Ermənistan həbsxanasında aclıq aksiyası keçirən erməninin ölümü yeni hakimiyyətin, ümumilikdə erməni cəmiyyətinin əsl simasını, həmçinin dırnaqarası demokratiyanın iç üçünü ifşa edən növbəti arqumentdir. Bu artqument təkcə Paşinyan hakimiyyətinin saxtakarlığını deyil, eyni zamanda özünü demokratiya carçısı kimi təqdim edən, beynəlxalq hüququn norma və prinsplərini, insan haqlarını, hüquqlarını, azadlıqlarını, ədalətlilik prinsplərini qoruyan kimi təqdim edən beynəlxalq təşkilatların da ədalətsizliyini, ikili yanaşma, ikili standartların tətbiqi siyasətini ifşa edir.
"Haynews.am” xəbər saytının rəhbəri, siyasi məhbus Mger Yegiazaryan Yerevandakı "Nubarasen” həbsxanasında ölümü bir çox məqamlara aydınlıq gətirmək üçün yetərlidir və bu erməni cəmiyyətində demokratiya, insan, söz azadlığı kimi pafoslu çıxışların boş, cəfəngiyyatdan ibarət olduğunu təsdiq edir. Kütləvi İnformasiya Vasitəsinin rəhbərini siyasi məhbus kimi həbs edən, onun aclıq aksiyasına məhəl qoymayan, hətta ölümlə nəticələnəcəyini belə hesaba almayan dövlətin, onun hakimiyyətinin demokratiyadan dəm vurması çox gülünc səslənir.
Dırnaqarası erməni demokratiyasının, ermənilərin insan azadlığı ideyalarının nə qədər çürük olduğu özünü biruzə verir
Nikol Paşinyanın bu ölüm hadisəsi ilə əlaqədar susqunluğu isə heç cür qəbul edilən deyil. Sual oluna bilər: niyə Paşinyan insan azadlığı barədə pafoslu çıxışlar etdiyi halda, bir sayt rəhbərinin, yəni media nümayəndəsinin siyasi məhbus kimi saxlanılmasına, onun aclıq aksiyasına və nəhayət bu aksiya səbəbindən həyatını itirməsinə biganədir? Budurmu nümayişlərdə insan azadlığından dəm vuran dırnaqarası demokratın azadlıq tələbi? Yaxud insan azadlığı, demokratiya tələbi ilə nümayiş keçirən Paşinyan bu “azadlığı” gətirmək istəyirdimi Ermənistana?
Siyasi məhbus kimi həbs edilən, nəticədə həyatını itirən bir media nümayəndəsinin timsalında dırnaqarası erməni demokratiyasının, ermənilərin insan azadlığı ideyalarının nə qədər çürük olduğu özünü biruzə verir. Bəlli olur ki, nümayişlərdə insan azadlığı, demokratiya çağırışları edənlərin başda Nikol Paşinyan olmaqla niyyəti heç də bu ali prinsplər deyildi. Məhz siyasi məhbus olaraq media nümayəndəsinin həbs edilməsi və onun aclıq aksiyası səbəbindən həyatını itirməsi demokratiya, insan azadlıqları barədə çağırışların əslində hansısa maraqlara xidmət etdiyini isbatlayır. Bu fakt tısdiq edir ki, nə Paşinyanın, nə də onu dəstəkləyən qüvvələrin maraq dairəsində heç də bu ali prinsplər olmayıb və demokratiya, insan azadlıqları nümayişlərdə alət olaraq istifadə olunub.
Bir ay yarım müddətdə aclıq aksiyası keçirən bir məhbusla bu vaxta qədər maraqlanılmayıb ki, o həyatını itirib. Əgər bir məhbusla, özü də siyasi məhbusla maraqlanılmayıbsa, deməli onun azadlığı, haqq və hüquqları ilə də maraqlanılmayıb. Belə olan halda hansı azadlıqdan, hansı insan hüquqlarından və hansı demokratiyadan söhbət gedə bilər?
Yeni hakimiyyət faktiki olaraq əvvəlki kriminal-oliqarxik sistemdən heç nə ilə fərqlənmir və Paşinyanın idarəçiliyinə qarşı Ermənistanda narazılıqlar var
Siyasi məhbus Mger Yegiazaryanın aclıq aksiyası keçirməsi nəticəsində elə həbsxanadaca həyatını itirməsi heç erməni mediasında da birmənalı qarşılanmır. Ermənistana məxsus mətbuat səhifələri bu hadisəni dövlətin öz vətəndaşını necə öldürməsini əks etdirən nümunə kimi işıqlandırır. İşğalçı ölkənin mətbuatında etiraf olunur ki, Ermənistanın yeni Penitensiar Xidməti, eyni zamanda yeni hakimiyyəti faktiki olaraq əvvəlki kriminal-oliqarxik sistemdən heç nə ilə fərqlənmir. Etiraf olunur ki, hazırda Ermənistanda korrupsiya, başıpozuqluq, himayəçilik və qətllər davam edir. Dəyişən yalnız nazirlərdir və görəsən baş nazir Ermənistan barəsində nə düşünür? Bu ölkədə yaşayan insanların ölümü, ümumiyyətlə Ermənistan onu maraqlandırmırmı? Əlbəttə, əgər bütün nümayişlər nəticə etibarı ilə baş nazir postunun ələ keçirilməsinə hesablanmışdısa və hazırda insan haqları, hüquq və söz azadlıqları pozulursa, deməli pafoslu çıxış edənləri öz mövqelərindən başqa heç nə maraqlandırmır.
Ermənistanda baş verənlər, yəni siyasi məhbusun aclıq aksiyası, məhz bu aksiya səbəbindən də həyatını itirməsi ilə bağlı "The Washington Post” qəzeti "Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü” başlıqlı məqalə dərc edib. Hətta məqalədə həyatını itirən siyasi məhbusun oğlu Vazgenin Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırması da öz əksini tapır. Eyni zamanda məqalədə o da vurğulanır ki, baş nazirə ünvanladığı məktubda Vazgen Paşinyanın ələ keçirdiyi postdan istifadə etdiyini yazır və “bu kreslo bu gün sizdədir, sabah isə başqasında” yazmaqla isə o baş nazirin tezliklə həmin postdan uzaqlaşacağına əminliyini də ifadə edir. Bu isə əslində o deməkdir ki, Paşinyanın idarəçiliyinə qarşı Ermənistanda narazılıqlar var və tezliklə onun da hakimiyyətdən uzaqlaşacağı gözlənilir.
Ermənilər mövcud hakimiyyətin insan azadlığına etinasız yanaşdıqlarını etiraf etdikləri halda beynəlxalq təşkilatların susqunluğu heç bir ölçüyə sığmır
Ermənistanda vətəndaşın siyasi məhbus kimi həbs edilərək azadlığının əlindən alınması, nəticədə həyatını itirməsi, bu səbəbdən də işğalçı ölkədə narazılıqların olması fonunda Avropa Parlamentinin susqunluğu heç cür qəbul edilən, anlaşılan deyil. Daha dəqiq desək ermənilər özləri belə Ermənistan hakimiyyətinin insan azadlığına etinasız yanaşdıqlarını, söz azadlığının, demokratiyanın kobud şəkildə pozulduğunu etiraf etdikləri halda beynəlxalq təşkilatların susqunluğu heç bir ölçüyə sığmır. Yəni, demokratik təşkilatlar, beynəlxalq qurumlar və hüquqi institutlar ermənilərin özlərindən də çox bu işğalçı ölkənin tərəfini saxlamağa qalxıblarmı?
Azərbaycanda məlum qanun pozuntusuna görə mühakimə olunan məhbusun guya aclıq aksiyası keçirməsini əlində bəhanə edib ölkəmizə qarşı hücuma keçən avroparlamentarilər indi hara baxırlar və niyə ağızlarına su alıb susurlar? Nəinki açlıq aksiyası, ümumiyyətlə heç bir aksiya keçirməyən, bunu ağlından belə keçirməyən azərbaycanlı barədə hay-küy qoparan dırnaqarası demokratlar həqiqətən aclıq aksiyası keçirməsi səbəbindən məhz ölümlə nəticələnən aksiyaya görə niyə Ermənistan hökumətini hədəfə almırlar? Umimiyyətlə, Mger Yegiazaryan ölməmişdən əvvəl belə aclıq aksiyası keçirdiyinə görə, siyasi məhbus məsələsinə görə niyə işğalçı ölkəyə irad tutulmurdu? İndi keçirdiyi aclıq aksiyasına görə ölən siyasi məhbusun məsələsi də Ermənistan əleyhinə arqument hesab edilmirmi? Bu arqument kifayət etmirmi Ermənistanın demokratiyanı, söz, insan azadlığını pozması faktının təsdiqi üçün? Hələ də bu hadisəyə olan susqunluğa nə ad vermək olar? M.Hüseynovun məsələsi ilə bağlı ard-arda bəyanat verən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT-lər erməni cəmiyyətinin hakimiyyətin insan azadlıqlarını, demokratiyanı pozması etirafından sonra daha nəyi gözləyirlər?
Aclıq aksiyasına və ölüm faktına görə reaksiya verilməməsi Ermənistanda demokratiya oyunlarında Qərbin əlinin olduğunu təsdiq edir
Sözsüz ki, qonşu ölkədə yaşananlar Qərbin müvafiq qurumlarının demokratiya maskalarının növbəti dəfə cırılması üçün kifayət edir. Kifayət edir ki, Qərb üçün demokratiyanın, insan azadlıqlarının maraq dairəsində olmadığı üzə çıxsın, təsdiqlənsin. Eyni zamanda bu fakt və həmin bu fakta görə reaksiya verilməməsi də öz növbəsində bir çox məqamlara aydınlıq gətirir və Ermənistanda demokratiya oyunlarında Qərbin əlinin olduğu öz təsdiqini tapır.
Bəlli olur ki, başda Paşinyan olmaqla erməni cəmiyyətini nə demokratiya maraqlandırmayıb, nə söz, nə də insan azadlıqları. Bu işğalçı ölkədə nümayişləri, küçə yürüşlərini ssenariləşdirənləri, təşkil edənləri maraqlandıran Paşinyanın əli ilə mövqeyi ələ keçirmək olub və indi baş verən məlum hadisələrə susqunluqları da bunu təsdir edir. Əks halda siyasi məhbusun ölümü ilə əlaqədar yetərincə səs-küy qoparar, buna görə izahat da tələb edərdilər. Amma biz bunun əksini müşahidə etdik və müşahidələr təsdiq edir ki, Ermənistan hökumətinin nə etdiyi, necə etdiyi zərrə qədər də onları narahat etmir və onlar göz yummaqda da davam edirlər.
Siyasi məhbusun ölümündə günahkar Ermənistan hökumətidir və bu halda ondan hansısa tədbir görəcəyini gözləmək çox gülüncdür
Guya ki, Avropa Birliyi Ermənistan hökumətinin Mqer Yegiazaryanın ölümünün, daha doğrusu qətlinin lazımi şəkildə araşdırılmasını təmin edəcəyini gözləyir. Avropa Birliyinin xarici siyasət komitəsinin mətbuat katibi Maya Kosyanin keçirdiyi brifinqdəcə bunu utanmadan bəyan edib. O qeyd edib ki, Ermənistan İstintaq Komitəsi Yegiazaryanın ölümünü doğrudan da təsdiqləyib. Kosyanin onu da diqqətə çatdırıb ki, AB işgəncə və qəddarcasına rəftar edilmənin əleyhinədir və insan ləyaqətinin istənilən şəraitdə qorunmasının tərəfdardır. Maraqlıdır, belə bir bəyanatla çıxış edən Avropa Birliyi sözçüsü indi hansı qanun pozuntusu halının əleyhinədir və biz bunu necə təyin edək? Belə bir qanunsuzluğun əleyhinə olduğunu təsdiq edən hərhansı fəaliyyət sərgiləmir axı Kosyanin ki, bu fəaliyyəti, yaxud bənzər bəyanatı bunu təsdiq etsin.
Avropa Birliyinin xarici siyasət komitəsinin mətbuat katibi qurumun adından bəyan edir ki, biz Ermənistan hökumətinin ədalətli istintaq aparacağını və istintaqdan sonra lazım olan tədbiri görəcəyini gözləyirik. Bu bəyanat əslində absurd səslənir və kimin nəyi gözlədiyini əvvəlcədən xəbər verir. Əvvəla siyasi məhbusun ölümündə sorumlu, günahkar elə Ermənistan hökumətidir və bu halda ondan hansısa tədbir görəcəyini gözləmək çox gülüncdür. Çünki, sözügedən hökumət tədbir görsə idi əvvəldən görərdi və belə bir hal baş verməzdi. Digər tərəfdən, mətbuat nümayəndəsini siyasi məhbus kimi həbs edib, yəni söz, insan azadlığını hesaba almayan, onun keçirdiyi aclıq aksiyasına, bu aksiyanın ölümlə nəticələnməsinə məhəl qoymayan bir hökumətin ədalətli istintaq aparacağını gözlədiklərini deyən Kosyanin indi kimi aldatmaq niyyətindədir və bu fikirlərinə kim inanar?
Doğrudur, Ermənistanda demokratiya, insan hüquqlarının müdafiəsi, söz azadlığı olmadığını, pafosla işlədilən bu ali prinsplərin komuflyaj kimi istifadə olunduğunu dünya ictimaiyyəti çox yaxşı bilir. İşğalçılıq siyasəti yürüdən, qonşu dövlətin ərazilərini zəbt edən, işğal edən, etnik təmizləmə siyasəti yürüdərək insanları vəhşicəsinə qətlə yetirən, Xocalı faciəsi kimi insanlıq dramına imza atan, milyondan çox insanı yurd-yuvasından didərgin salan işğalçıların insan hüquqlarından, söz azadlığından, demokratiyadan danışmağa zərrə qədər haqqı çatmır və bunu bilməyən də yoxdur. İndi özünü bilməməzliyə vuran beynəlxalq qurumların Ermənistandakı bu son fakt qarşısında qalmalarına rağmən yenə də susmaları, hətta bu işğalçı hökumətin ədalətli istintaq aparacağını gözləmələri onların özlərinin ədalətsizliyini, ədalətsiz yanaşmasını təsdiq edir. Təsdiq edir ki, həmin qurumlar hələ də ikili standarlar siyasətini davam etdirirlər və beynəlxalq təşkilatlar Ermənistan hökumətinə, onun qanunsuz əməllərinə göz yumaraq ədalətsiz mövqe nümayiş etdirirlər. Bir sözlə, ikili standartlar hələ də tətbiq olunur və bu standartları tətbiq edənlərin ədalətdən danışmağa belə haqqı çatmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB