Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Hazırda gündəlikdə ona düzəliş və əlavələrin edilməsi məsələsi durur. Milli Məclisin dünənki iclasında bununla bağlı fikirlər səslənib. Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərin edilməsi barədə təkliflə çıxış edib. O, bildirib ki, Qanun zamanın tələblərinə cavab vermir və Azərbaycanda parlament seçkilərindən sonra yaranmış yeni reallıqları nəzərə alaraq, ona yenidən baxmaq vacibdir. Millət vəkili Siyavuş Novruzov da jurnalistlərə açıqlamasında bildirib ki, siyasi partiyalarla bağlı yeni qanunun hazırlanmasına ehtiyac var və yeni qanun həm də günün tələblərinə cavab verən qanun olmalıdır. O, artıq bu sahədə beynəlxalq təcrübənin öyrənildiyini və Yeni Azərbaycan Partiyasının 2001-ci ildən indiyədək bir neçə dəfə bu qanunu hazırlayaraq təqdim etdiyini vurğulayıb.
Qəbul olunması gözlənilən yeni Qanunda isə siyasi partiyaları maraqlandıran əsas məsələ partiyaların dövlətdən maliyyələşməsi məsələsidir. Xatırladaq ki, 2008-ci il noyabrın 11-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində çıxan "Azərbaycan – 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" məqaləsində də siyasi partiyaların fəaliyyətinə yenidən baxılması zəruri və vacib amillərdən biri kimi qeyd olunub. R.Mehdiyev siyasi partiyaların dövlətdən maliyyələşdirilməsi məsələsinin nəinki Azərbaycan, hətta Qərbin bir çox demokratik ölkələri üçün aktuallıq kəsb etməyə başladığını vurğulayıb. Prezident Administrasiyasının rəhbərinin fikrincə, geniş yayılmış təcrübə ondan ibarətdir ki, dövlət maliyyəsi parlamentdə təmsil olunan bütün partiyaları əhatə etməlidir: "Qardaş Türkiyə Cümhuriyyətində siyasi partiyaların Böyük Millət Məclisində təmsil olunması əsas meyar hesab edilir. Bununla belə, müxtəlif siyasi qüvvələr arasında bərabər şanslılığı təmin etmək üçün, bu meyar elektoratın mühüm hissəsini təmsil edən və seçkilərdə iştirak edən partiyalara da şamil olunur. Fransa Respublikasında dövlət yardımı sonuncu parlament seçkilərinin birinci turunda qazanılmış səslərlə mütənasiblik təşkil edir. Əsas şərt, ən azı, 50 seçki dairəsində səslərin 1 faizini qazanmış namizədləri təqdim etməkdir. Bu mərhələni keçən və parlamentdə təmsil olunan partiyalar isə deputatların sayına uyğun olaraq, dövlət yardımından bəhrələnirlər".
İki il bundan əvvəl də R.Mehdiyev məqaləsində hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanunun Azərbaycanın bugünkü reallığına cavab vermədiyini və demokratiyanın inkişafına müəyyən çətinliklər yaratdığını vurğulayıb.
Təbii ki, hər zaman olduğu kimi partiyaların maliyyələşməsi ilə müxtəlif variantlar irəli sürülür. Qeydə alınan bütün partiyaların, seçkilərdə iştirak edən partiyaların və parlamentdə mandat qazanan partiyaların maliyyələşməsi bu variantlar arasındadır. Parlamentdə mandat qazanan partiyalar üçün bütün variantlar məqbuldur. Yəni, onlar istənilən halda dövlət büdcəsindən maliyyələşmə imkanını özündə saxlayırlar. "Yalnız parlamentdə təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşsin" fikri isə təbii ki, parlamentdən kənarda qalan partiyaları razı sala bilməz. Bəs, hal-hazırda siyasi partiyalar bu barədə necə düşünür: Partiyalar hansı qaydada maliyyələşməlidir? SİA bu suala cavab tapmaq məqsədlə sorğu keçirib.
Həsən Kərimov, AXCP-nin sədr müavini
- Hesab edirəm ki, partiyaların maliyyələşməsində partiyanın ölkədəki gücü, nüfuzu nəzərə alınmalıdır. Baxmaq lazımdır ki, hansı partiyanın nə qədər üzvü var və ölkənin neçə rayonunda təşkilatı fəaliyyət göstərir, hansı inkişaf yolu keçib. Fikrimcə, ölkənin ən azı 60-70 faiz rayonunda təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Bu kriteriya isə hal-hazırda hakim Yeni Azərbaycan Partiyasından əlavə AXCP və Müsavat partiyaları cavab verir. Beynəlxaql təcrübəyə gəlincə deyə bilərəm ki, bu barədə müxtəlif təcrübə var. Bəzi ölkələrdə topladıqları səsin, bəzilərində isə parlament təmsilçiliyi əvəzində dövlət büdcəsindən maliyyənin ayrılması nəzərdə tutulub. Bəzi hallarda isə partiyaların regionlar üzrə topladıqları səslər nəzərə alınır.
Qulamhüseyn Əlibəyli, Aydınlar Partiyasının sədri
-Siyasi partiyaların maliyyələşməsi ilə bağlı dünya təcrübəsi diqqətlə öyrənilməlidir. Bununla bağlı bir neçə variant nəzərdən keçirilə bilər. Azərbaycanın siyasi inkişafına nail olmaq üçün dövlət büdcəsindən partiyalar üçün ayrılan vəsaitin müəyyən bir hissəsi, məsələn 1/3-i qeydə alınan partiyalar arasında bölüşdürülə bilər. Yerdə qalan hissəsi isə seçkilərdə iştirak edərək müəyyən qədər səs toplayan və parlamentdə mandat qazanan partiyalar arasında bölüşdürülə bilər.
İqbal Ağazadə, Ümid Partiyasının sədri
- Partiyaların 3 mərhələli maliyyələşməsinin tərəfdarıdır. Birinci mərhələdə qeydə alınan bütün siyasi partiyalar maliyyələşməlidir. İkinci mərhələdə seçkilərdə iştirak edən və müəyyən qədər səs toplayan, üçüncü mərhələdə isə parlamentdə təmsil olunan partiyalar maliyyələşməlidir. Seçkilərin demokratik keçirilməsi şübhə altına alınmayan xarici ölkələrdə parlamentdə təmsil olunan partiyaların maliyyələşməsi hamı tərəfindən qəbul edilir. Hesab edirəm ki, seçkilərin nəticələri bütün siyasi qüvvələr tərəfindən qəbul edilirsə, bu zaman ancaq parlamentdə mandat qazanan partiyaların dövlət büdcəsindən maliyyələşməsində elə bir problem yaranmır. Seçkilərin iştirakçısı olan partiyalar, həmçinin beynəlxalq təşkilatlar qeyri-standart seçki ifadəsi işlədirsə, təbii ki, bu zaman birmənalı olmayan mövqe formalaşacaq.
Söhrab Abdullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi
- Partiya olaraq siyasi partiyaların maliyyələşməsi ilə bağlı təkliflərimizi dəfələrlə səsləndirmişik. Hesab edirik ki, ilk olaraq bütün partiyalar maliyyələşməlidir. Daha bir variant isə parlamentdə yer qazanan, eyni zamanda seçkilərdə iştirak edən, amma parlamentə düşə bilməyən partiyaların maliyyələşməsi məsələsidir. Əlbəttə ki, hansı varianta üstünlük veriləcəyi müzakirələrin nəticəsində məlum olacaq. Deyərdim ki, Azərbaycanda partiyaların sayı həddindən çoxdur. Belə şəraitdə isə rəqabət mümkün olmur. Adını çəkmək istəmirəm, elə partiyalar var ki, varlığı ilə yoxluğunu fərqi hiss edilmir. Bu baxımdan da düşünürəm ki, yeni qanunun qəbulunda partiyaların üzvləri, nüfuzu nəzərə alınmalıdır. Hesab edirəm ki, parlamentdə mandat qazanan partiyaların dövlət büdcəsindən maliyyələşməsi partiyalar arasında rəqabəti artıra bilər. Parlamentə düşə bilməyən partiyalar da daha çox çalışmağa başlayacaq. Xarici mənbələrdən maliyyə yardımları alan partiyaları isə dövlət budcəsindən pul verməklə çəkindirmək olmayacaq. Xaricdən maliyyə alan bundan sonra da alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB