Lavrov və ATƏT sədri Qarabağ münaqişəsini müzakirə edirlər

Lavrov və ATƏT sədri Qarabağ münaqişəsini müzakirə edirlər

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər və Avropa İttifaqı işləri üzrə nazir Miroslav Layçak arasında görüş keçirilib. SİA-nın "Moskva-Bakı" portalına istinadən verdiyi məlumata görə, danışıqlar ənənəvi olaraq Rusiyanın Xarici İşlər Nazirliyinin Qəbullar Evində baş tutub.

Görüşdə çıxış edən nazir Lavrov Slovakiyanın ATƏT-ə sədrliyinin problemli dövrə təsadüf etdiyini bildirib: "Dövlətlərin daxili işlərinə müdaxilələr, ticarət müharibələri var".

Öz növbəsində, Layçak rus dilində həmkarını salamlayıb.

Xatırladaq ki, ATƏT-ə sədrlik yanvarın 1-dən etibarən Slovakiyaya keçib.

Rusiyanın Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, danışıqlar zamanı Avropadakı aktual problemlər, ATƏT-in hazırkı fəaliyyəti və təşkilatın 2019-cu il üzrə iş planlarının hərtərəfli müzakirəsi planlaşdırılır.

Qeyd edilir ki, görüşdə ATƏT-in Ukraynanın şərqi, Dnestryanı və Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə