"Paşinyanın Petrosyan siyasəti Ermənistanda təşviş yaradıb" AÇIQLAMA-ÖZƏL

"Paşinyanın Petrosyan siyasəti Ermənistanda təşviş yaradıb" AÇIQLAMA-ÖZƏL

“Dağlıq Qarabağ artıq Azərbaycana separatçı, Ermənistana qiyamçı bir anklava çevrilib. Ermənistan və Rusiya arasında müttəfiqliyin de-fakto pozulması Qarabağ separatçılarını çətin vəziyyətə salıb. Bundan başqa “Daşnaksütyun”un Qarabağda qurultay keçirərək Hay Datın Kanada bürosunun rəhbərini Erməni inqilabi federasiyasına sədr seçməsi, təşkilatla Paşinyan arasında əməkdaşlıq perspektivləri işğal tərəfdarı olan ermənilərlə torpaqları qaytarmaq və bunun müqabilində Azərbaycanın həyata keçirdiyi layihələrə qoşulub divident əldə etmək tərəfdarları arasında ikitirəlik yaradıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O söyləyib ki, Ermənistan rəhbərlərindən Paşinyan ilk dəfə ölkəsi ərazisindən neft və qaz boru kəmərləri keçməsi arzusunu ifadə edib: “Bu, əlbəttə ABŞ-ın sanksiyalara məruz qoyduğu İranın neft-qaz magistralları yox, Azərbaycanın həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələridir. Hətta Ermənistanda Bakı-Qarsa qoşulmaq üçün məntəqənin olduğu iddia edilir. Paşinyan torpaq əvəzində “neft-qaz kəmərləri və milyonlar” üçün sülhə razılıq davranışları sərgiləyir”.

Paşinyandan sonra Qarabağdan olan ermənilərin Ermənistan siyasi elitasından qovulduğunu dilə gətirən N. Məmmədova vurğulayıb ki, onların siyasi, iqtisadi, hərbi sahədəki hegemonluq dövrü başa çatıb: “Dağlıq Qarabağ və Ermənistan arasında Miatsumla başlayan tam 30 illik həmrəylik çat verdi və düşmənçilik həddinə çatdı. Diaspora və Qarabağ separatçıları arasında, eləcə də Paşinyanın və diasporanın Rusiyanın hələ çar dövründən Ermənistanda ən yaxın əlaltısı hesab etdiyi Eçmiədzin kilsəsi arasında təfriqə gücləndi. ABŞ regionda geosiyasi təsirini Ermənistanın yeni rəhbərliyi vasitəsilə həyata keçirməkdədir. Münaqişənin həllinə münasibətdə Paşinyanın daha çox Ter Petrosyanın sülh variantına yaxın siyasət həyata keçirmək ehtimalı Ermənistandan və Qarabağ separatçıları arasında təşviş yaradıb. Onun prezident İlham Əliyevlə təmaslara can atması şovinist erməniləri xüsusilə narahat edir və onlar Paşinyanın bu prosesdən məğlub çıxacağına inanırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə