Aydın Quliyev: “İsa Qəmbər nə demək və ya nə etmək istədiyi haqda düşünsə daha yaxşı olar”-  AÇIQLAMA

Aydın Quliyev: “İsa Qəmbər nə demək və ya nə etmək istədiyi haqda düşünsə daha yaxşı olar”- AÇIQLAMA
"İsa Qəmbər nə demək və ya nə etmək istədiyi haqda düşünsə daha yaxşı olar". Bu sözləri SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Müsavat başqanı İsa Qəmbərin "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən 2001-ci ildə aldığı "Jurnalistlərin dostu" mükafatından imtina etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu cür addımlar hazırkı Azərbaycanda nə media sahəsində, nə də siyasətdə gedən prosesləri hansısa istiqamətə yönəldə, dəyişdirə bilməz.

Onun sözlərinə görə, siyasi meydandakı münaqişələri mətbuat müstəvisinə daşımaq düzgün deyil. "Artıq bir neçə ildir ki, ölkədə maraqlı proses başlayıb. Əgər bir vaxtlar mətbuatla siyasi partiyalar bir- birilə çox sıx şəkildə bağlı idisə, bu gün artıq mətbuatın siyasi partiyalardan bir institut olaraq ayrılması formasında mütərəqqi, əhəmiyyətli, lazımlı proses gedir. Ona görə də fikrimcə İsa Qəmbərin bu addımı mediada hansısa bir formada dəyişiklik yarada bilməz. İlk növbədə jurnalistlərin seçiminə hörmətlə yanaşılmalıdır. O elə bir mükafatdır ki, vaxtilə İsa Qəmbərin özünə, Əli Kərimliyə də verilib. Necə olur ki, İsa Qəmbərə və ya başqasına veriləndə duzgün sayılırdı, amma bu gün ölkə başçısına veriləndə düzgün sayılmadı. İnsanlar bu mükafata olan münasibətini hər şeydən əvvəl jurnalistlərin seçiminə hörmət prinsipi çərçivəsində qurmalıdırlar. Məncə jurnalistlərin dostu mükafatı bir proses olaraq davamlı olmalıdır. Hər kimin onu qəbul edib- etməməyindən asılı olamayaraq biz bu prosesi davam etdirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə