“Bir kəmər, bir yol” unikal layihədir TƏHLİL

“Bir kəmər, bir yol” unikal layihədir TƏHLİL

Çin kimi qüdrətli bir ölkənin təşəbbüskarı olduğu layihəni dəstəkləmək, əməkdaşlıq etmək Azərbaycanla yanaşı digər ölkələr üçün də əhəmiyyətlidir

İsveçrənin Davos şəhərində hər il eyni vaxtda keçirilən İqtisadi Forum dünya iqtisadiyyatının aparıcı ölkələrinin liderlərini bir araya toplayaraq maliyyə, iqtisadi və digər qlobal məsələlərin müzakirəsini, həlli yollarını müzakirəyə çıxarırsa deməli, bu forumun əhəmiyyəti olduqca böyükdür. Davosda keçirilən sonuncu forumda da dünya iqtisadiyyatı üçün çox vacib sayılan bir çox məqamlar müzakirə predmetinə çevrilibsə, deməli müsbət nəticələrə ümid etməyə dəyər.
Dünya iqtisadiyyatının real mənzərəsinə baxış keçirmək və qiymətləndirmək üçün bu forumun rolu əvəzedilməzdir. Forum bir sıra prosesləri dəyərləndirmək, təhlillər aparmaq üçün ən unikal bir platformadır. Sözsüz ki, bu forumlar yaxın və orta perespektiv üçün proqnozlar irəli sürməyə geniş imkanlar açır.

Azərbaycan Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə mərkəzə çevrilib, zəngin infrastruktura sahibdir və ölkəmizə olan investisiya marağı da elə məhz bu səbəbdəndir

Heç şübhə yosdur ki, hər bir ölkənin iqtisadiyyatı dünya iqtisadi sisteminin tərkib hissəsidir. Bunu da etiraf etmək lazımdır ki, heç bir ölkə bu sistemdən təcrid edilmiş vəziyyətdə inkişaf edə bilməz. Hətta dünyanın iqtisadi cəhətdən aparıcı ölkələri belə həm daxilllərində, həm də öz aralarında yanlış siyasət yürütsələr, bu mütləq qlobal böhrana gətirib çıxara bilər. Eyni zamanda bu yanlışlığın bütün ölkələr üçün mənfi təsirlərə gətirib çıxara biləcəyi ehtimalı da inkar edilə bilməz. Bu baxımdan ölkələrdə həyata keçirilən iqtisadi və maliyyə siyasətinin, islahatların nəzarətdə saxlanılması, həmçinin təhlil olunması xüsusilə vacibdir və beynəlxalq sistemdə belə böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də Davos İqtisadi Forumunun rolu danılmazdır və bu toplantı çox mühüm əhəmiyyətə malikdir.
Digər ölkələr kimi Azərbaycanın da bu forumda iştirakı olduqca vacib hesab olunur. Hamı kimi bu forumun ölkəmizə əhəmiyyəti də nəzərdən qaça bilməz. Doğrudur, Azərbaycan fövqəl dövlətlərlə müqaisədə elə də böyük bir ölkə deyil və dünya iqtisadiyyatında cüzi paya sahibdir. Amma bütün bunlarla yanaşı nəzərə almaq lazımdır ki, ölkəmiz olduqca mühüm regionda yerləşir və böyük siyasi, iqtisadi nüfuza, hətta imkanlara sahibdir. Azərbaycanın bu nüfuzu və imkanları ölkə başçımızın yürütdüyü məqsədyönlü, doğru siyasət sayəsində bütün aparacı iqtisadi ölkələrə, eyni zamanda beynəlxalq aləmə lazımınca sübut edilib. Bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibi olan Azərbaycan Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə mərkəzə çevrilib. Neft ölkəsi olan, eyni zamanda qeyri-enerji sektorunun inkişaf etdirilməsi sayəsində böyük potensiala malik Azərbaycan zəngin infrastruktura sahibdir. Ölkəmizə olan investisiya marağının da elə məhz bu səbəblərdən olduğu göz qabağındadır.

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəminin artdığı günün reallığıdır

Ölkə Prezidentinin vurğuladığı kimi, müasir infrastrukturun yaradılması hökumətin əsas məqsədlərindən biridir. Nəzərə almaq lazımdır ki, yol ölkələri, xalqları birləşdirməklə yeni əməkdaşlıq formatlarının yaradılmasında stimulverici amil rolunu oynayır. Coğrafi yerləşmədən faydalanmaq, Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verən infrastruktura sərmayə yatırmaq düzgün siyasət, doğru addımdır. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür və bu ölkəmizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək.
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəminin artdığı günün reallığıdır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası bunu təsdiq edir və yeni-yeni layihələrin reallaşmasına inamı artırır. Artıq Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaradılıb. Bu format isə öz növbəsində gələcək layihələr üçün stimul deməkdir və sözsüz ki, rolu da danılmazdır.
Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Qars dəmir yolu əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan lahihədir. Eyni zamanda nızırı almaq lazımdır ki, bu layihə təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətlidir. Daha dəqiq ifadə etsək, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

Azərbaycan tək özü deyil, özündən şimalda və cənubda yerləşən ölkələrə də Çinin təşəbbüskarı olduğu layihəyə qoşulması üçün imkanlar yaradır

Xüsusil vurğulamaq lazımdır ki, artıq Dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Heç şübhəsiz ki, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu durmadan artacaq. Həmin yoldan bəhrələnəcək ölkələr arasında bu yol sayəsində əməkdaşlıq daha da dərinləşəcək. Ən əsası isə BTQ dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artırır və əlavə imkanlar yaradır. Bu imkanlar isə öz növbəsində əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməyə şərait yaradır.
Azərbaycan tək özü deyil, özündən şimalda və cənubda yerləşən ölkələrə də bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Çünki ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bütün bunlar, daha doğrusu qeyd olunan qlobal layihələr təsdiq edir ki, infrastruktur layihələri olmadan coğrafi mövqeyin elə də böyük bir mənası, əhəmiyyəti yoxdur. Çox sevindiricidir ki, bir artıq bu qlobal layihələr sayəsində ölkələri, eləcə də insanları birləşdirməyə nail olmuşuq.

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsindən sonra Azərbaycanın sözügedən layihədə iştirakı tamamilə məntiqidir

Azərbaycan-Çin münasibətlərinin sessiyada da qeyd olunduğu kimi, artan temp üzrə inkişaf etməsi çox sevindiricidir. Nəzərə alsaq ki, bu gün Çin öz iqtisadi potensialına, inkişaf sürətinə, dinamikasına görə dünyada ən qabaqcıllardandır, deməli, Azərbaycanın Çinlə münasibətlərinin inkişafı xüsusi önəm daşıyır. Tərəflər faydalı şəkildə iqtisadi münasibətləri inkişaf etdirir və göründüyü kimi növbəti illərdə bu münasibətləri daha da dərinləşdirmək niyyətindədirlər. Çinin təşəbbüsü və ölkəmizin bu təşəbbüsü dəstəkləməsi sadalananları təsdiq edir. “Bir kəmər, bir yol” layihəsi İpək Yolu üzərində qurulmuş və Çinin təşəbbüsü ilə irəli sürülmüş bir layihədir. Burada söhbət Asiya bazarı ilə Avropa bazarının birləşdirilməsindən gedir. Bu isə iqtisadi cəhətdən çox möhtəşəm bir layihə olaraq dəyərləndirilir.
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsindən sonra Azərbaycanın sözügedən layihədə iştirakı tamamilə məntiqidir və etiraf etmək lazımdır ki, onun reallaşmasına töhfə vermək imkanları daha da genişlənib. Heç şübhəsiz ki, Azərbaycan məhz Davos İqtisadi Forumu çərçivəsində keçirilən sessiyada bu istiqamətdə öz mövqeyini bir daha təsdiq etdi və həmin layihənin reallaşmasında Azərbaycanın siyasi iradəsi bir daha ifadə olundu. Dünyanın aparıcı ölkələri ilə iqtisadi və siyasi münasibətləri daha da inkişaf etdirmək dinamik inkişafı şərtləndirir və birmənalı olaraq yüksəlişə, inkişafa xidmət edir. Bu baxımdan təşəbbüskarı olduğu layihəni dəstəkləmək fonunda Çin kimi qüdrətli bir ölkə ilə əməkdaşlıq sözsüz ki, həm Azərbaycan, həm də Çin üçün böyük əhəmiyyət kəsb edir və ümumilikdə isə qlobal əhəmiyyəti danılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə