Onlar eyni tarixi keçmişi, eyni dili, dini və ənənələri paylaşırlar. İstər Nyu-York, istər Sinqapur, istəsə də Parisdə yaşayan Çin diasporunun üzvləri kimliyini heç bir vaxt unutmurlar. Diaspor "səpələnmə" mənasına gələn yunan sözüdür. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşaraq buranın daimi sakinlərinə çevriliblər. "Diaspor" kəlməsi də məhz onların dilindən yaranıb. Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.
Müqəddəs kitab hesab edilən Tövratda isə "diaspor" yalnız Fələstin torpaqlarından kənarda yaşayan yəhudiləri müəyyən edən termin kimi işlənilir. Amma vaxt keçdikcə, "diaspor" sözünün məzmunu dəyişir və çox vaxt səhv olaraq mühacirətdə yaşayan bütün xalqlar və onların yayılma hərəkətliliyi üçün istifadə edilir. Ancaq bu söz hansı şəkildə, hansı mənada istifadə edilməsinə baxmayaraq, bütün diasporların təməlində mütləq bir fəlakət yatır.
Tarixçilər xalqların sürgün məcburiliyini üç səbəblə əlaqələndirirlər. Birincisi, fələstinlilər və bir zamanlar yəhudilərin vəziyyəti kimi, vətənlərinin olmaması hesab edilir. İkincisi, müvəqqəti bir çətinlik, ya da təzyiqlərə görə, ölkədən köç etməsi. Vətəndaş müharibəsi sonrası ölkələrini tərk edən yunanlar, vyetnamlılar, irlandiyalılar və basklar bu kateqoriyaya aid edilir.Üçüncü səbəb isə ölkədəki iqtisadi gerilik və həyat modelinin münbit olmamasıdır. Livan və hind diasporları bu qəbiləyə aid edilir.
Yəhidi dilində yəhudilərin Babildən qovulması ilə başlayan diaspor "galut" olaraq xatırlanır. Diasporun ümumi cəhətlərinə baxdıqda, bütün diasporların iqtisadi baxımdan geri, əhəmiyyətli silahlı qarşıdurmalara məruz qalmış və nisbi olaraq da sürətli bir əhali artımına sahib bölgələrdən yola çıxdığını görürük. Bir sözlə, kimsə zəngin və siyasi quruluşu sabit olan ölkələri tərk etmir. Sürgün hər zaman diaspor mənasını daşımır. Müəyyən qruplar bir ölkədə əhəmiyyətli bir immiqrat birliyi yarada bilərlər. Amma diasporluğu hər vaxt qazana bilmirlər.
Bunun üçün həmin insanların ortaq bir dini, dili və mədəniyyəti olması lazımdır. İki əsr boyunca Afrikadan Amerikaya qul kimi daşınan milyonlarla zəncinin bir diaspor yarada bilməməsinin səbəbi fərqli dil, din və mədəniyyətlərə sahib olmasıdır. Bunlar belə diaspor üçün kifayət edirmi? Tarixçilərə görə, diasporun yaranmasında bunlarla yanaşı ağrılı bir keçmişin olması, həm də bu ağrının ortaq bir tarix halına çevrilməsi lazımdır. Və son olaraq diasporun təməl bir xüsusiyyəti də içində yaşadığı cəmiyyətlə inteqrasiya olunmamasıdır. Yəni, xarici ölkələrdə həmin immiqrat kütləsinin öz ənənəsini həssas bir şəkildə davam etdirməsidir. Buna görə də bu gün sürgündəki bəzi birliklər üçün "diaspor", digərləri üçün isə "lobbi" ifadəsi işlənilir.
Azərbaycanda "diaspor" anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlayıb. XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlayıb. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlib və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırım, etnik təmizləmə siyasəti də belə məkirli strateji niyyətlərə xidmət edib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu tamamilə yeni bir situasiya formalaşdırıb. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoyub. Təsadüfi deyil ki, bu dövr azərbaycanlıların xaricə axınının ən kütləvi miqyasda təzahür etdiyi mərhələlərdən birini təşkil edib.
1949-ci il fevralın 1-də Türkiyənin Ankara şəhərində "Azərbaycan Kültür Dərnəyi"nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım idi. II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar olub. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artıb. Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər və müharibədən sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşan azərbaycanlılar idi. Sovet rejiminin amansız və qəddar cəza mexanizmləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirib və beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olub. Qeyd etmək lazımdır ki, təxminən 30 milyon azərbaycanlının tarixən yaşadıqları İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasından gedənlərin sayından qat-qat çox olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB