Əli Əhmədov: "İslahatların aparılmasında məqsəd işçiləri ixtisara salmaq deyil" MÜNASİBƏT

Əli Əhmədov: "İslahatların aparılmasında məqsəd işçiləri ixtisara salmaq deyil" MÜNASİBƏT

"Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi bütövlükdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan dərin islahatlar konsepsiyasının bir istiqamətidir". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov vurğulayıb ki, bu islahatlar idarəçilik mexanizminin təkmilləşdirilməsi və daha da yaxşılaşmasını nəzərdə tutur. Amma struktur islahatları heç bir halda işçilərin ixtisar edilməsini nəzərdə tutmur və buna yol verilməyəcək: “Birinci vitse-prezident Mehriban Əliyevanın gösrərişi də elə bundan xəbər verir ki, islahatların aparılmasında məqsəd işçiləri ixtisara salmaq deyil. Söhbət işçilərin ixtisara salınmasından deyil, işçi qüvvəsindən, insan kapitalından daha səmərəli şəkildə istifadə etməkdən, ayrı-ayrı dövlət qurumlarının effektivlik dərəcəsinin artırılmasından, bu qurumlarda çalışan insanların ümumi işin aparılmasına verə biləcəkləri töhfənin artırılmasından gedir. Bizim niyyətimiz də məhz budur”.

Baş nazirin müavini qeyd edib ki, KİV-lərin vəzifəsindən biri Prezidentin həyata keçirdiyi və bununla bağlı Mehriban Əliyevanın göstərişinin həqiqi mahiyyətini insanlara və cəmiyyətə çatdırmaq olmalıdır: "Birinci vitse-prezident Mehriban Əliyeva da artıq açıq şəkildə bəyan edib ki, bu insanlar yenilənən və islahatlar nəticəsində formalaşan qurumlarda işlə təmin olunacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə