Bolqarıstan 47 diplomatını geri çağırır

Bolqarıstan 47 diplomatını geri çağırır

Bolqarıstan xaricdə fəaliyyət göstərən 47 səfirini və baş konsulunu geri çağırmağa hazırlaşır. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, bunun səbəbi isə diplomatların kommunist dövründə agentlik etmələridir. Geri çağrılacaq şəxslər içərisində Bolqarıstanın Ankaradakı səfiri Krasimir Tuleçki də var.

Bolqarıstanın Nazirlər Kabineti diplomatların geri çağrılmasına dair sərəncamı hazırlayıb. Geri çəkiləcək 47 diplomatın 42-sinin kommunizm dövründə Bolqarıstanın DS adlı dövlət təhlükəsizlik xidmətinin agenti olduqları açıqlanıb.

Prosedura görə, aralarında İstanbul baş konsulu Yevgeni Genev və Edirnədəki baş konsul Vəlço Markovun da olduğu 8 diplomatın geri çəkilməsi üçün prezident Georgi Pirvanovun təsdiqinə ehtiyac olmayacaq. Aralarında Ankara səfiri Krasimir Tuleçkinin də olduğu 39 səfirin geri çağırılmasına dair fərmanı isə prezident imzalamalıdır.

Nazirlər Kabineti tərəfindən təsdiqlənərək Prezident Administrasiyasına göndərilən qərarı özü də keçmiş kommunist polis agenti olan prezident Pirvanovun imzalayıb-imzalamayacağı isə bilinmir. Pirvanov daha öncə verdiyi açıqlamada səfirlərin geri çağırılmasına sərt şəkildə etiraz edərək, bu səfirlərin professional diplomatlar olduğunu bildirmiş, hökumətin də professional davranmasını istəmişdi. Baş nazir Boyko Borisov isə agent diplomatların Bolqarıstanı utandırdığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə