“Rusiya-ABŞ münasibətləri yenidən gərginləşdi" ÖZƏL-ŞƏRH

“Rusiya-ABŞ münasibətləri yenidən gərginləşdi və geosiyasi proseslərə neqativ təsirini artırdı. Gərginliyin mənbəyi ABŞ olaraq qalır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Dondald Tramp Putinlə Parisdə I Dünya Müharibəsinin başa çatmasının 100 illiyi tədbirləri çərçivəsində görüşü planlaşdırılsa da sonrada ABŞ tərəfinin Fransaya təkidli müraciəti ilə bu görüş ləğv edildi: “Fransa protokolu ziyafət masasında Trampla V.Putinin yerini yanaşı müəyyənləşdirmişdi. Ən son anda ABŞ tərəfinin təkidi ilə bu da dəyişdirildi. Fransada görüşlər təxirə salınarkən G-20-nin Argentina sammitində görüşün baş tutacağı ümidi verilirdi. V.Putinlə D.Trampın Argentinada görüşü planlaşdırılarkən Kerç insidenti baş verdi. Bu hadisə ilə bağlı ən ilkin versiya P.Poroşenkonun Argentinada nəzərdə tutulan Tramp-Putin görüşünü pozmaq versiyası oldu. Az sonra Rusiya mətbuatı bu versiyanı “unutdu”. İnsidentin səbəbi kimi P.Poroşenkonun Ukraynada fövqəladə vəziyyət elan etmək niyyəti göstərildi; P.Poroşenko bu insidentlə hərbi vəziyyət elan edir. Nəticədə prezident seçkiləri təxirə düşür. Ukrayna parlamenti qismən fövqəladə vəziyyət elan etməklə prezident seçkilərinin vaxtını da müəyyənləşdirdi. Yeri gəlmişkən V.Putin bu hadisələrdən sonra da yenə əsas səbəb kimi Poroşenkonun seçkilərsiz prezident qalmaq niyyətini göstərdi. Hər iki versiyanı mövcudluq hüququnu tanıyaraq hesab edirik ki, bu 2 versiya bir-birini tamamlayır. D.Trampa V.Putinlə görüşü ləğv etmək üçün bəhanə lazım idi. O, bunu Kerçdəki insident vasitəsilə reallaşdırdı. ABŞ-la sıx əlaqələri olan P.Poroşenko həm də öz niyyətini reallaşdırmağa cəhd etdi.

D.Tramp istədiyinə nail olsa da P.Poroşenko arzusuna çatmadı. Putinlə görüşün bütün təfərrüatları hazırlandıqdan sonra D.Tramp Kerç insidentinə görə Putinlə Argentinadakı görüşünü təxirə saldığını elan etdi. Ehtimal ki, Putinlə görüş təyin edib, sonradan təxirə salmaq taktikası Trampın yeni mübarizə variantıdır. Trampın V.Putindən gözlədiyi yeganə məsələ qarşıdan gələn prezident seçkilərinə müdaxilə etməməsidir. Amma D.Tramp bunu Putindən necə əldə edəcəyinin yolunu tapa bilmir. Tramp-Putin görüşünə RF prezidenti V.Putinin daha çox maraqlı olduğunu görən Tramp V.Putinin bu marağını idarə etmək istəyir. Reallıqda Putinin ABŞ-dakı seçkilərə qarışmamaq öhdəliyini götürməsi mümkün olsa da bu Trampın şübhələrinə son qoymayacaq. Qalan bütün məsələlərdə Rusiyanın işləri V.Putinin planlaşdırdığı qaydada gedir. Hətta P.Poroşenkonun da atdığı addımların V.Putinin maraqlarına uyğun olduğunu bildirmək olar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə