Tural Gəncəliyevin verəcəyi töhfələri mühümlüyü ilə seçiləcəkdir
Məlum olduğu kimi, bugünlərdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbər strukturunda dəyişiklik olub. İcmaya yeni rəhbər olaraq, Tural Gəncəliyev təyin olunub və bu təyinat bütövlükdə qarabağlılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Daha dəqiq desək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının 20 dekabr tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri seçilən T.Gəncəliyevin ictimai əsaslarla fəaliyyət göstərərək icmanın fəaliyyətinə öz töhfəsini verəcəyini bu icmaya üzv olan hər bir qarabağlı inanır və dəstəkləyir.
Lakin T.Gəncəliyevin icmaya rəhbər olaraq təyin eidlməsinin digər mühüm amilləri də vardır ki, bütün bunlar onun Qarabağımızın tarixi, ənənələri və s. özəllikləri ilə bağlıdır. İlk öncə qeyd edə bilərik ki, Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Azərbaycanımızın qədim şəhəri, Qarabağımızın gözü hesab edilən Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məhşur məhəllələrindən biri sayılan “Çölqala Məhəlləsi”ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Uzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirən T.Gəncəliyev, artıq uşaqlıq dövrlərindən milli xüsusiyyətlərin formalaşmasında bu amillərdən bəhrəsini alıb. Məsələn, onun sonradan musiqi təhsili alması, Azərbaycanın və Qarabağın musiqi sənətinin dərinliklərini öyrənməsi onun tarixi Şuşa məhəlləsində böyüməsinin bariz göstəricisidir. O, daha sonra Şuşanın Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayanda da, qədim Qarabağ irsinin öyrənilməsində, dərk edilməsində marağını göstərib.
İbtidai təhsilini 4 saylı orta məktəbdə alan T.Gəncəliyev eyni zamanda, 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub. Ümumiyyətlə, bu gün Qarabağın canlı ensiklopediyaları sayılan ağsaqqalları da bu soyadın ziyalı, müəllim zümrəsinə aid olduğunu bildirirlər. Belə ki, T.Gəncəliyevin atası Babaşah Gəncəliyev Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru olub və bu maraq da yeniyetmə Turalda öyrənmək, müxtəlif təhlillər aparmaq həvəsini yaradıb. Məhz həmin zamanlarda o, atasının direktor çalışdığı Şahmat Məktəbində
bu qədim oyunun sirrlərinə yiyələnib, şahmat təlimi alıb. Əbəs deyil ki, o, Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarından iştirak edib, müxtəlif musiqi festivalları və turnirlərin qalibi olub.
Lakin təəssüf ki, mənfur erməni işğalçılarının və separatçılarının çirkin məqsədləri növbəti dəfə Qarabağımızın üzərini alıb, dədə-baba torpaqlarımıza düşmən təcavüzü həyata keçirilib. Həmin ərəfələrdə, Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən onun ailəsi Bakı şəhərinə köçüb və məcburi köçkün olaraq, orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib.
Lakin uğurlar qazanmaq həvəsi heç zaman onu tərk etməyib. 1995-ci ildə Bakıda musiqi məktəbləri arasında keçirilmiş Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqi müsabiqəsinin qalibi olub və Dövlət Filarmoniyası və Rəşid Behbudov adına mahnı teatrında musiqi proqramları ilə çıxış edib.
T.Gəncəliyev ali təhsilini hüquq ixtisası üzrə alıb və 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib.
Onun iş karyerası da olduqca mühüm istiqamətlərdə müəyyənləşib. Belə ki, T.Gəncəliyev, 5 avqust 2004-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib.
Onun diplomatik sahədə çalışması nəticə olaraq, siyasi bilgilərinin artmasına, dövlətin mövqeyinin qorunması istiqamətindəki fəaliyyətinə mühüm təkanlar verib. İşində nöqsansız çalışan T.Gəncəliyev 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinə ezam edilib. Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində isə o, birinci katib vəzifəsini alıb.
2014-cü ilin 1 oktyabr tarixindən etibarən, Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinə birinci katib vəzifəsinə təyin edilib. 2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində “İnsan hüquqları və məcburi köçkünlər haqqında” Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilən T.Gəncəliyev Azərbaycanın haqq səsini Avropaya çatdırıb və bir qarabağlı olaraq, dədə-baba yurdundan qaçqın düşən yüz minlərlə insanın adından erməni işğalı barədə danışıb, Xocalı, Qaradağlı və s. faciələr barədə avropalıları məlumatlandırıb.
2018-ci ilin 1 oktyabr tarixindən etibarən, o, Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb. Eyni zamanda, Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində bir sıra diplomatik kurslar və seminarlarda iştirak etmək məqsədilə xarici dövlətlərə - Almaniyaya, Bolqarıstana, Misirə və s. ölkələrə ezam edilib. Onun diplomatik fəaliyyəti xarici dilləri də dərindən öyrənməsinə geniş şərait yaradıb. T.Gəncəliyev ingilis, fransız və rus dillərində sərbəst şəkildə danışır və yazır.
Beləliklə, Qarabağ icmasının rəhbəri olaraq, onun qarşıda görəcəyi hər bir iş erməni təcavüzkarları tərəfindən işğal edilmiş ərazilərimizin qaytarılması istiqamətində dövlətimizin apardığı qətiyyətli siayasətinə dəstək ola bilər. Çünki həm bir ziyalı, həm də bir diplomat kimi T.Gəncəliyevin bu kimi işlərdə verəcəyi töhfələri mühümlüyü ilə seçiləcəkdir. Söz yox ki, məhz bu amillər də qarabağlıların diqqətindən yayınmayıb və onun təyinatı birmənalı olaraq dəstəklənib, ona uğurlar və yeni-yeni nailiyyətlər arzulanıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB