Mənəvi Dəyərlərin Təbliği Fondu qalibləri mükafatlandırıb YENİLƏNİB-VİDEO-FOTOLAR

Mənəvi Dəyərlərin Təbliği Fondu qalibləri mükafatlandırıb YENİLƏNİB-VİDEO-FOTOLAR

Bu gün Bakıda "Media və mənəvi dəyərlər" mövzusunda konfrans və eyni adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə mətbuat nümayəndələri, qəzet redaktorları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov mərasimi giriş sözü ilə açaraq Fondun gördüyü işlər və müsabiqənin əhəmiyyəti barəsində danışıb və qalibləri təbrik edib. O bildirib ki, Fond tərəfindən bir çox qurumlarla mənəvi dəyərlərin təbliği ilə bağlı müsabiqələr keçirilib: “Biz artıq görürük ki, gələcəkdə gənclər arasında bu cür formatda konfransların təşkili ilə yanaşı, müsabiqələrin keçirilməsinə də ehtiyac var. Azərbaycan mediası böyük gücdür və müasir dünyada da medianın rolu artıq hər kəsə məlumdur. Media hər yerə, hər qapıya ayaq aça bilir. Ona görə də biz belə düşündük ki, media nümayəndələri arasında da mənəvi dəyərlərlə bağlı müsabiqə təşkil edək. Gələcəkdə media ilə bağlı tədbirlərdə daha fərqli, geniş müsabiqələr təşkil etmək fikrindəyik”.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək Fondla mətbuatın birgə əməkdaşlığından danışıb və mətbuatın ictimai fikirdə, cəmiyyətdə oynadığı rolu qeyd edib: “Media və mənəvi dəyərlər” mövzusu çox akualdır. Mənəvi dəyərlərimiz bizim mənəvi zənginliyimizdir. Bizim milli ideologiya, milli tarix, dil, din, mədəniyyət, incəsənət və ədəbiyyatımız, milli özünüdərk, ailə, daxili şəxsiyyətlərimiz, musiqimiz, muğamlarımız bizim milli mənəvi dəyərlərimizdir. Yəni müasir dövrdə bunu qorumaq, saxlamaq və gələcək nəsillərə ötürmək birbaşa mətbuatın və bu gəncliyin qarşısında duran əsas vəzifədir. Hesab edirəm ki, biz bu məsələdə cəmiyyətdə, ictimai fikirdə milli ideyanı formalaşdıran gənclik, QHT institutu və o cümlədən mətbuat institutu həmrəylik nümayiş etdirib mənəvi dəyərləri qoruyub saxlamaq və gələcəyə deqradasiyasız ötürməyə borcluyuq”.

Daha sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, millət tarixi inkişaf prosesində meydana çıxan sosial identifikasiyadır, bunu müəyyən edən də elə məhz mənəvi dəyərlərdir. Deputat qeyd edib ki, milli-mənəvi dəyərlər hər bir xalqın inkişafında əldə etdiyi intellektual müstəvidə proyeksiya olunan hadisədir: "Azərbaycan cəmiyyətində insanlar etnik, irqi, dini mənsubiyyətinə görə fərqli ola bilər. Lakin onları burada bir-birinə bağlayan dəyərlər eynidir. Əgər biz yaşadığımız məkanda xalq kimi formalaşmasaydıq, var olmaq üçün mücadilə etməsəydik, o zaman indiki keyfiyyətlərə malik olmazdıq".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qalibləri təbrik edərək mətbuatın cəmiyyətin həyatındakı rolunu dövlətçilik maraqlarının, milli mənəvi dəyərlərin qorunması baxımından yüksək qiymətləndirib və müsabiqədə KİV nümayəndələrinin böyük həvəslə iştirak etdiklərini deyib. O, milli mənəvi dəyərlərimizin təbliğində KİV nümayəndələrinin əməyini yüksək qiymətləndirərək belə müsabiqələrin mütəmadi keçirilməsinə ümid bəslədiyini bildirib.

Daha sonra digərləri çıxış edərək mövzu ilə bağlı dəyərli fikirlərini bildiriblər.

Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə