Ovannes Qalstyan: “Fevralın 7-dən başlayaraq, sudan da imtina edəcəyəm”
Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı Naira Zoqrabyan kinorejissor, “Parallels Film Production”un təsisçisi və direktoru Ovannes Qalstyanın aclıq aksiyasını dayandırmağa çağırıb. SİA xəbər verir ki, bu barədə aysor.am saytı yazır.
“Kinorejissor Ovannes Qalstyan yenidən müddətəsiz aclıq élan edib. Mənim, onun aclığı dayandıraraq, hələ ki, mövcud olan mədəniyyət nazirliyi və Ermənistanın milli kino mərkəzi ilə yenidən müzakirələrə başlaması çağırışlarım nəticəsiz qalıb”, deyə erməni deputatı bildirib.
Naira Zoqrabyan bir müddət əvvəl mədəniyyət nazirinin müavini Nazeni Kazaryanla danışdığını bildirib və qeyd edib ki, nazir müavini bu məsələdə kiçik də olsa günahı yoxdur. Lakin aclıq edən rejissor əsas günahkar kimi məhz nazirliyi görür.
“Hakimiyyət nə qədər antihumanist olacaqsa, mənim mübarizəm daha ağır olacaq”
Xatırladaq ki, kinorejissor Ovannes Qalstyan maliyyə xərclərinin kəsilməsi nəticəsində yarımçıq qalmış “Nənəmin saçları” adlı filminə görə aclıq etdiyini bildirib və hətta ölüm aclığına qədər gedəcəyini deyib.
Sputnik-Armeniya da kinorejissorun aclıq aksiyası ilə bağlı məlumat yayıb.
Rejissor bildirib ki, aclıq aksiyasını o zamana qədər davam etdirəcək ki, “Mənim addımım” fraksiyasının rəhbəri və eks-mədəniyyət naziri Lilit Makunts komissiyanın keçirdiyi iclasın audioyazısını ictimailəşdirsin. Belə ki, həmin iclasda o, vəd edilmiş maliyyənin ayrılması ilə bağlı qərar verib. Lakin həmin qərardan sonradan imtina edilib.
“Fevralın 7-dən başlayaraq mən sudan da imtina edəcəyəm. Mən sona qədər getmək barədə qərar vermişəm və başqa həll yolu görmürəm”, deyən erməni kinorejissor sayta açıqlamasında əlavə edib ki, hakimiyyət nə qədər antihumanist olacaqsa, o daha radikal vasitələrə əl atacaq: “Mən, bütün radikal vasitələrə əl atacağam. Hakimiyyət nə qədər antihumanist olacaqsa, mənim mübarizəm daha ağır olacaq”.
Qalstyan yaxın vaxtlarda həmkarlarının da aclıq aksiyasına qoşulacağını bildirib və növbəti tələblərini də irəli sürüb. Belə ki, o kino sferası sahəsində dövlət modelinin dəyişdirilməsi ilə bağlı təkliflərinin də olduğunu bildirib və bunun üçün hökumət binasına yürüş edəcəyini, təkliflərini Nikol Paşinyana yazılı surətdə çatdıracağını bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB