"Azərbaycan çap mediası daima yaşayacaqdır” ÖZƏL-ŞƏRH

"Azərbaycan çap mediası daima yaşayacaqdır” ÖZƏL-ŞƏRH

“Azərbaycanda çap mediası özünəməxsus tarixə malikdir və Azərbaycan mətbuat ənənələrini formalaşdıran, ölkəmizin milli mətbuatının əsaslarını yaradan mətbuat nümunəsidir. Əlbəttə ki, hazırki mərhələdə informasiya cəmiyyəti informasiya əldə etməyin və onu istehlak etməyin yeni növlərini yaradıb”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Baş redaktorun sözlərinə görə, bütün dünyada çap mediası özünün çətin bir dövrünü yaşamaqdadır: “Azərbaycanda isə çap mediasının yaşaması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox mühüm addımlar atıldı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı və bu Fond vasitəsilə artıq uzun illərdir ki, Azərbaycanın çap mediası dəstəklənir. Şübhəsiz ki, XXI əsr informasiya əsridir. Bu əsrdə qlobal informasiya mübadiləsi ilə ayaqlaşmaq üçün yeni texniki vasitələrdən və resurslardan istifadə etmək də aktuallaşır. Bu etapda əlbəttə ki, çap mediası keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Burada daha təkmil, mükəmməl, operativ və daha cəlbedici olmaq kimi keyfiyyətlər tələb olunur. Ona görə də bu rəqabətdə ola bilsin ki, bəzi çap nümunələri bu rəqabətə davam gətirməsin. Amma əlbəttə ki, atılan addımlar da onu göstərir ki, çap mediasını yeni mərhələdə, keyfiyyətdə yaşatmaq üçün şübhəsiz ki, bütün çap mediası nümunələri yeni formaya düşməlidirlər. Əlbəttə ki, bu rəqabətlə önə çıxan çap mediası yaşayacaqdır. Çünki daim Azərbaycan dövləti tərəfindən himayə edilir və dəstəklənir. Bu rəqabətdə hansısa çap mediası öz fəaliyyətini davam etdirə bilməyəcəksə, bu da bütün dünyada gedən proseslərin məntiqi nəticəsi kimi qəbul edilməlidir. Düşünürəm ki, bu gün Azərbaycanda çap mediasının yaşaması birbaşa Azərbaycan Prezidentinin qayğısı və himayəsi sayəsində mümkün olub və bundan sonra da Azərbaycan çap mediası daima yaşayacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə