“Ağciyər xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanların keyfiyyəti aşağıdır”

“Ağciyər xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanların keyfiyyəti aşağıdır”

2010-cu idə Lənkəran Ağciyər Xəstəlikləri Dispanserinə müraciət edənlərin 230 nəfərində ilk dəfə vərəm xəstəliyi aşkarlanıb. Bu barədə məlumatı SİA-nın cənub bürosuna dispanserin baş həkimi Nurəddin Qurbanov bildirib. Onun sözlərinə görə, xəstəxana son illər ən müasir avadanlıqlarla təchiz edilib. Bu da onlara müraciət edən vətəndaşların müayinə və müalicəsində müsbət nəticələr əldə etməyə yardım edir.

Baş həkim ötən il ərzində Lənkəran rayonunda 142 nəfərdə vərəmin ilkin formasının aşkar olunduğunu, bunlardan 109 nəfərində isə vərəmin aktiv formasının müəyyən edildiyini diqqətə çatdırıb. Bununla yanaşı, Astarada 46 nəfər, Lerikdə 31 nəfər və Masallıda 11 nəfərdə vərəm aşkar olunub. Aşkar olunan xəstələr qeydiyyata götürülərək onlara müvafiq müalicə kursları təyin olunub.

N.Qurbanov bu sahədə mövcud olan bəzi problemlərə də toxunub. Bildirib ki, hava-damcı yolu ilə yayılan bu xəstəlik payız və yaz aylarında daha da aktivləşir.Buna görə yaşından asılı olmayaraq hər kəsin ildə azı bir dəfə flüroqrafiya müayinəsindən keçməsi vacibdir. Lakin təssüf ki, insanlarımız yalnız xəstəliyi ağırlaşandan sonra dispanserə müraciət edirlər. Bu da xəstəliyin tam sağalmasında çətinliklər yaradır.

Baş həkim həmçinin vərəmli xəstələrin müalicəsi üçün ayrılan dərmanların keyfiyyətinin də aşağı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə