Ermənistan böhranının görünməyən tərəfləri hələ qabaqdadır ANALITIK

Ermənistan böhranının görünməyən tərəfləri hələ qabaqdadır ANALITIK

Növbədənkənar parlament seçkiləri vəziyyəti daha da gərginləşdirib

Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, ölkədaxili vəziyyət, xüsusilə ictimai rəy arasında fikirlər haçalanmaqda, eləcə də gərginləşməkdədir. Qeyd edək ki, hətta Paşinyanın partiyasında belə bu və ya digər şəkildə ziddiyyətlər yaşanmağa başlayıb.

Lakin bununla yanaşı, xüsusilə, köhnə sistemin təmsilçiləri Nikol Paşinyanın buraxdığı səhvlərini necə deyərlər, açıq şəkildə üzünə vururlar. Digər məsələlərdə ittihamlara məruz qalan Paşinyanın öz təbliğatı ilə vaxtından əvvəl məşğul olması isə erməni ictimai rəyində anlaşılmır.

Armen Aşotyan: “Cənab Paşinyan, bir özünüzlə maraqlanın, siz baş nazir vəzifəsini icra edirsiniz, yoxsa “Vətəndaş sazişi” partiyasının təbliğatçısısınız?”

SİA xəbər verir ki, Respublika partiyasının sədr müavini Armen Aşotyan Facebook səhifəsində bu haqda yazıb və qeyd edib ki, o, öz təbliğatını faktiki olaraq, bir həftə əvvəldən başlayıb.

“Dövlətin ona işi ilə bağlı təqdim etdiyi resurslardan və imkanlardan istifadə edərək, o Qeqarkunikdə keçirdiyi görüşlərdə öz təbliğatını aparıb”, yazan Aşotyan onu da bildirib ki, bu birmənalı olaraq yolverilməzdir və Paşinyan seçki kodeksini pozur. O, sual edib: “Cənab Paşinyan, bir özünüzlə maraqlanın, siz baş nazir vəzifəsini icra edirsiniz, yoxsa “Vətəndaş sazişi” partiyasının təbliğatçısısınız?”.

“Nikol baş nazir” seçki şüarı partiyasında narazılıq yaradıb

Bu arada, “Haraparak” qəzeti yazır ki, Nikol Paşinyanın “Nikol baş nazir” şüarı ictimai rəyə sızdıqdan sonra, bu məsələ sosial şəbəkələrdə və “Vətəndaş sazişi” partiyasında kəskin səs-küyə səbəb olub. Nəticədə onlar bu şüarı dəyişməyə məcbur olublar. Təbliğat şüarının müəllifi “Vətəndaş sazişi” partiyasının idarə heyətinin üzvü Alen Simonyan olsa da, “Mənim addımım” seçki blokunda bu şüar birmənalı olaraq qarşılanmayıb. İddia olunur ki, bu şüar heç də uğurlu deyil və seçkilərdə iştirak edəcək digər siyasi gücləri aşağılamağa hesablanıb.

Görünən isə budur ki, növbədənkənar parlament seçkiləri Ermənistanı daha ağır siyasi böhrana doğru sürükləyir və bu böhranın görünməyən tərəfləri hələ qabaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə