“The Guardian”: “İsrail uzunmüddətli təhlükəsizliyinin yeganə zəmanəti olan regional sabitliyə zərər verən addımlar atır”

“The Guardian”: “İsrail uzunmüddətli təhlükəsizliyinin yeganə zəmanəti olan regional sabitliyə zərər verən addımlar atır”

"Türkiyənin sürətlə yüksəlməsi 2010-cu ilin başlıca geopolitik hadisələrindən idi. Həmçinin, İranın ciddi bir regional güc olaraq yüksəlişini də qeyd etmək olar. Bu iki ölkə gələcəkdə qlobal gücün ana xətlərindən birinin nə olacağının xəbərçisidir". SİA-nın məlumatına görə, bu sözlər İngiltərinin "The Guardian" qəzetinin Orta Şərqdə baş verən proseslərlə bağlı verdiyi məqaləsindəndir. Qəzet hesab edir ki, orta ölçülü güclərin yüksəlişi, bu ölkələrin özlərini göstərmə cəhdləri dünyaya hakim olmağa adət etmiş güclərə, xüsusilə ABŞ-a qarşı meydan oxumaqdır.

 

"Tarixin dəyişməz qanunlarından biri böyük güclərin yüksəlişi və enişidir. Ayaqda qalanlar isə dünyanın dəyişməsinə uyğunlaşanlardır" yazan qəzet qeyd edib ki, ABŞ-ın orta ölçülü güclərin yüksəlişinə uyğunlaşmaq niyyəti yoxdur. Bildirilib ki, ABŞ çevik davrana bilmədiyi halda, həm qlobal gücünü, həm də daxili rifahını itirmə riski ilə qarşı-qarşıya gələcək: "Vaşinqton Orta Şərqdə artıq olmayan soyuq müharibəyə xas təhlükəsizlik mühitinə görə formalanan siyasət aparır. Bu bölgədə Səudiyyə Ərəbistanı və İsrail son 50 ildə ABŞ-ın ən möhkəm tərəfdaşları olub. Ancaq Səudiyyə cəmiyyətinin Qərb cəmiyyətləri ilə heç bir ortaq nöqtəsi yoxdur və ölkənin dünya səviyyəsində radikal islamı dəstəkləmək kimi bəzi uzunmüddətli məqsədləri Qərbin maraqları ilə ziddir. İsrail isə öz-özünü yox etmək yolundadır, uzunmüddətli təhlükəsizliyinin yeganə zəmanəti olan regional sabitliyə zərər verən addımlar atır".

 

Məqalə müəllifinin fikrincə, ABŞ üçün bölgədə ən etibarlı müsəlman müttəfiqi rolunda Türkiyə çıxış edə bilər: "Uzun zamandır ki, NATO-nun üzvü olan və sürətlə böyüyən kapitalist demokratiyası Türkiyənin islam dünyasında da mövqeyi güclüdür. Türkiyə ABŞ-dan hədə və sanksiya siyasətini ataraq İrana yönəlik yanaşmasının dəyişdirilməsini istəyir. Hisslər əvəzinə məntiqə söykənən bir yanaşma təklif edir. Yəni, nüvə məsələsi ilə kifayətlənməyərək İranın yeni rolu tanınmalı və ona regional təhlükəsizliyin tənzimlənməsində əhəmiyyətli rol verilməlidir. Gələcəkdə yeni bir dövrün ehtiyaclarına cavab verən əsaslı ortaqlıqlar qurulmalıdır".

 

Bunlardan birinin ABŞ-ı Türkiyə və İranla əlaqələndirən "güc üçbucağı"nın ola biləcəyini vurğulayan qəzet iki səbəbə görə, Türkiyə və İranı ortaqlıq üçün önəmli hesab edir: "Birincisi, bu cəmiyyətlərin uzun bir demokratiya təcrübəsi var. Qismən xarici müdaxilələrin səbəb olduğu məqamlardan qaynaqlansa da İran cəmiyyətinə layiq bir hökumət qurulmayıb. İkincisi, bu iki ölkə ilə Qərbin təhlükəsizliyi arasında bir çox ortaq maraqlar var".

 

Qəzet hesab edir ki, ABŞ maraqları naminə macəraları buraxıb yaxın dostlara daha çox qulaq asmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə