Ziyafət Əsgərov: “Münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürmüş Rusiya yenə də Ermənistanı silahlandırır”

"Çox təəssüf edirəm ki, münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürmüş həmsədr ölkələrdən biri olan Rusiya yenə də Ermənistanı silahlandırır". SİA-nın xəbərinə bunu jurnalistlərə açıqlmasında Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib.

 

O qeyd edib ki, Rusiyanın Ermənistanı silahlandırması sülhyaratma missiyasına xələl gətirən amillərdəndir: "Biz dəfələrlə, hələ Boris Yeltsinin vaxtından demişik ki, bu məsələnin qarşısı alınsın. Çox təəssüf edirəm, müəyyən komissiyalar da yaratdılar, ancaq bunun heç bir nəticəsi olmadı. Bu gün də sülhyaratma missiyasını həyata keçirməyə borclu olan dövlət Ermənistanı silahlandırır. Bu, açıq-aşkar görünən bir məsələdir. Biz bundan çox narahatıq. Ancaq onu da qeyd etməliyəm ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanın Ermənistanda mövcud olan silahdan 10 dəfə artıq silahı var. Və Azərbaycan istənilən zaman öz ərazisini hərbi yolla azad etməyə hazırdır. Buna heç kimin şübhəsi olmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə