Qurum rəsmisi: “Qafqaz Müsəlmanları İdarəsinin qarşısında heç bir aksiya keçirilməyib”-MÜNASİBƏT

Qurum rəsmisi: “Qafqaz Müsəlmanları İdarəsinin qarşısında heç bir aksiya keçirilməyib”-MÜNASİBƏT
"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qarşısında heç bir aksiya keçirilməyib". Bu sözləri SİA-ya idarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova QMİ-nin qarşısına toplaşan 50-ə yaxın Nardaran sakinin etiraz aksiyası keçirilməsi ilə bağlı yayılanlara münasibət bildirərkən deyib.

Belə bir aksiyanın baş tutmadığını deyən mətbuat xidmətinin rəhbəri söyləyib ki, QMİ məscid tərkibində yerləşdiyi üçün burada hər zaman insanlar toplaşır: "Bilirsiniz ki, burada məscid var və ona görə də bura çoxlu sayda insanlar toplaşır. Bu o demək deyil ki, aksiya keçirilib. Aksiya ilə əlaqədar heç bir məlumat yoxdur və heç kim hansısa problemlə bağlı Şeyxlə görüşmək üçün müraciət etməyib".

Qeyd edək ki, yayılan məlumatlarda 50-dək Nardaran sakinin QMİ qarşısında ölkədə mübahisə doğuran hicab məsələsi ilə əlaqədar etiraz aksiyası keçirdiyi vurğulanır. Məlumatda aksiyaçılar bu məsələ ilə əlaqədar Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşmək niyyətində olduqları da qeyd edilir.

Xatırladaq ki, təhsil naziri Misir Mərdanov bir müddət əvvəl orta məktəblərdə hicabın qadağan olması ilə bağlı qərar qəbul etdiklərini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə