"Qərəzli təşkilatların siyasi oyun qurmaq ənənəsi yeni deyil" AÇIQLAMA-ÖZƏL
“Mehman Hüseynov yeni həbs ediləndə demişdim ki, o, kökü beynəlxalq mənbələrə bağlanan “Qrant və şər şəbəkəsinin” qurbanıdır. Bunu təsadüfdən deməmişdim: Azərbaycan ətrafında on illər boyunca oynanılan oyunlara, eyni zamanda Mehman Hüseynovun ailə üzvlərinin həmin dövrdəki açıqlamalarına əsaslanıb demişdim. Mehman Hüseynov, sözün həqiqi mənasında uşaqdır. Yaşı, təhsili, təcrübəsi iddialarına adekvat deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Mehman Hüseynovun xəbər istehsalı sahəsində təcrübəsiz olduğunu deyən qurumun sədr müavini söyləyib ki, hazırladığı materiallarda hüquqi və etik çərçivələri gözləmir: “Bunu ailəsi də anlayırdı. Qardaşı Emin Hüseynov həmin vaxt mətbuat üçün müsahibəsində açıq mətnlə bildirirdi ki, “Mehman bir sıra hallarda çox ciddi səhvlərə, şişirtmələrə yol verir, ümumiləşdirmələrini makroskopik səviyyədə aparır. Çox mümkündür ki, onun ətrafındakılar Mehmanı davakarlığa, toqquşmaya sövq edirlər, onda eyforik durum yaradırdılar”. Bu açıqlamadan aydın görünürdü ki, Mehmanın ətrafında baş verənlərdən ailəsi də məlumatlıdır. Sadəcə onu qoşulduğu şəbəkənin əlindən alıb qoruya bilmirlər. Yuxarıdakı cümlələrin müəllifi olan qardaşı da bu gün həmin şəbəkələrin təsirindədir, “hazır mətnləri” oxuyur”.
M. Ələsgərli qeyd edib ki, özünü “beynəlxalq təşkilat elan etmiş”, reallıqda isə siyasi alətə çevrilən və Azərbaycana qarşı daimi qərəzli mövqe nümayiş etdirən təşkilatların ölkəmiz ətrafında fərqli oyunlar qurmağa çalışması ənənəsi yeni deyil: "Bu şəbəkənin üzvləri nəinki baş vermiş hansısa hadisədən istifadə edib anti-Azərbycan təbliğat qururlar, eyni zamanda, özləri müxtəlif təxribatlar törədirlər, qondarma hadisələr yaradırlar ki, "danışmağa söz tapsınlar”, ittiham etməyə əsas yaratsınlar. Bu, köhnə taktikadır və çoxdandır ki, ifşa edilib. Amma təəssüf ki, ifşa edilsələr də, əməllərindən əl çəkmirlər, yeni-yeni təxribatlar törədirlər, yeni-yeni qurbanlar hazırlayırlar. Mehman Hüseynov da onların sırasından bir qurbandır. Bu uşağın anlaqsızlığndan istifadə edib onu həvəsləndirirlər, təxribatlara çəkirlər və hərəkətləri ətrafında beynəlxalq kampaniyalar qururlar”.
“Çaşqınlıq yaranmasın deyə onu qeyd edim ki, beynəlxalq rəy Azərbaycana qarşı deyil, çünki bunun üçün əsas da yoxdur. Ortada bir qrup şəxsin və təşkilatların oyunu, bu oyunları hazırlayıb icra edən şəbəkə var. Şəbəkəyə prosesi maliyyələşdirən donor institutlardan başlamış, çeşidli ssenarilər hazırlayan institutlara, bu ssenariləri icra edən yerli QHT-lərə qədər çoxsaylı qurumlar daxildir. Bu oyunu çözmək, həqiqəti ortaya çıxarmaq lazımdır ki, əlavə heç kimsə onların qurbanına çevrilməsin”,- deyə qurum rəsmisi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB