Səməd Seyidov: “Əhəmiyyət və maraq nöqteyi nəzərdən uzun müddətdir ki, Avropa Şurasında belə vacib sessiyanı müşahidə etməmişəm” - MÖVQE

Səməd Seyidov: “Əhəmiyyət və maraq nöqteyi nəzərdən uzun müddətdir ki, Avropa Şurasında belə vacib sessiyanı müşahidə etməmişəm” - MÖVQE
"Avropa Şurasının yanvar sessiyası çox maraqlı bir sessiyadır. Bəlkə də əhəmiyyət və maraq nöqteyi nəzərdən uzun müddətdir ki, Avropa Şurasında belə vacib sessiyanı müşahidə etməmişəm". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, yalnız ona görə yox ki, orada Azərbaycan məsələsi müzakirə olunacaq. S.Seyidov bildirib ki, təbii Azərbaycan məsələsi yanvar sessiyasında da gündəmə gətiriləcək, Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabat səsləndiriləcək.

O vurğulayıb ki, I gün "Progress report" adı altında təqdim olunan hissədə başqa ölkələrdə keçirilən seçkilərlə yanaşı Azərbaycanda da keçirilən seçkilər müzakirə olunacaq.
"Bir anlığa gündəliyə nəzər salsaq görərik ki, bu sessiyada bizim üçün çox vacib, maraqlı və əhəmiyyətli olan məsələlər var və gündəlik iclaslarda bunun şahidi olacağıq. Avropa Şurasında artıq xüsusi bir komitə yaradılıb və burada uzun müddət qapalı çərçivədə aparılan müzakirələr Avropa Şurasının islahatları adı altında təqdim ediləcək. Avropa Şurası mütləq öz içərisində islahatları aparmalıdır. Ona görə ki, müasir tələblərə cavab vermək, müasir prosesləri görmək, onları düzgün qiymətləndirmək Avropa Şurasında normal şəkildə getmir. Bunu dəfələrlə demişdik və vurğulamışdıq. Çox yaxşı ki, Avropa şurasının rəsmiləri, yüksək səviyyəli insanları da bu prosesə artıq başlayıblar", - deyə o əlavə edib.

S.Seyidov qeyd edib ki, qış sessiyasında ənənəvi olaraq insan haqları ilə bağlı Azərbaycan öz fikirlərini bildirəcək. Qaçqın və məcburi köçkünlər problemlərinin də bu sessiyada gündəlikdə olan məsələlərdən biri olduğunu deyən nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, bundan əlavə, iclaslarda jurnalistlərlə bağlı müzakirələrdə öz sözlərini, fikirlərini səsləndirəcəklər: "Elə bir sessiya olmayıb ki, orada Dağlıq Qarabağ bağlı məsələni hansısa formada gündəmə gətirməyək. Bu dəfə də Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək, ancaq hansı formada, müstəvidə və ya səviyyədə olacağını demək hələki tezdir. Amma hesab edirəm ki, biz hər bir sesisyada, iclasda ən ağır problemimiz haqqında danışmalı və onu gündəmə gətirməliyik. Bu bizim vəzifə borcumuzdur. Çünki Avropa deputatları bu reallığı yaxından bilməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə