Elman Nəsirli: “Metyu Brayzaya güvənməklə özümüzü aldatmış olarıq”
Ermənistan, erməni lobisi və diasporu çox ciddi səylə çalışır ki, Metyu Brayzanın Azərbaycana təyinatı baş tutmasın. Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.
Onun sözlərinə görə, lakin aralıq seçkilərdə ermənipərəst demokratların məğlub olması və respublikaçıların həm nümayəndələr palatasında əksəriyyət təşkil etməsi eyni zamanda senatda sayların artırılması Metyu Brayzanın konqresdə təsdiqi üçün geniş imkanlar açıb: "ABŞ prezidenti Barak Obama bundan istifadə edərək öz təyinatını həyata keçirdi. Mənim fikrimcə təsdiqlənmə məsələsində heç bir problem olmayacaq. Bu artıq Ermənistan diplomatiyasının, lobbisinin və diasporunun məğlubiyyətidir. Çünki, onlar bu təyinatın əleyhinə idilər".
E.Nəsirli bildirib ki, ümumiyyətlə Metyu Brayzanın kadrlarından çox şey asılıdır: "Kadrlar peşəkar olduqda onların problemə yanaşma üsulu fərqli olur və həlletmə imkanları da geniş olur. Metyu Brayza kifayət qədər peşəkar diplomatdır. Regionu çox gözəl tanıyır. Münaqişənin tənzimlənməsinin bütün detallarına bələddir. Əslində Birləşmiş Ştatların Qarabağ probleminin həllində, bu vaxta kimi məsələyə yanaşmasında dönüş baş verməlidir. Bir şəxsin dəyişməsi ilə münaqişənin həllində elə də ciddi bir dönüşün olmasını qeyd etmək düzgün olmazdı. Dönüş rəsmi Vaşinqtonun Cənubi Qarabağ siyasətinin özündə olmalıdır. Bu baş verərsə Metyu Brayzanın məsələni yerində icra etməsi və həyata keçirməsi üçün yaxşı imkanları var. Təki bu dəyişiklik və dönüş rəsmi Vaşinqtonda, Dövlət Departamentində baş versin. Dövlət departamenti hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma bundan artıq əməli addım atmayıb. Belə olan təqdirdə Metyu Brayzanın təyinatı müsbət addım olsa belə, onun gücü və imkanları o zaman artacaq ki, Dövlət Departamentində ona yeni tapşırıqlar, tövsiyyələr verilsin və Amerika son dərəcə münaqişənin həllində maraqlı olduğunu nümayiş etdirsin. Bu səbəbdən tək Metyu Brayzaya güvənməklə özümüzü aldatmış olarıq".
Politoloq vurğulayıb ki, hal-hazırda Azərbaycanda nə atəşkəs, nə də müharibədir: "Müharibənin başlanma ehtimalı hər zaman var. Lakin müharibənin başlanılmasına beynəlxalq birlik əleyhinədir. BMT-nın 192 ölkəsindən 191-i (Azərbaycanı çıxmaqla) torpaqların hərbi yolla azad edilməsinə dəstək vermirlər. Bu səbəbdən bizim üçün dayaq yalnız güclənməkdir. Azərbaycan güclənməkdədir və davamlı şəkildə bunu həyata keçirir. Onlar bildikdə ki, Azərbaycan 100% müharibəyə başlamaq qüdrətindədir o zaman hərəkətə gəlib Ermənistana daha ciddi təzyiq edəcəklər. Nə qədər acınacaqlı olsa da, belə bir reallıq var ki, bugünki dünyanı hüququn gücü yox, gücün hüququ idarə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB