"Paşinyan klanı birdəfəlik Ermənistan siyasətindən silməkdə qərarlı görünür" ÖZƏL-RƏY

"Paşinyan klanı birdəfəlik Ermənistan siyasətindən silməkdə qərarlı görünür" ÖZƏL-RƏY

“Bu ilin əvvəlində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra iki ölkə arasındakı danışıqlar bir qədər intensivləşib və sürətlənib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti ölkəsinin durumunu çox yaxşı anlayır və rifahlarının yaxşılaşdırılmasının yolunun Qarabağ probleminin tezliklə həllində görür: “Hazırkı situasiyada Ermənistan tezlikə krizisdən çıxmaq üçün Azərbaycanla anlaşmaq niyyətində olsa da prosesi topraqların işğaldan azad olunması səviyyəsinə gətirib çıxara bilmir. Hazırda “Qarabağ klanı” yenidən Paşinyana qarşı hücumlar təşkil edirlər. Həbsdə olan keçmiş prezident Koçaryan Paşinyanı Qarabağ siyasətində yanlış mövqe tutmaqda suçlayır. Qarabağ kartından istifadə edərək hakimiyyətə gələn Koçaryan yenidən bu üsulu tətbiq etməyə çalışır. Koçaryanın həbsdə olması isə ilk növbədə Rusiyanı bərk narahat edir. Paşinyan isə “Qarabağ klanı”nı birdəfəlik Ermənistan siyasətindən silməkdə qərarlı görünür.

Azərbaycan və Emənistan XİN təmsilçilərinin görüşündə Dağlıq Qarabağ probleminin həlli variantları müzakirə edilərək hələ də ictimaiyyətə açıqlanmayan “açar razılaşması” əldə edildiyini güman edirəm. Bu səbəbdən də “xalqların sülhə hazırlanması” təbliğatı artıq gündəmdədir. Problemin həllinə başlanması isə Rusiyanın bu prosesin necə davam etməsinə münasibətindən asılı olacaq. Rusiya isə məcbur edilməsə prosesə bacardığı əngəli törədəcək. Rusiya XİN təmsilçisi Zaxarovanın davamlı olaraq anti Azərbaycan bəyanatlar səsləndirməsi və Ermənistana simpatiya bəsləməsi birbaşa Putin hakimiyyətinin siyasi xəttidir. ABŞ prezidentinin Paşinyana təbrik məktubunda regionda sülhün təmin edilməsi üçün səy göstərməsini istəməsi bizim üçün müəyyən perspektivlər açır. Yəni ki, problemin həllində Rusiyadan kənar qüvvələrin maraqlı olması işimizə yarayır və bu məsələdə Rusiyanın dominant rolunu bir qədər neytrallaşdırır.

Azərbaycan və Ermnəistan XİN nümayəndələrinin görüşündən dərhal sonra sizin sayta verdiyim müsahibədə bildirmişdim ki, bu görüşdən sonra Paşinyan mütləq Kremlə çağırılacaq və ondan görüşdə əldə olunan razılaşmların həyata keçirilməsi mexanizmi barədə hesab istəniləcək. Görünən odur ki, Ermənistan Rusiya ilə nə qədər korlanmış münasibətdə olsa da onların strateji müttəfiqlik və qarşılıqlı tarix bağlılıqları davam edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə