəştcil idi və nəticədə hakimiyyəti itirdi. Paşinyan onun aqibətindən nəticə çıxarıb. Ən əsası isə, demokratiya, rifah istəyən Ermənistan əhalisi sülhə, güzəştlərə hazır deyil, danışıqlar isə Ermənistan güzəştə getmədən sülhlə başa çata bilməz, çünki Azərbaycan buna razılıq verməz. Güzəştə getməyə məcbur olan Paşinyanı isə onu hakimiyyətə gətirən kütlə özü devirər. Odur ki, Paşinyanın yaxın dövrdə öz hakimiyyətini itirmək bahasına başa gələn belə bir sülhə gedəcəyi inandırıcı deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB