Əli Kərimli narahatdır – siyasi ekstaza və mitinq transına düşüb ANALİTİK

Onun birdən-birə iştahaya düşməsinin isə səbəbi var

“Milli Şura”nın növbəti mitinq transına düşməsi və bu ətrafda spekulyasiya cəhdlərinin növbəti ifşası ilk olaraq bu cür düşünməyə və qənaətə gəlməyə zəmin yaradır ki, AXCP sədri Əli Kərimli və onun əlaltıları dövlət rəhbərliyinin apardığı inqilabi islahatlardan ciddi şəkildə təşvişə düşüblər. Daha doğrusu, əldə edilən uğurları, xüsusilə atılan sosialyönümlü islahat addımlarını öz adlarına, yəni radikal müxalifətin daha öncələr keçirilmiş 2-3 minlik mitinqləri adına çıxarmağa çalışan AXCP-“Milli Şura” cütlüyü və bu cütlüyün dirijoru Ə.Kərimlinin bu və ya digər şəkillərdə uğursuz manipulyasiyalarını sürdürməyə davam edir. Heç bir ideya və sivil mübarizə qaydalarına söykənməyənlərin, sağlam təfəkkürə malik siyasi təşəbbüsləri olmayanların birdən-birə bu cür iştahaya düşmələrinin isə səbəbi var – Azərbaycan xalqının rifahı üçün yürüdülən siyasətə kölgə salmaq, bu vasitə ilə atılan addımlara sahiblənmək.

AXCP-“Milli Şura” cütlüyü hakimiyyətin inqilabi islahatlarından güclü təlaş keçirir və uğurları öz adlarına çıxarmağa cəhd edir

Əlbəttə ki, bunun üçün bilavasitə Ə.Kərimliyə xarici ağalarından tapşırıqlar verilib. O cümlədən, Avropadakı milli xəyanətkarlar yığını – söyüş müxalifəti deyilən küfrbazlar toplumu sözügedən “ideyanı” reallaşdırmaqdan ötrü mənəvi terrorlarını davam etdirməkdədirlər.

Bu arada, Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook sosial şəbəkəsi vasitəsilə ilə yazdığı əsaslı məqalədən də gəlinən nəticə budur ki, “Milli Şura” əhalinin rifahının yüksəldilməsi ilə bağlı hakimiyyətin atacağı addımlara dair sızan məlumatları əlində bayraq edib siyasi xal qazanmağa cəhd göstərir, yanvarın 19-da keçirilmiş uğursuz mitinqinin “qələbəsi” kimi sərgiləyirlər. Siyasi ekstaz və mitinq transına düşən Ə.Kərimli indi elə sanır ki, guya onun növbəti mitinqinə “çox adam” (?!-R.R.) qatılacaq.

İnsanlara “mitinqə gəlin” deyən Əli Kərimli ailəsinə də bu çağırışları edirmi?

Misal üçün, bu gün bir çoxları haqlı olaraq sual edirlər ki, mitinqlərdə iştirak etmək üçün xanımlara səslənən AXCP sədrinin öz həyat yoldaşı onun aksiyalarına niyə qatılmır? Hansı səbəbdən Ə.Kərimli xarici ölkələrdə yağ-bal içində saxladığı oğlu Türkel Kərimlinin keçirdiyi aksiyalarına ya dəvət etmir, ya da mitinqlərə qatılmamasına göz yumur? O, hələ də bu sualları cavablandırmayıb nədənsə...

Amma başqalarına ailəliklə “mitinqlərimə qatılın” çağırışları edən AXCP sədri həyasızcasına dövlətin yürütdüyü uğurlu siyasəti mənimsəməyə cəhdlər göstərir.

Nə Avropadakı söyüş müxalifəti, nə də onların havadarları Azərbaycanda mövcud sabitliyi, reallaşdırılan inqilabi islahatların qarşısını ala bilməyəcəklər

Halbuki, xalqın gözü tərəzidir və bilən, yaxşı bilir ki, Ə.Kərimli siyasi manipulyasiya edərək, təlaşını bu vasitə ilə gizlədir. Yəni o, və ətrafı hakimiyyətin atacağı addımlara dair sızan məlumatlarla bağlı kampaniya təşkil edib məsələni “öz əməyinin nəticəsi” kimi göstərməyə çalışır. Ancaq fakt budur ki, onun növbəti cəhdləri də istədiyi nəticəni verməməklə yanaşı, həm də siyasi ölümünü daha da sürətləndirəcək. Nə Avropadakı söyüş müxalifəti, nə də onların havadarları Azərbaycanda mövcud sabitliyi, reallaşdırılan inqilabi islahatların qarşısını ala bilməyəcəklər. Xüsusilə, siyasi ekstaza və mitinq transına düşərək, sərsəm ideyaları ilə sosial şəbəkələrdə künc-bucaqlara qaçan AXCP sədri Ə.Kərimli bundan 100% əmin ola bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə