“Moskva ABŞ-a xəbərdarlıq edir ki, Venesueladakı hadisələrlə bağlı hərbi müdaxilə etməsin”. SİA lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya XİN-nin müavini Sergey Ryabkov “Mejdunarodnaya jizn” jurnalına müsahibəsində bu sözləri bildirib və qeyd edib ki, Kreml bu ölkənin suverenitetliyinin keşiyində durmağa davam edəcək.
Rusiyalı diplomat inanır ki, ABŞ və başqa ölkələr Karakasa təzyiq etməyə çalışırlar və aparılan siyasətə qara yaxmağa cəhd edirlər, həmçinin, yaranmış çətin proseslərdə “odun üzərinə yağ atırlar”. Ryabkovun sözlərinə görə, amerikalıların intervensiyası (hərbi müdaxiləsi) mövcud məqamda fəlakətli ssenariyə çevrilə bilər və bu, inkişafın Latın Amerikası modelinin əsasını silkələyər.
Diplomat hesab edir ki, Rusiya Venesuelanı strateji partnyoru kimi dəstəkləməyə davam edəcək və əməkdaşlıqdan geri dönməyəcək.
“Əgər istəyirsinizsə, bu ölkə ilə onun suverenitetliyinin keşiyində, onun daxili işlərinə müdaxilə olunmasının qarşısının alınmasında eyni sırada dayanarıq”, deyə rusiyalı diplomat deyib.
Qeyd edək ki, Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova özünün Facebook səhifəsində yazıb ki, ölkəsi Venesuelada baş verənləri izləyir və beynəlxalq hüquq, suverenitetlik baxımından bu ölkənin yanındadır, eləcə də həmin ölkənin daxili işlərinə qarışmaq istəyən digər dövlətlər lazım gələrsə, qarşılarında Rusiyanı görəcəklər.
Xatırladaq ki, yanvarın 23-də Venesuela müxalifətinin lideri və parlamentin spikeri Xuan Quaydo kültəvi etiraz aksiyaları zamanı özünü müvəqqəti prezident elan edib və and içib. O, bəyan edib ki, azad seçkilərin keçirilməsi üçün, üzərinə götürdüyü dövlət başçısı öhdəliklərini silahlı qüvvələrin yardımı ilə həyata keçirəcək. Quaydonun müvəqqəti prezidentliyini ABŞ prezidenti Donald Tramp, eləcə də Argentina, Kanada, Peru, Kolumbiya və s. ölkələrin rəhbərləri tanıdıqlarını bəyan ediblər. Rusiya isə bundan imtina edib.
Bundan sonra isə, seçilmiş prezident Nikolas Maduro ABŞ-ı ölkəsində dövlət çevrilişi etməkdə suçlayıb. O, Amerika hökuməti ilə bütün diplomatik münasibətlərə son qoyub və ABŞ-ı Venesueladakı nümayəndələrinə ölkə ərazisini tərk etmək üçün 72 saat vaxt verib.
Etiraz aksiyaları Karakasda Yanvar qiyamının 61-ci ildönümündə baş verib. Həmin vaxt ölkədə hərbi diktatura rejimi tətbiq edən general Markos Peres Ximenes devrilmişdi.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB